Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dərslik biznesi İNHİSARA ALINIB

Dərslik biznesi İNHİSARA ALINIB


18-09-2017, 11:58
Dərslik biznesi İNHİSARA ALINIB
Bu gün dərsliklərin yazılmasında inhisarçılıq var. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir: “Bir dərslikdə nə qədər xronologiya, nə qədər adam adı ola bilər? Tarix dərsliklərinə verilən tələblər ayrıdır. Bizim dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir. Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistika aşılamamalıdır”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rafael Hüseynov təklif edib ki, dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca qanun layihəsi hazırlansın.

Onun fikrincə, Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlər görülməlidir: “Son dövrlərdə dərsliklərlə bağlı tənqidi fikirlər çox səslənir. Məsələnin aktuallığı nəzərə alınaraq, Təhsil Nazirliyinin Ekspertiza Şurası da yaradılıb. Mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil. Bu şəkildə davam edilsə, dərslik siyasətinin qənaətbəxş olduğu barədə nəsə deyə bilmərik. Dərslik siyasəti sahəsində qanunvericilik çərçivəsində müəyyənləşən istiqamətlərimiz olmalıdır. Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun layihəsi olmalıdır. Elə parametrlər olsun ki, hansı müəllifin yazmasından asılı olmayaraq, həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər”.

Geri qayıt