Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əbülfəs Qarayevin diqətinə...
Əbülfəs Qarayevin diqətinə...14-12-2017, 12:15 |
Bərdədəki Şirvanlı hamamı Qarabağ bölgəsinin nadir tarixi abidələrindəndir. 300 ilə yaxın yaşı olan abidə bu gün dövlət tərəfindən qorunur. Şirvanlı kəndinin özü də qədim yaşayış məskənlərindən biridir. Vaxtilə paytaxt şəhəri olan Bərdəyə müxtəlif bölgələrdən insanlar axın edib. Kəndin adının da Şirvanlı olması Şirvan bölgəsindən gələn əhalinin burada məskunlaşması ilə izah edilir. Kənd ərazisində qədim dövrdən qalma bir neçə abidə mövcuddur. Tarixçi Raya Əhmədova Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumatda bildirir ki, əhalinin getdikcə daha sıx məskunlaşması, ziyarət və ticarət üçün gələnlərin sayının artması karvansara, bazar, hamam və körpülərin tikilməsinə ehtiyac yaradıb. Şirvanlı hamamı da günümüzə gəlib çatan belə tikililərdəndir. Şirvanlı hamamının əsası 18 əsrdə bölgənin nüfuzlu şəxslərindən hesab olunan Seyid Heydər tərəfindən qoyulub. Tikintisində keyfiyyətli inşaat materiallarından istifadə edilməsi tarixi abidənin bu günə qədər gəlib çatmasına imkan verib. Raya Əhmədova deyir ki, həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar üçün nəzərdə tutulub. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır. Ön hissədən hamama kişilər, arxa hissədən isə qadınlar girə bilərmiş. "Ümumiyyətlə, Şərqdə hamam mədəniyyəti Qərb ölkələrindən həmişə fərqlənib. Burada qadınlar üçün nəzərdə tutulan günlərdə məclislər qurulub. O vaxt həm də evlənmək yaşına gəlmiş gənc qızlara oğlan anaları elə hamamda elçi düşürdülər. O vaxtlar şərqli qadınların istirahət edə, əylənə biləcəyi, bəlkə də, tək yer hamam olub" — deyə Raya Əhmədova bildirir. Qırmızı kərpicdən inşa edilən hamamın özü də iki hissədən ibarətdir. Binanın mərkəzində hovuzu olan birinci hissə və içərisində 3 ayrı otağı olan ikinci hissə yerləşir. Raya xanımın sözlərinə görə, buranın kanalizasiya sistemi də mövcud olub. Günbəzin üzərindəki böyük dəlikdən içərinin havalandırılması, işıqlandırılması üçün istifadə edilib. Yağış suyu isə birbaşa mərkəzdəki hovuzda toplanıb, sonra borular vasitəsilə kanalizasiyaya axıdılıb. Hamam ötən əsrin 70-ci illərinə kimi fəaliyyət göstərib. Sonralar təlabat azaldığından fəaliyyəti dayanıb. "Uzun müddət istifadəsiz qalan hamam bərbad vəziyyətə düşüb. Bərpa olunması, yenidən fəaliyyət göstərməsi lazımdır. Deyə bilərsiniz ki, "İndi hamama kim gələcək axı? Hamının evində hamam var". Amma bura bərpa olunandan sonra xarici, yerli turistlər də gəlməyə can atacaqlar" — müsahibimiz bildirir. "Bu binanın görünüşü də gözəldir. Gördüyünüz abidə özü sübutdur ki, Azərbaycan xalqı necə yüksək mədəniyyətə malikdir. Ümidvaram ki, düzələcək" – deyə Raya Əhmədova vurğulayır. Həmsöhbətimiz onu da qeyd edir ki, Şirvanlı hamamı rayon ərazisində bərpa olunacaq abidələr siyahısına salınıb. 2018-ci ildən bərpasına başlanılması gözlənilir. Gələcəkdə, hətta yenidən hamam kimi fəaliyyət də göstərəcək. Geri qayıt |