Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Hər dəfə qəbula gəlirik..."

"Hər dəfə qəbula gəlirik..."


17-07-2017, 14:53
"Hər dəfə qəbula gəlirik..."
“İşğaldan əvvəl dövlət qurumlarında çalışanlara ödənilən vəsaitin müddəti uzadılmayıb. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb”.
Bu haqda Gununsesi.info-ya bundan narazı olan, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə şikayətə gələn məcburi köçkünlər bildiriblər.
Onlar qeyd ediblər ki, hətta Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirsələr də, şikayətlərinə baxan olmayıb.
Şikayətə gələn etirazçılar bildiriblər ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olduqları üçün onlara orta aylıq (dondurulmuş) əməkhaqqı verilib. “Amma indi həmin ödənişlərin verilməsi dayandırılıb. Evimizə qayıtmayana və işlə təmin olunmayana kimi bizə dondurulmuş əməkhaqqı verilməlidir. Bizi baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənov dəfələrlə qəbul edərək vəd verib. Amma vədinə əməl etməyib, bizi aldatdı. Onun işçisi bizə deyir ki, maliyyə böhranı səbəbindən dondurulmuş əməkhaqqı daha verilməyəcək. Yəni, “Bizə gedin ölün” dedilər. Biz övladlarımızı, ailəmizi necə saxlayaq? İcra başçısı dedi ki, baxın bu Əli Həsənovun şəxsi təşəbbüsüylə həyata keçirilir. Gedin sözünüzü ona deyin. Yazmadığımız yer yoxdur. Sanki hamının yadından çıxmışıq. Biz dövlətdən, prezidentdən narazılıq etmirik ki… Haqqımız olanı istəyirik. Bu qərarı rəhmətlik Heydər Əliyev vermişdi. 2017-ci ilədək də həmişə almışıq. Düz 7 aydır ki, səfalət içində yaşayırıq. Parlamentə getdik, millət vəkilləri Bahar Muradova, Aqil Abbas və Zahid Orucun qəbulunda olduq. Onlar dedilər ki, sizin aldığınız axı nədir ki, dövlətimiz onu verə bilməsin. Biz hər zaman prezidentimizin arxasındayiq. Sonuncu referendumda da bunu subut etdik”,-deyə Ağdam qaçqını, ibtidai sinif müəllimi Nubar Məmmədova bildirib.
Cəbrayıl rayonundan məcburi köçkün, müharibə veteranı Yaşar Əliyev isə bildirib ki, maaşının 2 ayını hansısa fonda keçirməyə razıdır: “İş yeri yoxdur, pensiya yaşımıza çatmışıq. Bizi – 6951 nəfər ziyalını qəbul edib, eşitsinlər. İndi bura yığışmışıq ki, maaşımızı tələb edək. İllər öncə açıqlanan məlumatda bildirilirdi ki, Qarabağ müharibəsi nəticəsində işğal altında olan rayonlarda 300 minə yaxın iş yerləri itirilib. Nəticədə büdcədən maliyyələşən müəssisələrdə çalışan insanların əksəriyyəti işsiz qalıb. Hökumət isə həmin işçilərin sosial vəziyyətini nəzərə alaraq onların maaşlarının saxlanması barədə qərar qəbul edib. Onların çoxu hazırda dərddən, problemdən vaxtından tez həyatdan köçüb. Büdcədə az pul olanda bizə dondurulmuş əməkhaqqı verilirdi, indi milyonlar var bizə pul vermirlər. Üstəlik, kommunal haqqı tələb edirlər bizdən. Neyləyək, dərdimizə çarə qılan yoxdur”.
Onların sözlərinə görə, dondurulmuş maaşların dayandırılması baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun təşəbbüsüdür. Bu səbəbdən də şikayət edənlərin heç biri dövlət qurumu tərəfindən qəbul edilməyib. Onlara bildirilib ki, Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 182 nömrəli qərarının 2-ci bəndinin müddəti 2017-ci il dekabrın 30-dək uzadılmayıb. Şikayətə gələnlər 3 nəfərlik nümayəndələrinin bu gün yenidən Əli Həsənovun qəbulunda olacaqlarını bildiriblər: “Hər dəfə qəbula gəlirik, lakin bizi Əli Həsənov yox, müavini qəbul edir, elə nə desək “düzələcək” deyib yola verirlər. Problem isə həll olunmadan qalır. Həll olunacağına isə ümidimiz qalmayıb. Əli Həsənov öz maaşından imtina etsin də… Bizim əməkhaqqımızı niyə şəxsi təşəbbüsü ilə dayandırır ki?.. Məqsədimiz bunu siyasiləşdirmək və ya dövlət əlehinə aksiya keçirmək deyil. Haqqımızı tələb edirik”.


"Hər dəfə qəbula gəlirik..."
"Hər dəfə qəbula gəlirik..."
"Hər dəfə qəbula gəlirik..."
"Hər dəfə qəbula gəlirik..."
Geri qayıt