Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AMEA Əlyazmalar İnstitutunun direktor müavininin 1 milyon 200 min manatı necə oğurlanıb?
AMEA Əlyazmalar İnstitutunun direktor müavininin 1 milyon 200 min manatı necə oğurlanıb?30-08-2017, 10:49 |
Bakı şəhər sakini Zeynalov Abduləli Mirzə oğlu «Təzadlar»a göndərdiyi şikayət ərizəsində qızının AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edildiyini yazıb. Ata bu məsələdə qızını günahkar saymır. Bununla belə, redaksiya AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın da mövqeyini öyrənməyə çalışır. Aşağıda həmin şikayət məktubunu ixtisarla təqdim edirik: Hörmətli «Təzadlar»! Bəzən KİV-də yazılır ki, alimlərin aldığı məvacib qənaətbəxş deyil. Belə yazılara çox rast gəlinir. Bəzən də alimlərin evində baş vermiş oğurluq hadisələri ətrafında istintaq orqanı araşdırma aparanda bəlli olur ki, sən demə, alimlərin bəziləri kasıb yox, lap yaxşı yaşayır və dolanır. Deməyim odur ki, mən Zeynalov Abduləli Mirzə oğlu, sizin sayta müraciət edərək bildirirəm ki, mənim qızım Zeynalova Xanım Abduləli qızı Azərbayacan AMEA-nın əməkdaşı, professor, elmlər doktoru, 2002-2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində işləmiş, indi isə AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edilib. Həbs edilən qızım Xanım Zeynalova əvvəllər A.Əliyevanın evində xadimə işləyib və guya alimin evindən 536 min ABŞ dolları, 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ona görə “guya” yazıram ki, təqsirsizlik prezumpsiyası adlı bir hüquqi anlayış var və hələki istintaq gedir, məhkəmə hökmü olmadan kimisə cinayətkar hesab etmək olmaz. Oğurluqda şübəli bilinərək həbs edilən qızımın isə taleyi məni ciddi narahat edir, bəzən bu qanunsuz hərəkətə görə özümü intihar etmək istəyirəm. Amma bəzən də gözləyirəm görüm bu işin axırı necə olacaq. Hamıya bəllidir ki, sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yəni, Aybəniz xanım, istintaq tərəfi sübut etməlidir ki, həqiqətən də, Aybəniz xanımın evindəki seyfdə 536 min ABŞ dolları, 143 min manatlıq da qızıl-zinət əşyaları olub və bunların hamısını məhz təqsirləndirilən qızım oğurlayıb. Bunlar öz yerində... Mən həbsdə olan qızımın sözlərinə istinadən bildirirəm ki, Aybəniz xanım çox əliaçıq və ürəyi geniş olub, şəxsi seyfinin də qapılarını ailə üzvlərinin üzünə geniş açıbmış. Kim nə vaxt, nə qədər istədi, götürüb xərcləyirmiş. Misal üçün, xüsusi qeyd edim ki, Aybəniz xanımın qızı Gülşən Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorudur. O, yaxın dostu olan, Zorik (Əsl adı Qalibdir) kimi tanıdığı oğlana “Albatros”dan hədiyyə almaq üçün, anasının xəbəri olmadan onun seyfindən 3 min ABŞ dolları götürübmüş və bu barədə biləndə Aybəniz xanımla qızı arasında mübahisə olub. Belə hallar tez-tez təkrarlanırmış deyə, ana-bala arasında tez-tez mübahisələr baş verirmiş. Abduləli Zeynalov olaraq onu da bildirəm ki, axtarış zamanı qızımın evindən, Aybəniz Əliyevanın oğurlandıqlarını iddia etdiyi bir neçə qızıllar, həqiqətən də tapılıb. Həmin bir neçə qızılları isə Aybəniz xanımın qızı Gülşən qızıma veribmiş. Səbəbini isə belə izah edə bilərəm: Aybəniz Əliyeva xəstə olduğu müddətdə ona qulluq etmək üçün qızı Gülşən Əliyevanın vaxtı olmayıb, ona qızım Xanım Zeynalova xidmət edib. Bunun müqabilində qızı Gülşən Əliyeva bir neçə xırda qızıl məmulatını qızıma pul əvəzi bağışlayıb. Bunu Aybəniz Əliyeva istintaqa verdiyi birinci ifadəsində təsdiqləsə də sonradan verdiyi ifadədən imtina edib. Maraqlısı isə odur ki, oğurluq hadisəsi qızım Xanım Zeynalova A.Əliyevanın evindən işləməkdən çıxıb Bakı Metropolitenində işlədiyi müddətdə baş verib. Yəni 8 (səkkiz) ay sonra törədilib. Demək istəyirəm bu qədər pul qızıl iynə olub ki, bunun oğurlanmasından Aybəniz Əliyeva 8 (səkkiz) ay sonra xəbər tutub? Elə bu oğurluq hadisəsi qaranlıq mətləblərdən xəbər verir. Hələliksə, hər kəsin marağına səbəb olacaq bir suala cavab verirəm: AMEA-nın professoru, Əlyazmalar İnistitunun direktor müavini Aybəniz Əliyevanın evində 1 (bir) milyon manatdan artıq pul haradandır? Görəsən Aybəniz Əliyeva düz danışırmı? Onun evindəki seyfdə həqiqətən də 536 min ABŞ dolları, 143 min manatlıq qızıl-zinət əşyaları olub? Olubsa, hardandır bu sərvət? Aldığı 1500-2000 manatı, yeməsə, içməsə, istirahətə, səyahətə getməsə, özünə bahalı geyimlər, zinət əşyaları almasa, neçə ilə bu qədər sərvəti toplaya bilərdi Azərbaycan alimi? A.Əliyevanın məvacibini, hətta 1500-2000 manatdan götürsək (Onu deyim ki, bu məvacibi də almasi ağıla batan deyil) ilə 24 min manatdan, 30 ilə yalnız 720 min manat yığmaq olar. Burada isə milyondan artıq sərvətdən söhbət gedir. Aybəniz Əliyeva-Kəngərli 30 il pəhrizmi saxlayıb, orucmu tutub? Onu da qeyd edim ki, qızımın əsassız yerə həbs edilməsi, onun azyaşlı övladlarının kimsəsiz qalması, bir ailə faciəsi ilə nəticələnib. Mən növbəti yazımda Aybəniz xanımın qızı Gülşən Əliyeva barəsində daha geniş məlumat göndərəcəm. Çünki bu məlumatlarda oğurluq hadisəsinin izi aydın görünə biləcək… Hörmətli «Təzadlar»! Sizə əlavə məlumat göndəriləcək. İstəyirəm ki, kimisə hansısa cinayətdə ittiham edəndə insaf və ədalət ortada olsun, başımızın üzərində olsun. Yenə də məhkəmə istintaqından ədalətli nəticə gözləyirəm. Dərin hörmətlə: Zeynalov Abduləli Mirzə oğlu Bakı şəhəri, Yasam rayonu Faiq Kərimov küç.-186. Redaksiyadan: A.Əliyevanın da mövqeyini dinləməyə hazırıq və buna çalışırıq... Geri qayıt |