Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cavid Qurbanov bu faktdan xəbər tutsa...
Cavid Qurbanov bu faktdan xəbər tutsa...15-03-2017, 11:33 |
DİA.AZ: - Azərbaycan Ordusunun ötən il aprel ayında ermənilərə divan tutması, 23 ildən artıq müddətdə işğal altında saxladıqları ərazilərimizidən qovub çıxarmaları tariximizə şanlı qələbə kimi həkk oldu. Artıq işğalçı Ermənistan dövlətinə bəlli oldu ki, daha Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyəcəklər. Silahlı Qüvvələrimizin bu qəhrəmanlığından-aprel qələbəsindən sonra 1994-cü ildən işğaldan azad edilmiş, lakin bu günə qədər yaşamağın təhlükəli olduğu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə artıq qayıdışın əsası qoyuldu. Ölkə Prezidentinin sərəncamı ilə Cocuq Mərcanlıda hər cür şəraiti olan evlər, məktəb, uşaq bağçası və mədəni obyektlər tikiləcək. Hazırda tikinti işlərinə start verilib və bu kəndə yol çəkilir. Nəzərdə tutulub ki, 1994-cü ildə bu kəndi düşməndən azad edərkən böyük mərdlik göstərərək şəhid olmuş 6 kəşfiyyatçıya xatirə kompleksi də qoyulsun. Həmin şəhidlərdən-Cocuq Mərcanlının ilk şəhidlərindən biri də Rzayev Faiq Hüseynağa oğludur. İki il əvvəl Faiq Rzayev Azərbaycan Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb şəhid Faiq Rzayevin adını daşıyır. Məktəbin qarşısında isə şəhidin büstü qoyulub. DİA.AZ bildirir ki, martın 21-i Faiq Rzayevin şəhid olan günüdür. Həmin gün 150 nömrəli məktəbin şagirdləri Faiq Rzayevin məzarı önünə gedərək gül-çiçək dəstələri düzür, Faiq kimi Vətən yolunda canlarını qurban verməyə hazır olduqlarını bildirirlər. Bu il məktəblilər Cocuq Mərcanlı kəndinə gedib Faiq Rzayevin şəhid olduğu ərazini ziyarət etməyi də planlaşdırmışdılar. Ancaq, deyəsən, bütün bunlar baş tutmayacaq. Çünki Faiq Rzayevin şəhid olduğu gün ərəfəsində onun anası Ruxsarə Məmmədova 1988-ci ildən xəzinədar işlədiyi Bakı Dəmir yol vağzalında işdən azad edilməsi haqqında xəbərdarlıq alıb. Ona bir həftə vaxt verilib. Səbəbi isə şəhid anasının 60 yaşının tamam olmasıdır. Təəccüblüsü də odur ki, şəhid anasına “pensiya yaşın çatdığına görə işdən azad olunursan” –deyən Bakı Sərnişin Vağzalının rəisi 71 yaşlı İlyaz Məmmədovdur. Rəis özü fikirləşmir ki, onun 71 yaşı var, ancaq hələ də tutduğu vəzifəsində qalır. Ancaq şəhid anasını, oğlu Vətən yoolunda canını qurban vermiş ananı isə 60 yaşı tamam olduğuna görə işdən azad edir. Halbuki, Azərbaycanda bütün sahələrdə hər bir kəsin 65 yaşına qədər işləmək hüququ var. Görünür vağzal rəisi Azərbaycan qanunlarından bixəbərdir. Yəni, doğurdanmı bəzi məmurlar bu qədər laqeyd olublar ki, oğlunun şəhid olduğu gün onun anasını işdən azad edirlər? Axı, Azərbaycanda həmişə şəhidlərə böyük hörmət və ehtiram göstərilir. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəhidlərimizə, Qarabağ veteranlarına, əlillərə diqqət və qayğı göstərir. Bəs nədən bu diqqət və qayğı Bakı Sərnişin Vağzalında özünü büruzə vermədi? Əksinə, şəhid anasına qarşə daha aqressiv münasibət göstərilib. Çünki bu vaxta qədər Bakı Sərnişin Vağzalının rəhbərliyi heç vaxt şəhid anasına qayğı göstərməyib. Yəni doğurdanmı belə rəhbərləri qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması maraqlandırmır? Axı Ruxsarə Məmmədovanın oğlu bu yolda canını qurban verib. Şəhid anasına qarşı belə hörmətsizlik və laqeyd münasibət digər gənclərə necə təsir edək? Ümid edirik ki, Azərbaycan Dəmir Yol İdarəsinin rəisi, Milli Məclisin deputatı hörmətli Cavid Qurbanov həmişə olduğu kimi, bu dəfə də böyük humanistlik göstərəcək, Bakı Sərnişin Vağzalının rəhbərliyinin şəhid anasına qarşı hörmətsizliyini aradan qaldıracaq. Arif Məmmədov, hərbçi jurnalist - DİA.AZ-dan Redaksiyadan: dia-az.life olaraq ümid edirik ki, hörmətli Cavid Qurbanov cənabları bu olaya gərəkən reaksiyanı verəcək. Geri qayıt |