Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Avtobuslarda vahid kart sisteminə keçid: Kimlər əngəlləyir?

Avtobuslarda vahid kart sisteminə keçid: Kimlər əngəlləyir?


2-06-2017, 12:17
Avtobuslarda vahid kart sisteminə keçid: Kimlər əngəlləyir?
Paytaxtda sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində ödənişin kartla aparılacağı ilə bağlı verilən vədlər hələ də tam reallaşmayıb. Bu prosesin Bakı Avropa Oyunlarından öncə bitəcəyi bildirilsə də, nəinki həmin vaxt, hətta bundan keçən bir neçə il ərzində də məsələni yekunlaşdırmaq mümkün olmayıb. Maraqlıdır, avtobuslarda kart sisteminə keçid nə zaman yekunlaşacaq və gediş haqlarının nağd ödənişinin yığışdırılması mümkün olacaqmı?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev avtobusların vahid kart sisteminə keçidi ilə bağlı ciddi maneələrin olduğunu, bunun isə yaxın gələcək üçün aradan qaldırılacağını bildirib:

“Hazırda 17 müntəzəm, 1 ekspress xətti üzrə, 450-dən artıq avtobus vahid kart sistemi üzrə fəaliyyət göstərir. Artıq sabahdan da 135 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobus vahid kart sisteminə keçəcək.135 nömrəli xətt üzrə hərəkət edən avtobusun kart sisteminə keçidində bəzi problemlər vardı.Metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən dayanacaqda avtobusun dayanması mümkünsüz hala gəlmişdi.Taksilər və digər minik avtomobilləri dayanacaqda saxladığı üçün avtobusa problemlər yaranırdı.

Biz taksilər üçün xüsusi meydança da müəyyənləşdirdik və avtobusun vahid kart sisteminə keçidini təmin etdik.Qeyd edim ki, həmin avtobusun hərəkət trayektoriyasının bir hsissəsi də Xırdalan şəhəri ərazisindən keçir. O istiqamətdə dayanacaqlara kartlara gediş haqqı yükləmək üçün ödəmə terminalları və yeni kart əldə etmək üçün xüsusi avadanlıqlar yerləşdirildi, həmçinin avtobuslara ödəmə texnikası quraşdırıldı.

O ki, qaldı ümumi vahid kart sisteminə keçidə, bu məsələ ilə bağlı gərək bütün avtobuslar texniki baxışdan keçirilsin. Saz vəziyyətdə olan avtobuslarda ödəniş vahid kart sisteminə keçirilsin.Yəni, köhnə avtobusları kart sisteminə keçirmək məqsədəuyğun sayılmır.Bu da birbaşa olaraq sahibkarların imkanlarından asılıdır.Amma hər şeyi sahibkarların öhdəsinə buraxmaq da doğru deyil.Yəni, onların imkanları yoxdur avtobuslarını yeniləməyə deyə biz vahid kart sisteminə keçidi gözlədə bilmərik.Ona görə də biz də öz üzərimizə düşən bütün öhdəlikləri yerinə yetiririk və biz bununla bağlı xüsusi proqramla çıxış etmişik.Bu proqram çərçivəsində 2018-ci ilin əvvəllərinə qədər vahid kart sisteminə keçid yekunlaşmalıdır”.

Mais Ağayev kart sisteminə keçidin nəqliyyat sistemində olan mövcud problemlərin həllinə də nail olacağını bildirib:

“Vahid kart sisteminə keçid bir çox problemlərin həllinə səbəb olacaq. Doğrusu kart sisteminə keçid dayanacaqdan kənarda avtobusa minənlərin ürəyincə olmasa da nəqliyyat sisteminin səhmana düşməsinə mühüm təkan verəcək.Bu sistemin tam tətbiqi sürücülərin sərnişinləri 20 qəpik yox, sərnişin gözündə görə bilməsini təmin edəcək.Həmçinin kart sisteminə keçid bizə real və dəqiq rəqəmlər verəcək sərnişin sayı ilə bağlı.Biz artıq konkret rəqəmlər əldə etdikdən sonra hərəkətin intensivliyini, sərnişin çoxluğunu qeydə alaraq müvafiq addımlar ata biləcəyik, nəqliyyat vasitələrinin sayının sərnişin sayına adekvat olmasını təmin edə biləcəyik.

Həmçinin bizə ünvanlanan şikayətləri, təklifləri də biz nəzərə alaraq daim işləyirik ki, sərnişinlərin rahatlığını təmin edə bilək, onların hərəkətini təmin etmək üçün bütün imkanlarımızı səfərbər edək. O ki, qaldı zərurət yarandığı yerlərdə dayanacaq povilionlarının quraşdırılmasına bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə təhvil-təslim prosesi gedir. Biz İcra hakimiyyətindən sırf bu səlahiyyətləri təhvil aldıqdan sonra hərəkətin intensiv olduğu yerlərdə ciddi araşdırmalar aparacaq və gərək olan yerlərə dayanacaq povilionları quraşdıracağıq”.

Geri qayıt