Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ATV-də Turan İbrahimov BÖHRANI

ATV-də Turan İbrahimov BÖHRANI


26-09-2017, 12:44
ATV-də Turan İbrahimov BÖHRANI
ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun aparıcısı olduğu və bir həftə öncə növbəti dəfə efirə çıxan "ATV Səhər” proqramının fəaliyyəti yenidən dayandırılıb.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, buna səbəb isə ötən dəfəki kimi ardıcıl şəkildə aparıcının iri ranqlı məmurları hədəfə götürməsi, iqtidarın bu və ya digər sahədə həyata keçirdiyi siyasəti kəskin tənqid etməsi olub.

Məlumata görə, hələ yay tətilindən əvvəl Turan İbrahimovun kəskin ritorikası və hakimiyyətə dərs keçmək cəhdləri ölkə rəhbərliyi tərəfindən anti-iqtidar mövqeyi kimi dəyərləndirilib və kanalın prezidenti Vüqar Qaradağlıya məsələ ilə bağlı ölçü götürülməsi barədə bir neçə dəfə tapşırıq verilib. Əsasən də Turanın istər fərdi qaydada ayrı-ayrı məmurları aşağılaması və təhqir etməsi, istərsə də sistem şəklində iqtidarın müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi siyasəti məsxərəyə qoyması hiddət doğurub. Lakin xəbərdarlıqlardan heç bir nəticə çıxarmayan V.Qaradağlı sonda kəskin şəkildə danlanılıb və ondan verilişin dayandırılması və T.İbrahimovun telekanaldan uzaqlaşdırılması tələb olunub.

May ayında "ATV Səhərin” efirdən çıxması da, bəyan edildiyi kimi, yay tətili ilə bağlı deyil, məhz bu tapşırığın nəticəsi olub. Lakin Qaradağlı T.İbrahimovu işdən çıxarmayıb və o, əvvəlki vəzifəsində qalaraq digər sahələrdə fəaliyyətini davam etdirib. Bir həftə bundan öncə yenidən efirə qayıdan "ATV Səhər”in informasiya siyasəti nəinki dəyişmədi, hətta daha da kəskin forma aldı. "26-lar” kafesi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov kəskin tənqid və təhqir olundu, bütün bu proses ssenaristi və rejissoru bəlli olan, Konstitusiya və hüquq normalarına zidd tragikomediya kimi qələmə verildi. Məlumata görə, Hacıbala müəllim də ona qarşı aparılan çirkin kampaniyanı, yanı T.İbrahimovun "millət dərslərini” xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, həftə ərzində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadınin hədəfə götürülməsi, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirilməsi, bir sözlə özündən müştəbeh birisinin dövlət başçısını təbliğ etmək adı altında hakimiyyətə "ağıl və millət dərsləri” keçmək cəhdini əzmlə davam etdirməsi də diqqətdən yayınmayıb.

Üstəlik, "Yoxlama” verilişinin müəllifi və aparıcısı Azər İsmayılovun hiddət doğuran özbaşınalığı, xəbərlər proqramında və digər verilişlərdə dövlət maraqlarına zidd xəttin yürüdülməsi və digər bu kimi məsələlər telekanalda V.Qaradağlının və onun yaxın ətrafının mövqeyindən irəli gələn anti-iqtidar mühitinin hökm sürdüyü barədə rəyi möhkəmləndirib. Məlumata görə, artıq dünən ATV-dəki mühitin sağlamlaşdırılmasına dair qəti tapşırıq verilib və lazımi prosedurların həyata keçirilməsinə başlanılıb. Bu gündən "ATV səhər”in fəaliyyəti dayandırılıb, Turan İbrahimov da telekanaldan uzaqlaşdırılıb. Gün ərzində Vüqar Qaradağlı və onun yaxın ətrafının da yola salınacağı, kanala yeni rəhbərlik gətiriləcəyi və əsaslı dəyişikliklərin baş verəcəyi barədə fikirlər səslənir.

Geri qayıt