Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Şahid yalan danışır"

"Şahid yalan danışır"


7-11-2017, 13:08
"Şahid yalan danışır"
Dələduzluğa görə tutulan və hazırda təqaüddə olan MTN polkovniki və digərlərinin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sədaqət İsmayılova ifadə verib.

O, Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi məqsədi ilə Vüqar Güləliyə verdiyi 89 min 800 manatın ələ keçirilməsi epizodu üzrə danışıb.

Şahid bildirib ki, təqsirləndirilən şəxs V.Güləlinin evində qalıb: "Həmin vaxt evdə xəstə idim. Vüqar deyirdi ki, bir nəfərdən 87 min manat pul alıb, lakin onun adını açıqlamaq istəmədi. Bir müddət keçəndən sonra bu adama pul verən şəxslər gəldi və Vüqar etiraf etdi ki, 147 min manat pul alıb".

Təqdirləndirilən V.Güləli isə şahidin yalan danışdığını deyib. O qeyd edib ki, şahid digər təqsirləndirilən V.Əsədovun qohumudur.

Məhkəmədə vəkil Günay Hacıyeva vəsatətlə çıxış edərək bu cinayət işi üzrə Nicat Məmmişovun əlavə şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsatət təmin edib.

Növbəti məhkəmə iclası noyabrın 16-na təyin edilib.

İttihamda yazılır ki, adıçəkilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd edərək ondan 89 min 800 manat alıb.

R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər zərərçəkmiş Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alıblar.

İttihama münasibət bildirən V.Güləli özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, həbs edilənlərdən Vüqar Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, MTN ləğv edilmədən əvvəl təqaüdə çıxıb.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən üçü- V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri isə həbsdədir.

Geri qayıt