Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Azərsənayeinşaat” zəbt elədiyi ərazini boşaltmaq istəmir;

“Azərsənayeinşaat” zəbt elədiyi ərazini boşaltmaq istəmir;


25-04-2017, 11:16
“Azərsənayeinşaat” zəbt elədiyi ərazini boşaltmaq istəmir;
Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi 71-ci bina sakinlərinin problemləriylə əlaqədar hələ yanvar ayında yazı dərc etmişdik. 8-ci mikrorayon sakinlərinin bir problemi də məktəb yaşlı uşaqların məktəb yolunun zəbt olunması, uşaqıarın məktəbə gediş-gəliş yolunun kəsilməsilə bağlıdır.

Belə ki, İbrahimpaşa Dadaşov küçəsilə Naxçıvani küçəsinin kəsişməsində Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin (NRYTN) balansında 61, 62, 63 nömrələri üzrə Avtomatik Telefon Stansiyasının ərazisi yerləşir. Hansı ki, həmin ərazidən müəyyən sahə zəbt olunub. Zəbt olunan ərazidən isə 3 məktəbə – 3, 102, 276 saylı məktəbə yol gedir. Ərazi zəbt olunduğuna görə, şagirdlərin yolu uzanır və qışda palçıqdan, yayda toz-torpaqdan onlarda narahatçılıq yaradır. Sakinlər bu sahəni zəbt edənlərin kimliyilə maraqlanıb, onlara bildirlib ki, müvəqqəti məskunlaşanlar yaxın bir ay ərzində ərazini tərk edəcəklər, amma hər dəfə belə vəd verilsə də, ərazi boşaldılmır: “10 ilə yaxındır ki, bu sahə tutulub. Tikinti işilə məşğuldurlar, amma bizə heç bir məlumat vermirlər. Soruşanda da deyirlər ki, yaxınlarda köçəcəklər”.

Məsələ ilə əlaqədar biz də həmin yerə getmişdik. Sakinlər deyən ərazi hasara alındığının şahidi olmuşduq. Özünü Zahir Rüstəmov ad-soyadılə təqdim eləyən şəxs bizə demişdi ki, “Azərsənayeinşaat” MMC-nin əməkdaşıdır və bu yerin hasarlanması Binəqədi rayon İcra Hakimiyyətinin icazəsilə edilib. Halbuki ərazi NRYTN-nin balansındadır və Binəqədi İH-in başqa dövlət qurumuna məxsus yeri icarəyə vermək hüququ yoxdur. Z.Rüstəmov yaxın 1 ay ərzində ərazidən Xıradalan şəhərinə köçəcəklərini demişdi.

Sakinlər “Hürriyyət” qəzetinə yenidən müraciət edərək bildirdilər ki, o vaxtdan indiyədək zəbt olunmuş ərazi boşaldılmayıb. Onlar həm “Azərsənayeinşaat” MMC-yə, həm NRYTN-yə müraciət ediblər, amma faydası olmayıb. Ölkə başçısına teleqram vurduqdan sonra onlara Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri Azər Məmmədovdan məktub göndərilib. Məktubun əsli isə “Azərsənayeinşaat” MMC rəhbərliyinə ünvanlanıb ki, ərazidə abadlıq işləri aparıldığına görə, qurum ərazini təcili olaraq boşaltsın. Məktub 27 mart 2017-ci ildə sakinlərə ünvanlanansa da “Azərsənayeinşaat” MMC hələ də “tərpənməzdir”: “Həmin hasarlanmış ərazidə neçə illik şam ağacları da var, baxımsız vəziyyətdə qalıb. Mühfizçəilər orada böyük it də saxlayırlar. İçəri keçmək mümkün deyil.

Hazırda 8-ci mikrorayon ərazisində abadlıq işləri aparılır. Çünki İslam oyunları həm də Tennis Akademiyasında keçiriləcək. O üzdən asfalt çəkilir, təmizlik işləri aparılır. Amma nə işdisə, “Azərsənayeinşaat”a “gözün üstdə qaşın var” belə, deyən yoxdur”.

Məsələ ilə əlaqədar Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı Səməd Orucovla əlaqə saxladıq. Çünki sakinlərin “Hürriyyət”ə verdiyi məlumata görə, bu məsələyə nəzarət Səməd Orucova həvalə olunub.

S.Orucov dedi ki, Naxçıvani küçəsilə İbrahim Dadaşov küçəsinin kəsişməsində hazırda təmizləmə işləri aparılır. MKTB rəsmisi hətta Bakı şəhər meri sayaq vəd də verdi: “Əmin ola bilərsiniz ki, oradan həmin təşkilat köçürüləcək. Bu problem tikinti təşkilatına aid olan məsələdir. “Azərsənayeinşaat” rəhbərliyinə müraciət olunub. Əlbəttə o bina sakinləri də şikayətlərində haqlıdırlar, çalışacağıq onları narahat edən məsələ aradan qaldırılsın. Ərazi boşaldılandan sonra orada abadlıq işləri aparılacaq, hətta yeni ağaclar da əkiləcək”.

Geri qayıt