Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Azərbaycan İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verir"
"Azərbaycan İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verir"1-12-2017, 13:45 |
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə səfərə gəlmiş Misirin aparıcı media nümayəndələri ilə görüşüb. AzNews.az xəbər verir ki, görüşdə Əli Həsənov qonaqlara Azərbaycanın tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildirən Əli Həsənov tarix boyu ölkəmizdə mövcud olmuş multikultural və tolerant mühitdən danışıb. Azərbaycanın özünün tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalar arası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Əli Həsənov müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, xalqlarımızın və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmini qeyd edib, misirli jurnalistlərin suallarını cavablandırıb. Nümayəndə heyətinin üzvləri Azərbaycana səfərdən məmnunluqlarını ifadə edib, görüş üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Sonda qonaqlara son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti və qətliamlarla bağlı faktların yer aldığı nəşrlər təqdim olunub. Geri qayıt |