Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Mahmudova arxalanan məmurların daha bir qurbanı
Eldar Mahmudova arxalanan məmurların daha bir qurbanı4-04-2017, 11:41 |
“Artıq bezmişəm, haqsızlıqlara, ədalətsizliklərə dözə bilmirəm” - hazırda həbsdə olan, Dövlət İqtisad Universitetini bitirmiş Neman Bayram oğlu Eminov redaksiyamıza göndərdiyi məktubunda belə yazır Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edildiyini yazan N.Eminov məktubunda iddia edir ki, ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudova arxalanan məmurların sifarişinin qurbanıdır. N.Eminov özü haqda yazır ki, 1985-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub: “Qəsəbədəki 2 nömrəli tam orta məktəbi “əla” qiymətlərlə bitirib, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. Ali təhsilimi başa vurduqdan sonra MN-nin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətimi yerinə yetirdim. Hələ orta məktəb illərində müəllim peşəsini sevdiyim üçün Gəncə Müəllimlər İnstitutunda riyaziyyat-informatika ixtisasına yiyələndim. Cəlilabad və Qazax rayonlarının orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul oldum. Sonra yaşadığım Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirdim. Pedaqoji fəaliyyətimlə paralel, Goranboy rayon Təhsil Şöbəsində kiçik referent dövlət qulluğu vəzifəsinə təyin olundum. Bu vaxt şahidi oldum ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynov oğlu Ramin Hseynovun ləğv olunmuş MTN-də işləməsindən sui-istifadə edərək RTŞ-nin kadr üzrə məsləhətçisi Əbülfət Məmmədov, metodist Etibar Abdullayev, Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Əliyeva, Nizami kənd tam orta məktəbinin direktoru Mahnur Tağıyeva və Ağamalıoğlu kənd tam orta məktəbinin direktoru Zöhrə Əliyeva ilə əlbir olaraq Goranboy təhsilini “bazara” çeviriblər. Saxta yolla müəllimləri Gəncə Müəllimlər İnstitutundakı ixtisasartırma kursuna göndərirdilər. Müəllimlərin adı kursda olsa da, özləri məktəbdə dərslərini keçirdilər. Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Əliyeva 2012-ci ilin noyabr ayında məndən də 1000 manat aldı və sonra aldadıldığımı öyrəndim. Sonra pulumu tələb edəndə geri qaytarmadı. Bu məsələlərlə, xüsusilə, mənimlə bağlı məktəbin “Əmr” kitabı yoxlanılsa, kifayət qədər saxtakarlıqlar aşkar olar. RTŞ-nin kadr üzrə məsləhətçisi Əbülfət Məmmədov Gəncə Müəllimlər İnstitutunun əməkdaşı Xasay Novruzovla əlbir olaraq məni aldatdılar. Eyni zamanda, Xasay Novruzov Tovuz rayonunda fəaliyyət göstərən kollecin Yaşar adlı müəllimi, Gəncə Müəllimlər İnstitutunun Ələddin adlı müəllmi, keçmiş TQDK-nin əməkdaşı Elnur Nağızadə və Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovla işbirliyi quraraq müəllimlərdən, eləcə də məndən müxtəlif adlarla pul alaraq aldatmışdılar. Belə olan halda, mən 29 oktyabr 2013-cü il tarixində aidiyyəti dövlət qurumlarına şikayət ərizəsi göndərərək, toxunduğum faktların araşdırılmasını xahiş etdim. Şikayətim araşdırılmaq əvəzinə, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun “sifarişi ilə” üstümə şər atılaraq, həbs edildim. İbtidai istintaq araşdırılmasında, məhkəmədə mənə qarşı prokurorluq əməkdaşı, Goranboy Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, Goranboy Rayon Məhkəməsinin hakimi haqsızlıq, ədalətsizlik etdilər, məni aldadan, mənə “saxta sənəd, arayış” verən bir qrup vəzifəli şəxslərin verdikləri rüşvətə görə mənim 5 il müddətinə azadlıqdan mərhum edilməyimə nail oldular. Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun sifarişi ilə həbs edildim. Onun oğlu Ramin Hüseynov ləğv edilmiş MTN-in əməkdaşı, Eldar Mahmudovun kadrı idi. İlham Hüseynov Eldar Mahmudova arxalanıb mənə hədə-qorxu gəlirdi, istəyinə nail oldu, günahsız olsam da, həbs etdirdi”. N.Eminov məktubunda cəzaçəkmə müəssisəsində başına gətirilən müsibətlər və qanunsuzluqlardan da yazır: “Cəza çəkdiyim Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini ədliyyə polkovnik-leytenantı Natiq Hacıyev mənim hüquqlarımı pozur, mənə mənəvi işgəncələr verərək, süründürməçiliyə yol verir. Belə ki, mənim hər hansı bir təşkilata, quruma şikayət ərizəsi göndərmək, müraciət etmək hüququm var. Lakin çox təəssüflər olsun ki, Natiq Hacıyev mənim bu hüquqlarımı pozmaq istəyir. Cəza çəkdiyim müəssisənin məhkumlarına ərizə yazmaqda bəzən köməklik göstərirəm, müəyyən məsələlərdə istiqamət verirəm. N.Hacıyev buna görə də mənə hədə-qorxu gəlir, problemlər yaradır. Qeyd edim ki, cəzamın 3-də bir hissəsini, demək olar ki, yarıdan çoxunu çəkmişəm. Cəzaların icra məcəlləsinə, qanunvericiliyə əsasən, məhkəmənin qərarı ilə rejimimi dəyişdirərək, qalan cəzamı çəkmək üçün məntəqə tipli müəssisəyə köçürülə, komendaturaya göndərilə bilərəm. Bunun üçün isə məhkəməyə barəmdə cəza çəkdiyim müəssisənin verdiyi müsbət xasiyyətnamə olmalıdır. Ancaq bu da mənim üçün problemə çevirilib. Rəis müavini Natiq Hacıyev mənimlə qərəz apardığına görə barəmdə müsbət xasiyyətnamə vermir. Qeyd etdiyim kimi, cəzamın yarıdan çoxunu çəkdiyim səbəbdən ötən il Qaradağ rayon Məhkəməsinə cəzamın qalan hissəsini məntəqə tipli müəssisəyə göndərilməyim haqqında qərar qəbul edilməsi xahişi ilə müraciət etdim. Qaradağ rayon Məhkəməsi xahişini təmin etmədiyi üçün həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apelleyasiya şikayəti verdim. Lakin Bakı Apellyasiya Məhkəməsi Qaradağ rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Hakimlər, ittihamçı prokurorlar mənə köməklik göstərmədilər. Çünki pulum, məni onlara tapşıracaq arxam yoxdur. Sonra həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verdim. Mənə bildiriş gələndə ki, məhkəmə prosesi 28 mart 2017-ci il tarixindədir və hakim Gülzar Rzayevadir, o an çox sevindim və ümidləndim. İnanmaq istədim ki, təcrübəli hakim olan Gülzar Rzayeva ədalətli qərar qəbul edəcək. Odur ki, böyük inam hissi ilə xanım Gülzar Rzayevaya yazılı müraciət yazıb göndərdim. Həmin müraciətdə hakimdən ümummilli lider Heydər Əliyevin ruhuna hörmət və etirama xatir barəmdə qanunauyğun qərar qəbul etməsini xahiş etdim. Ancaq hakim Gülzar Rzayeva 28 mart 2017-ci il tarixində keçirilən məhkəmə prosesində cəzamın 3-də iki hissəsini çəkməyimə baxmayaraq, cəzamı yüngülləşdirməkdən, yəni məni məntəqə tipli müəssisəyə göndərməkdən imtina etdi. Bu günə kimi mənə qarşı edilən haqsızlıqlar, ədalətsizliklər barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, təəssüf ki, heç bir müsbət nəticəsi olmayıb. Artıq bezmişəm, haqsızlıqlara, ədalətsizliklərə dözə bilmirəm. Ona görə də qəzetiniz vasitəsilə Baş Prokuror cənab Zakir Qaralovdan, daxili işlər naziri cənab Ramil Usubovdan və ədliyyə naziri cənab Fikrət Məmmədovdan xahiş edirəm ki, mənə qarşı yönələn haqsızlıqlara son qoyulmasına, hüquqlarımın pozulmasının qarşısının alınmasına kömək etsinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm”. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Eminov Neyman Bayram oğlu dünən redaksiyamızla telefon əlaqəsi saxlayaraq şikayətini təsdiqlədi, üzləşdiyi problemi ölkə içtimaiyyətinə və aidiyyəti qurumlara çatdırılmasını xahiş etdi. \\tezadlar.az\\ Geri qayıt |