Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qovlar internatında qalmaqal böyüyür:

Qovlar internatında qalmaqal böyüyür:


11-08-2017, 14:04
Qovlar internatında qalmaqal böyüyür:
Xəbər veridiyimiz kimi, Cebhe.info-nun redaksiyasına Tovuz rayon Qovlar şəhər internat məktəbinin müəllimi Hüseynova Ramidənin şikayət məktubu daxil olub.

Fizika fənnindən dərs deyən H.Ramidə bildirib ki, Tovuz rayon Qovlar şəhəri internat məktəbinin direktoru Eldar Səlimoğlu qeyri-qanuni yolla onun şikayət məktublarının ünvanlara çatdırılmasına mane olub:

“Hümbətov Eldar deyirmiş ki, şikayət məktubu yazmaqla ona mane ola bilmərəm. Deyib ki, kürsüsündə oturub fəaliyyətini davam etdirəcək, işini itirən isə mən olacağam”.

Şikayətçi bildirir ki, Eldar müəllimin həyat yoldaşı Şölə xanım xəstəliklə əlaqədar olaraq 1993-cü ildə təqaüdə çıxsa da, hazırda işləyir: “Yazdıqlarım Eldar müəllimin əməllərinin cüzi bir hissəsidir. Bu haqsızlığa dözə bilmirəm. Qovlar şəhər internat məktəbində müəllim hüquqları tapdalanır. Vətəni sevməyən, dövlət malını öz şəxsi malı hesab edərək mənimsəyən Eldar müəllimin “imperiyası” daha da möhkəmlənir”.

R.Hüseynova Cebhe.info vasitəsilə ölkə prezidentinə səslənib: “Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları! 27 illik əmək fəaliyyəti olan müəllim kimi xahiş edirəm ki, Tovuz rayonunun Qovlar şəhərində yerləşən internat məktəbinin kökündən yoxlanılması üçün aidiyyəti orqanlara göstəriş verəsiniz. Mənim yazdığım sözlər bir sıravi müəllimənin harayıdır. Sizin böyüklüyünüzü, təhsilə olan böyük qayğınızı hər saniyə hiss edərək və sıravi vətəndaş kimi sizin qayğınıza sığınaraq bu yazını sizə ünvanlayıram”.

Qarşı tərəf, yəni Eldar Səlimoğlu Cebhe.info-ya açıqlamasında haqqında səsləndirilən fikirlərin əsassız olduğunu deyib: “Müəllimdir də, onun ağlı elə kəsir, o cür də yazıb. Cebhe.info-da yayımlanan şikayətdən sonra Təhsil Nazirliyi məsələdən xəbərdar olub. Gəlib araşdıracaqlar”.

E.Səlimoğlu qarşı tərəfin bütün fikirlərinin əsassız olduğunu bildirib: “Yazır ki, internat məktəbində özbaşınalıqdır. Məktəbdə nə özbaşınalıq ola bilər ki? Hərbi rejimdəki kimi işləyirik. Heç bir özbaşınalıq, pul yemək faktı yoxdur”.

Onun sözlərinə görə, müəllimin bu şikayəti yazmaqda məqsədi başqadır: “Bu məsələ araşdırılanda hər şey ortaya çıxacaq. Müəllimlərin Diaqnostik Qiymətləndirməsində 47 bal yığıb. 55 –dən yuxarı bal toplayan 7 müəllimə tərifnamə vermişəm. Pedoqoji Şurada məsələ müzakirə edildi və belə qərara gəlindi ki, onları təltif edək. İclasda da yüksək bal yığan müəllimləri təriflədik. Bu məsələ həmin müəllimin xətrinə dəyib”.

Qeyd edək ki, 800 uşağın yerləşdiyi internat məktəbində hazırda 154 müəllim işləyir.

E.Səlimoğlu həyat yoldaşı ilə bağlı məsələyə də münasibət bildirib: “Həyat yoldaşımın iki diplomu var. O işdən çıxmamışdı. Xəstəliyi vardı deyə bir müddət işdən kənar oldu. O nə deməkdir? Xəstəliyi olub deyə işləməməlidir? O müəllim də hazırda bizimlə işləyir. Heç kim onu işdən çıxartmır. Çox gözəl, savadlı müəllimdir. Dərsindən razıyam.Ramidə xanıma heç nə deməmişəm, xətrinə də dəyməmişəm”.

Qeyd edək ki, Cebhe.info məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Göndərdiyimiz sorğunun müddəti bitsə də, yəni 7 iş günündən daha artıq vaxt keçsə də, həmişəki kimi bu dəfə də sorğumuz cavabsız qalıb.

Geri qayıt