Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda supermarket rəhbərliyi oğrunu döyüb ət soyuducusuna saldı
Bakıda supermarket rəhbərliyi oğrunu döyüb ət soyuducusuna saldı28-07-2017, 12:28 |
Paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən “Fresh” market rəhbərliyi mağazadan oğurluq edən şəxsi özü cəzalandırıb. “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, təqribən 10 gün öncə Novruz Sədiyev adlı şəxs tanışı Firuz Qəhramanovla bir yerdə adıçəkilən marketdən 3 ədəd bahalı təraş ülgücü oğurlayarkən market işçiləri tərəfindən saxlanılıb. Bu zaman oğurluq edən Novruz Sədiyev pul gətirmək üçün evə yollanıb. Yanındakı Firuz Qəhramanov isə market rəhbərliyi tərəfindən girov saxlanılıb. Market rəhbərliyi isə Firuz Qəhramanovu özü cəzalandırmağa qərar verib. Onu saat 18:00-dan saat 23:00-a qədər marketdə saxlayaraq, döydürüb. Daha sonra isə Firuz Qəhramanov marketin toyuq əti saxlanılan soyuducusuna salınıb. Faktı dəqiqləşdirmək üçün Firuz Qəhramanovla əlaqə saxladıq. O, “Ölkə.Az”-a açıqlamasında hadisənin doğruluğunu təsdiqləyib. F.Qəhramanov market rəhbərliyi tərəfindən döyüldüyünü və zorakılığa məruz qaldığını bildirib: “Mən marketdən oğurluq etməmişəm. Oğurluğu edən yanımdakı Novruz Sədiyev olub. Kamera görüntülərinə də baxsanız, görərsiniz ki, mən oğurluq etməmişəm. Biz saat 18:00-da marketə girmişik. Çıxanda bizi saxlayıb dedilər ki, siz bahalı təraş ülgücü götürmüsünüz. Onun pullunu da ödəyin. Bizdən 750 manat pul istədilər. Bizdə dedik ki, 3 ədəd təraş ülgücünün qiyməti niyə 750 manat edir? Bundan sonra məni girov saxladılar, Novruz Sədiyev isə pul götürmək üçün sərbəst buraxıldı. Saat 23:00 olmuşdu ki, Novruz hələ də pulu gətirə bilməmişdi. Market işçiləri də məni təhqir etməyə, döyməyə başladılar. Hətta, məni bir neçə saat toyuq əti üçün nəzərdə tutulan soyuducunun içərisində saxladılar. Təsəvvür edin ki, soyuducunu tam gücü ilə işlədirdilər, mən də onun içərisində qaranlıqda az qala donub öləcəkdim”. F.Qəhramanov məruz qaldığı zorakılığa görə polisə də məlumat verdiyini söyləyib: “Zorakılığa məruz qalmağımla bağlı Xətai rayon polisinə market rəhbərliyindən şikayət etmişəm. Çünki marketdə mənim döyülməyim barədə bütün göstərişlərə bir qadın rəhbərlik edirdi. Həmin qadın məni nəlayiq söyüşlərlə təhqir edirdi, döydürürdü, əlimi iplə bağlayıb zor tətbiq edirdilər. Soyuducuya salmışdılar, orada “102”-ə zəng etmək istədim, telefon tutmurdu. Bunu biləndən sonra market işçiləri telefonumu da əlimdən aldılar”. Qarşı tərəfindən mövqeyini öyrənmək üçün marketlə telefon əlaqəsi yaratmağa çalışsaq da, cəhdlərimiz müsbət nəticə vermədi. Geri qayıt |