Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Qanunsuz şəkildə işdən çıxarılmağımız barədə..."

"Qanunsuz şəkildə işdən çıxarılmağımız barədə..."


3-07-2017, 12:49
"Qanunsuz şəkildə işdən çıxarılmağımız barədə..."
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsinin Yanacaq Xidmətinin işdən qeyri-qanuni çıxarılmış əməkdaşı Aygün Həsənağa qızı Vəlixanova Gununsesi.info-nun redaksiyasına müraciət edərək qarşılaşdığı haqsızlıqlardan danışıb.
Onun sözlərinə görə, nazirliyin əməkdaşlarının ixtisas sahəsi üzrə illik bilgilərinin yoxlanılması üzrə komissiyanın təşkil etdiyi müsahibəni müvəffəqiyyətlə keçməsinə baxmayaraq, Arxa Cəbhə İdarəsinin rəisi polkovnik İlqar Həsənovun qeyri-qanuni raportuna əsasən işdən azad edilib. Buna görə də ona qarşı edilən haqsızlıqların aradan qaldırılması və ədalətin bərqərar olunması üçün Səbail Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Lakin dəfələrlə məhkəmənin sorğu göndərməsinə baxmayaraq, bu günədək də komissiyadan müvəffəqiyyətlə keçdiyini təsdiqləyən sənədi həmin şəxslər təqdim etmək üçün cavab vermirlər. Odur ki, A.Vəlixanova yeganə çarəni ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə maraciət etməkdə görüb.
Gununsesi.info həmin müraciəti olduğu kimi təqdim edir:
“Hörmətli Prezident!
Mənim və iş yoldaşım Çingiz Məmmədovun qanunsuz şəkildə işdən çıxarılmağımız barədə Sizə – Azərbaycan Respublikasının Prezidentinə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və müdafiə naziri Zakir Həsənova dəfələrlə müraciət etmişəm.
Nəzərinizə çatdırım ki, mən valideynlərimi vaxtsız itirmişəm, buna baxmayaraq Gəncə tibb məktəbində, daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb, bakalvr və magistr dərəcəsini fərqlənmə ilə bitirmişəm.
2005-ci ildən Müdafiə Nazirliyinin Avtomobil Xidməti Bazasında, Hərbi Daşımalar şöbəsində mühasib vəzifəsində işləmişəm. 06.05.2016-cı ildən Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Yanacaq Xidmətində mühasib vəzifəsində çalışırdım. 25.02.2017-ci ildən MTT Bİ rəisinin əmrinə əsasən dövlət qulluğuna təsdiqlənməyim üçün təşkil olunan komissiyadan məqbul rəylə keçmişəm. Buna baxmayaraq, 26.12.2016-cı il tarixindən Yanacaq Xidmətində rəis vəzifəsinə işə başlayan polkovnik-leytenant Aslan Hüseynov və Arxa Cəbhə İdarəsinin rəisi polkovnik İlqar Həsənovun heç bir yoxlama aparmadan, sınaq müddətinə keçə bilməməyim barədə tərtib etdikləri saxta sənədlə 15.03.2017-ci il tarixində işdən çıxarılmışam. Qeyd edim ki, MTT Bİ-də elmi dərəcəsi olan yeganə işçi mən idim, işlədiyim müddət ərzində isə heç vaxt töhmət almamışam.
Komissiyadan məqbul aldığım sənəd varkən, komissiyanın müsahibəsindən keçə bilməməyim barədə İ.Həsənov saxta sənəd yazaraq məni, barəmdə yazdıqları saxta aktı imzalamadığına görə isə Azərbaycan ordusunda 60 faiz yanacaqçı çatmadığına rəğmən, ali təhsilli yanacaq mühəndisi Məmmədov Çingizi də işdən çıxarıblar.
Qeyd edim ki, Yanacaq Xidmətində rəis vəzifəsinə işə başlayan polkovnik-leytenant Aslan Hüseynovun barəsində hərbi hissədən yanacaq oğurlayıb satdığına görə ilk “xidmət” illərindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 172206008 nömrəli cinayət işi açılıb. Sonra onu yuxarı vəzifəyə – hərbi hissənin komandiri vəzifəsinə keçiriblər.
Məlumata görə, o, komandir işlədiyi müddətdə yenə yanacaq oğurlayıb satarkən “osobistlər” tərəfindən yaxalanıb. Lakin haqqında açılan cinayət işlərinə baxmayaraq, onu bu dəfə də daha yuxarı vəzifəyə ̶ Müdafiə Nazirliyi üzrə Yanacaq Xidmətinin rəisi vəzifəsinə təyin ediblər. A.Hüseynov xidmət rəisi olarkən 10 nəfərə qədər tanışını, işə gəlməmək şərti ilə tabeçiliyində olduğu hərbi hissələrin birində işə qəbul etməsi, onların maaşlarını isə özünün almağı barədə məlumatları hər kəs bilir.
İşdən qanunsuz şəkildə çıxarılmağımla əlaqədar Səbail Rayon Məhkəməsinə şikayət etmişəm. Lakin məhkəmənin tələbinə baxmayaraq, 10.05.2017-ci ildən etibarən 2 aya yaxındır ki, komissiyadan keçməyim barədə yazdıqları sənədi Müdafiə Nazirliyindən vermirlər. Sənədin verilməməsi səbəbindən məhkəmənin müddəti də artırılıb. Sənədin verilməsi üçün hakim tərəfindən dəfələrlə müraciət olunub və vəkilim tərəfindən məktub göndərilib. Hətta bu məqsədlə özüm dəfələrlə zəng etmişəm, MTT Bİ rəisinə və müdafiə nazirinə teleqram vurmuşam. Bütün bunlara baxmayaraq, sənədimi vermirlər ki, vemirlər. Sənədi təqdim etməmələrinin səbəbi isə onların haqqımda qərəzli qərar çıxarılmasının ortaya qoyulmasıdır. Bu səbəbdən də onun yanına gedib, A.Hüseynovdan məni hansı səbəblə işdən çıxardığını soruşduqda, o istehzayla bildirdi ki, “Xidmətdə mühasib nəyə lazımdır, bilmirəm, çay gətirməyə isə bir nəfər bəsdir”.
A.Hüseynovun təfəkkürünə görə, mühasibin vəzifəsi ona çay verməklə xidmət göstərməkdir. Bunun üçün isə çay verən birinin olması yetərlidir. İndi baxın ki, bu adam hansı məntiqlə dövlət malını talamaqda ona dəstək verməyən mühasibi işdən çıxarıb.
Cənab Prezident, Sizdən xahiş edirəm ki, Müdafiə Nazirliyindən mənim MTT Bİ rəisi general-mayor Fuad Məmmədovun əmrinə əsasən komissiyyadan müəfvəffəqiyyətlə keçməyim barədə nəticəni göstərən və təsdiqləyən sənədi almağıma kömək edəsiniz.
Yeganə ümidim sizsiniz, Cənab Ali Baş Komandan. İnanıram ki, orduda və digər sahələrdə baş verən haqsızlıqların qarşısını aldığınız kimi, bu məsələdə də haqqın öz yerini tutması üçün göstəriş verəcəksiniz”.
Qeyd edək ki, sözügedən mövzu ilə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı ilə əlaqə saxladıq. O, məsələ ilə əlaqədar araşdırma aparıb tezliklə redaksiyamıza məlumat verəcəyini bildirib.
Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt