Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İtaliya səfirliyində rüşvət qalmaqalı:

İtaliya səfirliyində rüşvət qalmaqalı:


22-09-2017, 09:47
İtaliya səfirliyində rüşvət qalmaqalı:
Azərbaycandan İtaliya universitetlərinə qəbul olunan tələbələr bu ölkənin səfirliyindən viza ala bilmirlər. Bu barədə AFN-ə İtaliyada ali təhsil imkanı qazanan tələbələrdən biri məlumat verib. Onun sözlərinə görə, günlərdir səfirliyə ayaq döysə də viza ala bilmir: “Bunun üçün tutarlı səbəb də deyilmir, müxtəlif bəhanələrlə imtina edilir”.

AFN-ə danışan həmin tələbə adının çəkilməsini istəməsə də, olduqca ciddi problem haqda məlumat verib. O bildirib ki, səfirliyə gedib-gələn zaman dəllallarla qarşılaşıb: “Mənimlə gedən ailə üzvlərimə yaxınlaşıb dedilər ki, 3-4 min dollar versəniz viza məsələnizi həll etmək olar. Səfirlikdə tanış olduğum başqa bir tələbənin valideynindən 5 min dollar istəmişdilər. Belə çıxır ki, səfirlikdə bizə viza verilməsi məsələsinə məqsədli surətdə mane olanlar var.”

Qeyd edək ki, tələbələr dünən məsələ ilə bağlı Xarici İşlər Nazirliyində olublar. Qəbulda iştirak edən tələbələdən birinin sözlərinə görə, nazirliyin onlarla görüşən əməkdaşları səfirliyə təzyiq etmək imkanında olmadıqlarını deyiblər. Bildiriblər ki, artıq İtaliya tərəfinə iki dəfə nota verilib: “Bizə dedilər iki gün vaxt verin, rəhbərliyə də bu barədə məruzə edək, nə göstəriş verilsə ona uyğun addım atılacaq”.
Tələbələr deyirlər ki, səfirlikdə viza alınmasında rüşvətin bünövrəsi ötən illərdən qoyulub, rüşvətlə viza alan tələbələr olub: “Biz bununla bağlı çoxlu şikayətlər etmişik. İtaliya səfiri ötən ay uzaqlaşdırılıb, bilmirik bizim şikayətlərimizə görədir, ya vaxtı bitib ona görə. Artıq yeni səfir öz işinə başlayıb, vizaların verilməsinə də həmçinin, bizə isə deyirlər ki, ikinci dəfə müraciət edənlərə verilməyəcək. Mən özüm turizm agentliyinə müraciət etdim, dedilər 2800 dollara viza verə bilərik, amma bu, turist vizası olacaq, o isə bizə sərf etmir. Köhnə səfirin vaxtında rüşvət olub, amma yeni səfir fəaliyyətə başlayandan bəri bu barədə söhbət belə gedə bilməz. Belə çıxır ki, əvvəllər rüşvət verib viza alıb gedənlərin ucbatından indi bizə problem yaranıb”.

Tələbələr qəbul olduqları universitetlərə məktublar yazaraq durumu bildiriblər: “Bizə cavab veriblər ki, onlar səfirliyə təzyiq edə bilməzlər, əllərindən gələn o olacaq ki, qeydiyyat müddətini dekabra qədər uzadacaqlar, gözləyəcəklər ki, problem yoluna qoyulsun. Eyni zamanda, viza problemi həll edilənədək bizim qəbul olduğumuz fakültələrdə yer olmasa, başqa fakültələrə, universitetdə yer olmasa isə başqa universitetlərə yönləndirməyə söz verirlər”.

Viza verilməkdən isə absurd bəhanələrlə imtina edilir. Belə ki, həmsöhbətlərimizin sözlərinə görə, səfirlik vizanı 99 faiz hallarda guya sosial-iqtisadi vəziyyətin qənaətbəxş hesab edilməməsi səbəbindən vermir: “Onlar bizdən maliyyə təminata dair bank arayışı istəyirlər. Tutaq ki, bizim bir il orda olmaq xərclərimiz minimum 5 min avro olmalıdır. Biz banka pul qoyur arayış alır onlara veririk ki, maddi təminatımız var. Məsələn, məndən 6 min avro istədilər, mən 9 min avroluq bank hesabımdan arayış verdim. Eyni zamanda biz onlara bildirdik ki, müsəlman dövlətinin vətəndaşı olaraq ailədən yardım alırıq. Qaranlıq məqam burasıdır ki, biz onlara artıqlaması ilə bank təminatı göstəririk amma eyni əsasla hamıya viza verməkdən imtina olunur. Bu, məntiqlə normal hal deyil. Belə çıxır ki, əsas problem nədirsə başqadır. Məsələn, birindən soruşub ki, niyə sənin 30 yaşın var hələ indi gedirsən oxumağa? Bu, absurddur. Biz hələ də müəyyən edə bilməmişik ki, viza verilmə meyarları hansılardır”.

Məsələ ilə bağlı XİN-dən mövqe öyrənmək cəhdimiz alınmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev zənglərimizə cavab vermədi. Mövqeyinin maraqlı olacağını nəzərə alıb parlamentin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli ilə əlaqə saxladıq. Təəssüf ki, deputat bu məsələdə hər hansı mövqe bildirməkdən imtina etdi. O, bunun üçün beynəlxalq əlaqələr şöbəsilə (?) əlaqə saxlamağımızı məsləhət gördü.

Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt