Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədovun oğlu ölkəni tərk etdi:

Ziya Məmmədovun oğlu ölkəni tərk etdi:


9-08-2017, 12:14
Ziya Məmmədovun oğlu ölkəni tərk etdi:
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib.

AZXEBER.COM bildirir ki, Anar Məmmədov İngiltərəyə köçüb. Bildililir ki, bir müddət əvvəl nazir oğlunun ailəsi İngiltərəyə yerləşib.

Daha sonra Anar Məmmədov Azərbaycandan gedib. Məlumata görə, bu köç müvəqqəti xarakter daşımır. Yəni, Anar Məmmədovun Azərbaycana qayıtmaq niyyəti yoxdur. Bildirilir ki, Anar Məmmədov "Qarant Holdinq"in rəhbərliyindən istefa verib. Hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.

Anar Məmmədovun ölkədən getməsinin səbəbi barədə dəqiq bilgi yoxdur. Lakin ehtimal etmək olar ki, bu, Ziya Məmmədovun ulduzunun sönməsilə bağlıdır. Qeyd edək ki, nəqliyyat naziri artıq əvvəlki nüfuza və gücə malik deyil. Indi Ziya Məmmədovun Nəqliyyat Nazirliyinə rəhbərliyi formal xarakter daşıyır. Çünki nazirliyin bir çox səlahiyyətləri əlindən alınıb.

Ziya Məmmədovun biznes imperiyası da süquta uğramaq üzrədir. Nazirə məxsus ən böyük biznes strukturlarından biri olan "Qarant Holdinq"də maliyyə böhranı hökm sürür. Aylardır ki, işçilərin əmək haqqı verilmir. "Azadlıq" bir neçə gün əvvəl bu barədə məlumat yaymışdı. Həmin məlumatdan sonra "Qarant Holdinq"ə daxil olan "Qarant Sığorta"nın fəaliyyətinə rəsmən xitam verilməsi barədə məlumat yayıldı.

Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov isə Modern.az-a Anar Məmmədovun Azərbaycanı tərk etməsi haqqında informasiyaları təkzib edib. O qeyd edib ki, qardaşı oğlunun ailəsi ilə birlikdə İngiltərəyə getməsi iftiradır.

"Hər bir Azərbaycan vətəndaşının hansısa ölkəyə gedib-gəlmək hüququ var. O da gənc, biznes aləminin mühitini formalaşdıran insan kimi gedib-gəlir, yəni əlaqələri var. Bunu hər hansı böhran və ya Ziya müəllimlə hallandırmaq düzgün deyil. Iqtisadi və maliyyə böhranı bütün dünyada var. Ancaq bu o demək deyil ki, təkcə Anar Məmmədovun rəhbərlik etdiyi şirkətdə böhran yaşanır".

E.Məmmədov vurğulayıb ki, Anar Məmmədov Azərbaycandan həmişəlik getməyib.

"Kimsə cəmiyyətdə çaşqınlıq salmasın. Hər bir insanın digər ölkəyə gedib-gəlmək hüququ var. Anar Məmmədov Azərbaycan vətəndaşıdır. Heç bir ölkənin vətəndaşlığını qəbul etməyib. Azərbaycan vətəndaşı olaraq ailəsi, balaları ilə istədiyi zaman hansısa ölkəyə gedib-gəlir".

Geri qayıt