Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əkbər Hacıyev bunlara görə nə zaman cavab verəcək?
Əkbər Hacıyev bunlara görə nə zaman cavab verəcək?18-03-2017, 11:32 |
Xırdalanda 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın cəsədinin aşkar edilməsilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işinə başlanıb. Prokurorluqdan verilən məlumata görə, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə dəm qazından zəhərlənərək ölüblər. Bir ailədən bir məktəbli oğul qalıb Balakən rayon sakinlərindən aldığımız məlumata görə, dünyasını dəyişən balakənlilər rayonun Qazma kəndindəndirlər. Xanlayev soyadı əsasən bu kəndin sakinlərinə məxsusdur. Onlardan Nübar və Aytən Musayevalar ana-bala olub. Xanlayeva Turanə və Lamiyə isə bacı olublar. Onların nəşi srağagün gecə rayona çatdırılıb və dəfn edilib. Həyatını itirənlərin valideynləriylə, yaxınlarıyla əlaqə saxlamaq istədik. Belə məlumat aldıq ki, valideynlər həkim nəzarəti altındadır. Qohumları isə qəfil hadisədən sarsıntı keçirdikləri üçün danışmaq istəmirlər. Qazma kənd sakinlərindən bu məlumatları öyrənə bildik: “Nübar Musayeva onkoloji xəstə olub. Müayinə üçün Bakıya gəlib. Qızı Aytən Musayeva nişanlıymış, bu il toyu olacaqmış. Onun həyat yoldaşı Elçin Musayev illər öncə dünyasını dəyişib. Ailədən yalnız azyaşlı, məktəbli bir oğul qalıb. Musayevlərin Xanlayevlərlə qohumluq əlaqəsi var”. Yenə də İran sobası... Dünən hadisə ilə bağlı Abşeron rayon İcra Hakimiyyətində olduq. İcra hakimiyyətinin mətbuat əlaqələndiricisi Seymur Qasımbəyli bildirdi ki, hadisə istintaq araşdırması getdiyinə görə heç bir məlumat vermək səlahiyyəti yoxdur: “Bizdə mətbuatdan əldə etdiyimiz məlumatı bilirik. Evdə İran istehsalı olan qaz sobası olub və bu soba ekspertizaya götürülüb”. Hadisə baş verən ünvana da getdik. 5 insanın həyatına son qoyulan 2-ci mərtəbədki 4-cü mənzil də daxil olmaqla, blokda yerləşən qapıların əksəriyyətini döydük, heç kəs qapını açmadı. Qızlardan biri İran sobasının yanında yıxılıb... Həyətdə, ikinci mərtəbəyə təəssüflə baxıb xısınlaşan sakinlərə yaxınlaşdıq. Azdan-çoxdan dillərindən “sözü kəlbətinlə qopara” bildik. Məlum oldu ki, mənzili kirayəyə verən Xırdalan şəhər sakini Zümrüd Mədətovadır. Mənzildə İqtisadiyyat və Humanitar kollecin 2 tələbəsi – Mələk Abbasova və Turanə Xanlayeva kirayə qalırmış. Digərləri qonaq gəliblərmiş. Tələbə qızlar bir neçə dəfə ehtiyatsızlıq edib, suyu açıq qoyub, bloka və alt qatda yaşayan qonşuların mənzilinə su dolub. Ev sahibi bununla bağlı qonşulara bir neçə dəfə üzürxahlıq da eləyib. Amma digər kommunal qurğularla bağlı onların dilindən şikayət eşidilməyib. Hadisə baş verməzdən bir gün öncə ilaxır çərşənbəylə əlaqədar onlar qonaqları ilə birgə şən, bayram ovqatında olublar: “Çoxları həyətdə tonqal ətrafındaydı. Axşam saat 10 olardı, onları da həyətdə gördüm. Çox sakit, mehriban qızlarıydı” – deyən sakinlərdən birinin sözlərinə görə, evə baxış keçirilərkən dünyasını dəyişənlərdən birini qaz sobasının yanında, yıxılı vəziyyətə tapıblar: “Görünür, sobanı söndürməyə gəlib, taqəti olmayıb, yıxılıb. Bu mavi yanacaq əzrayıldırmı, nə qədər can alacaq?!” Ev sahibi başına o qədər döydü ki... Sakinlərdən biri soruşdu ki, ev sahibiylə kirayənişin arasında müqavilə bağlanmadığı üçün Z.Mədətovanın “başı ağrıyacaqmı”: “Ev sahibi dünən gəldi bura. Qızlarını meyitini gördükcə başına o qədər döydü ki, özündən getdi. Deyirdi ki, kaş onlar bloka su axıdanda evdən çıxaraydım, bu hadisə də qızların başına gəlməyəydi. Qəzavü-qədərdi, nə eləmək olar?! Amma burda bir söhbət də gəzdi ki, onlar yeməkdən zəhərlənib. Düzünü bilən Allahdı. Eşitmişəm ki, tələbə qızlardan birinin atası sistem işçisidi, biri də Rusiyada olur, eşidib gəlir. Ölən qadın da tələbələrdən birinin xalasıymış”. Doğruları öyrənmək üçün gərək mediaya doğru məlumat verən olsun. Heç kəs danışmaq istəmir, amma mətbuat əhli dürüst yazmamaqda qınanır. 47 yaşlı istilik sistemi olamayan bina... 26-cı məhəlləyə nəzarət edən 7 saylı Mənzil İstismar Sahəsində də olduq. Əlini-əlinin üstündə qoyub oturan 3 xanım işçi suallarımıza cavab verməyə ehtiyat elədi. “JEK”-in mühəndisi mənzilə baxış keçirib, İran sobası aşkarlayıbmı? “Hə”, “Yox”, “Bilmirəm” cavabını aldıq. Binanın yaşı nə qədərdir? Xanımlar dedilər ki, həmin bina 1970-ci ildə istifadəyə verilib və 1992-ci ildən orada istilik sistemi yoxdur və Xırdalanda istilik sisteminə qoşulmayan mənzillər çoxdur. İstiliyi olmayan mənzillərin “Azəristiliktəchizat”ın mərkəzi istilik sisteminə qoşulması üçün “JEK” və sakinlər tərəfindən bir təşəbbüs göstəriliməyibmi? Xanımların üçü də bir səslə dedi ki, bu haqda danışmağa səlahiyyətləri yoxdur. Görəsən, seçkilərdən-seçkilərə aktivləşən bu “JEK”lərin hansı səlahiyyəti qalıb? İşçiləri bekarçılıqdan yorulur... Sudan quru çıxan səlahiyyətlilər O ki qaldı, Xırdalan sakini demişkən, “mavi ölüm mələyi”nə, “Azəriqaz”dan bildirlib ki, qazın tərkibiylə bağlı məsələ SOCAR-ın nəzarətindədir. Bütün səlahiyyətli qurumlar kimi “Azəriqaz”ın da yekun sözü belədir: “Araşdırmalar yekunlaşandan sonra onların ölüm səbəbi bilinəcək”. Şübhəsiz bilinəcək, amma araşdırmanın nəticələri necə ictimailəşəcək? Kimlər məsuliyyətə cəlb olunacaq? Yenə də səlahiyyət sahibləri sudan quru çıxıb, səbəbkar olmayacaqlarmı? Geri qayıt |