Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vahid Əliyevin nazirlikdəki kadrları yola salınır

Vahid Əliyevin nazirlikdəki kadrları yola salınır


2-06-2017, 12:00
Vahid Əliyevin nazirlikdəki kadrları yola salınır
Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin vəzifəsindən uzaqlaşdırılması ona yaxın kadrların "çamadan ab-havası”na düşməsinə səbəb olub.

BakuPost.az-a verilən məlumata görə, V.Əliyevə yaxın olduğu iddia edilən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının rəisi, polkovnik-leytenant Füzuli Abbasovun postundan gedəcəyi gözlənilir.

V.Əliyevin istefaya göndərilməsindən dərhal sonra F.Abbasovun yaxın çevrəsi ilə görüş keçirdiyi və vəziyyətin mürəkkəb olduğunu söylədiyi xəbər verilir.

Nəşriyyatın V.Əliyevə yaxınlığı ilə seçilən başqa vəzifəlilərinə də qeyri-rəsmi şəkildə xəbərdarlıq olunub ki, istefaya getməyə hazır olsunlar.

Məlumata görə, Füzuli Abbasov vaxtilə hərbi məktəbdə Vahid Əliyevlə birgə oxuyub və onların yaxın münasibətləri var.

İddialara görə, Müdafiə Nazirliyindəki strateji vəzifələrə öz adamlarını yerləşdirmək məsələsində Vahid Əliyev birinci yeri tutub. Bu haqda bir müddət əvvəl mətbuatda məlumatlar var idi.

Məsələn, 2013-cü ildə Müdafiə Nazirliyinin bütün alqı-satqı, ərzaq və təminat idarələri birləşdirilərək bir əldə cəmləşdirilmişdi.

Bununla da ərzaq xidməti, əşya xidməti, tender komissiyası və başqa bu vəsaitlərin xərcləndiyi strateji qurumlar ləğv edilərək əvəzində Təchizat İdarəsi yaradılmışdı.

V.Əliyevin əmisi oğlu İlham Əliyev isə mülki işdən çağırılaraq, mayor rütbəsinə yüksədilib və bu idarədə rəis müavini vəzifəsinə gətirilmişdi.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrin komandanı general-mayor Ramiz Tahirov da bu vəzifəyə təyin edilməmişdən əvvəl Vahid Əliyevin müavini olub.

Həmçinin, Kəşfiyyat İdarəsinin rəisi polkovnik İlqar Mazanov Vahid Əliyevin yerlisidir. Onun da bu vəzifəyə təyin olunmasında V.Əliyevin rolunun olduğu bildirilir. O, vəzifəyə gətirilməmişdən əvvəl "Xalq Bank”ın Mühafizə Xidmətinin rəisi işləyib.

Bu ilin martın 6-da vəzifəsindən azad edilən Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini Hikmət Xalıqovun da Vahid Əliyevin dostu olduğu söylənir.

Silahlı Qüvvələrin İnspeksiyasının rəisi polkovnik Fəxrəddin Cəbrayılovun da Vahid Əliyevin kadrı olduğu deyilir.

Geri qayıt