Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra başçısı məşhur şairin adına parkı ləğv etdirir?
İcra başçısı məşhur şairin adına parkı ləğv etdirir?23-11-2017, 13:38 |
Görkəmli Azərbaycan şairi Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu Göyçay şəhərinin icra başçısı tərəfindən atası şair Əli Kərimin qəbri yerləşən parkın adının dəyişdirilərək şəhər parkı qoyulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdir. "Təzadlar"a göndərilən müraciətdə bildirilir ki, şəhərin icra başçısı Mehdi İldırım oğlu Səlimzadə yaxın vaxtlarda Əli Kərimin qəbrini oradan götürmək fikrindədir. P.Əlioğlu şəhərin icra başçısının bu addımını Azərbaycan poeziyasının inkişafında mühüm xidmətləri olan, həyatdan vaxtsız getmiş şairin xatirəsinə hörmətsizlik kimi dəyərləndirmişdir. O, az qala bütöv bir nəslin Əli Kərimin “Qaytar, ana borcunu” şeiri ilə böyüdüyünü vurğulamışdır: “Bu gün belə bir şairi qəbirdə də rahat yatmağa qoymurlar. Kimlərinsə parka gözü düşüb, oranı əyləncə yerinə çevirmək istəyirlər. Mənəvi dəyərləri pula qurban vermək olmaz”,- deyə şairin oğlu əlavə etmişdir. Paşa Əlioğlu demişdir ki, Əli Kərim adına park ümummilli liderimiz Heydər Əliyevin birinci hakimiyyəti dövründə Nazirlər Kabinetinin qərarı ilə salınmışdır. “Nə haqla Göyçay rayonunun icra başçısı belə bir hərəkətə yol verir. Şairin parkın girəcəyində qoyulmuş heykəli götürülərək parkın küncünə atılmışdır. Xatırladıram ki, parka Əli Kərimin adının verilməsi də, orada qəbrin yerləşməsi də həmin qərarda vardır”. Paşa Əlioğlu sonda haqqın öz yerini tutacağına, Azərbaycanın milli- mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə müdaxilə edəcəyinə, ədalətin bərpa olunacağına inandığını bildirmişdir. \\tezadlar.az\\ Geri qayıt |