Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Tovuz sakini ilə "Azəriqaz" arasında qalmaqal...

Tovuz sakini ilə "Azəriqaz" arasında qalmaqal...


14-11-2017, 11:38
Tovuz sakini ilə "Azəriqaz" arasında qalmaqal...
Tovuz rayonunun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndinin sakini Etibar Rəhimov onu çətin duruma salan məsələ ilə bağlı redaksiyamıza müraciət edib. Rəhimov ona qarşı "Azərqaz" İstehsalat Birliyinin iddiası üzrə Tovuz Rayon Məhkəməsinin çıxardığı qətnamənin əsassız olduğunu iddia edir.
Belə ki, ötən ilin sentyabrında anasını xəstəxanadan evə gətirən Etibar qazın yanmadığını görür. Həyətə çıxarkən qaz sayğacının yerində olmadığını, ona gələn xəttin isə qırılaraq sızmazın deyə ağzının qatlanaraq əzildiyinin şahidi olur. Qonşular ona sayğacın qaz idarəsinin işçiləri tərəfindən sökülərək aparıldığını bildirir. Ondan sonra başına gələnləri Əlibəyli sakini belə nəql edir:
"Qaz idarəsinə gedəndə sayğacın yerinə quraşdırılması üçün 300 manat istədilər. Dedim nəyə görə verməliyəm, sizdən şikayət edəcəm. Dedilər ki, "sənin kimi danışanlar yüzlərlədir, hara istəsən, şikayət elə". Kənddə yaxın bir adamın köməyilə baş prokurorluğa məktub yazdırdım. Aradan bir ay keçmişdi gətirib yeni sayğac quraşdırdılar. Bundan sonra mənə minnətçi düşdülər ki, şikayətimin təmin olunduğu, heç bir narazılığımın qalmadığı haqda onların yazdığı məktuba qol çəkim. Heç oxuya bilmədim nə yazmışdılar. Uşaqlığımız müharibəyə düşdüyündən, məktəblərdən ancaq sığınacaq kimi istifadə edə bildik. Rayon mərkəzinin məktəblərinin sinif otaqlarında partaların üstə döşək atıb yatmaqla keçdi uşaqlığımız. Düz əməlli yazıb-oxumağı öyrənə bilmədik."

Etibar Rəhimov bu hadisədən 5 ay sonra məhkəmədən məktub alıb. Məhkəmədən ona göndərilən məktubda bildirilib ki, "Azəriqaz" İB qaz sayğacına qanunsuz müdaxilə etdiyi üçün ondan şikayətçidir və buna görə məhkəməyə gəlməlidir.
Tovuz rayon məhkəməsi 30 mart 2017-ci il tarixində hakim Ədil Məmmədovun sədrliyi, Namiq İsmayılovun katibliyilə keçirilən iclasda cavabdeh tərəfindən 245,91 manat (91,21m. qaz sayğacının sıradan çxarılması, itirilmiş qaza görə 124,80m., istehlak etdiyi qaza görə yaranan borc 29,90m.) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat "Azəriqaz" İB-nin hesabına ödənilməsi barədə qərar çıxarıb.
Cavabdeh isə sayğaca heç bir müdaxilə etmədiyini, "Azəriqaz" İB-nin məhkəməyə təqdim etdiyi aktın tamamilə saxta olduğunu deyir:
"Mənim sayğacımı qaz idarəsinin işçiləri oğurlayıb, özümü də məhkəməyə veriblər. Məhkəməyə saxta akt təqdim ediblər. Sayğac açılarkən heç bir ailə üzvümüzün bundan xəbəri olmayıb. Yerində akt tərtib edilməyib. Mənim aktın tərtib olunmasından xəbərim olmaya-olmaya, adımın qarşısına imtina edir yazılıb. Orada adı olan Namazov Cavid, Zeynalova Vüsalə və Əmirxanov Firuddin ad-soyadlarını ilk dəfə eşidirəm. Nə qonşuda, nə kənddə bu adda adamlar yaşamır. Məhkəmə əsas bu aktın necə tərtib olunduğunu araşdırmalıdır".

Etibar Rəhimov bildirir ki, qaz idarəsi işçiləri tez-tez evinə gələrək istifadə etdiyi qazın haqqını vaxtlı-vaxtında ödəməsinə baxmayaraq, məhkəmənin təyin etdiyi pulu ödəməyəcəyi təqdirdə qaz xəttini kəsəcəkləri ilə hədələyirlər. Cəbhənin bir addımlığında yaşayan kənd sakini heç bir yerdən gəliri olmadığından məhkəmənin təyin etdiyi məbləği ödəyə bilmədiyini, soyuq qış günlərində evini isidə bilmək üçün aidiyyatı orqanlardan məsələyə obyektiv yanaşmağı xahiş edir.
Hüquqşünas Samir İsayev bu məsələni Sputnik Azərbaycan-a şərh edərkən bildirib ki, bu cür məhkəmələrin sayı durmadan artır. O, bunun vətəndaşların savadsızlığından, öz hüquqlarını bilməməyindən irəli gəldiyini deyir. Ona görə də, hesab edir ki, bu cür proseslərin başlanğıcında vəkillərin köməyinə müraciət etmək lazımdır. Çünki iş-işdən keçəndən sonra heç hüquqşünaslar da vətəndaşa kömək edə bilmirlər.
Samir İsayevin sözlərinə görə, sözügedən məhkəmə prosesindən artıq bir neçə ayın keçməsi, Etibar Rəhimovun apellyasiya hüququnu itirməsinə səbəb olub. Hüquqşünas vəziyyətdən çıxış yolunu cavabdehin inzibati qaydada yuxarı instansiyalara müraciət etməsində görür.

Geri qayıt