Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazirlər Kabinetində ciddi ixtisarlar gözlənilir

Nazirlər Kabinetində ciddi ixtisarlar gözlənilir


7-06-2017, 12:51
Nazirlər Kabinetində ciddi ixtisarlar gözlənilir
2016-cı ilin sentyabrında keçirilən referendumun nəticələrinə uyğun olaraq dövlət strukturlarında islahatlara artıq start verilib və bu proses getməkdədir. Birinci vitse-prezident postuna təyinat və birinci vitse-prezidentin aparatının formalaşdırılması, buna uyğun olaraq Prezident Administrasiyasında ciddi struktur dəyişiklikləri getdi. Prezident Administrasiyasına həyata keçirilən dəyişikliklərə uyğun olaraq müşavirlik institutu ləğv edilərək, köməkçi institut yaradıldı. Köməkçi institutunun yaradılması ilə Administrasiya rəhbərinin müavinləri vəzifəsi ləğv olunaraq, prezidentin köməkçiləri təyin olundular. Administrasiyada həyata keçirilən struktur dəyişikliyi nəticəsində bir sıra şöbələr ləğv olunaraq birləşdirildi. Eyni zamanda, bir neçə yeni şöbələr yaradıldı.
Növbəti mərhələdə isə digər vitse-prezidentlərin təyinatı olacaq. Gununsesi.info hələ bir neçə gün öncə bu barədə bildirib ki, yaxın günlərdə daha iki vitse-prezident təyinatı olacaq. Təyinat alacaq vitse-prezidentlər daha çox iqtisadi sektora aid olacaq. Vitse-prezidentlərdən biri tikinti, nəqliyyat, rabitə, İKT, digəri isə iqtisadiyyatın digər sahələrini kurasiya edəcək. Güc strukturları isə yenə də əvvəlki qaydada birbaşa prezidentin səlahiyyətində olacaq.
Vitse-prezident institutunun tam formalaşdırılması ilə paralel olaraq Nazirlər Kabinetində də ciddi islahatlar həyata keçiriləcəyi və Nazirlər Kabinetinin aparatının demək olar ki, yarıba-yarı azaldılacağı nəzərdə tutulur. Gununsesi.info-ya verilən məlumata görə, hal-hazırda bu istiqamətdə işlər gedir və demək olar ki, proses yekunlaşmaq üzrədir. Prezident Administrasiyasından fərqli olaraq Nazirlər Kabinetində daha ciddi ixtisarların həyata keçirilməsi nəticəsində, maksimum yığcamlaşdırılması nəzərdə tutulur. Çünki Nazirlər Kabinetində bu cür ciddi ixtisarlara getmədən ali icra strukturunda aparılan struktur islahatlarının aparılmasını əhəmiyyətsiz edir. Ona görə də Nazirlər Kabinetində nəzərdə tutulan bir neçə variant üzrə islahatların aparılması üzərində iş gedir. Burada baş nazir müavinləri saxlanılmaqla, onların sayının minimuma endirilməsini və yaxud köməkçi institutu da formalaşdırılacağı təqdirdə onların da sayının minimum olması nəzərdə tutulur. Bu gün baş nazirin 6 müavini var, islahtlar nəticəsində isə onların 3-ə endirilməsi gözlənilir. Bununla yanaşı, şöbələrin də minimuma endirilməsi isitqamətində iş gedir. Əks təqdirdə aparatın yığcamlaşdırılması qeyri-mümkündür. Hələlik bu məsələ açıqdır. Nazirlər Kabinetində bu cür ciddi ixtisar aparmadan yığcam, qənaətcil, çevik optimal idarəetmə aparatını formalaşdırmaq mümkün deyil.
Nazirlər Kabinetində həyata keçirilən islahatlarla paralel və onun ardınca digər oxşar və fəaliyyətində paralellik təşkil edən strukturların birləşdirilməsi və ixtisarı prosesi gedəcək. Hətta bəzi nazirliklərin, dövlət komitələri, xidmətləri, agentliklərinin ləğvi, birləşməsi və bunun əsasında yeni strukturların yaradılması nəzərdə tutulur. Həyata keçirilən islahatların isə ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Çünki növbəti il prezident seçkiləri ilidir. Odur ki, hakimiyyət növbəti ilə yeni struktur və komanda ilə fəaliyyətə başlamaq niyyətini qarşıya hədəf kimi qoyub.
Gununsesi.info

Geri qayıt