Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Mənim xeyrimə olmayan qərarlar çıxartdılar..."

"Mənim xeyrimə olmayan qərarlar çıxartdılar..."


18-12-2017, 11:53
"Mənim xeyrimə olmayan qərarlar çıxartdılar..."
Tovuz rayonu, Abulbəyli kənd sakini Təranə Həsənova redaksiyamıza müraciət edib. O, bildirib ki, ona məxsus olan torpaq sahəsi qanunsuz şəkildə başqasının adına keçirilib:

“2003-cü ildə yaşadığımı kənddə həyət evi aldıq. Həmin ildə həyat yoldaşım dünyasını dəyişdiyindən ərazinin sənədləşdirilməsini gecikdirdik. Sənədləşdirməni təxminən 2007-ci ildə həyata keçirə bildik.

Qeyd edim ki, həyətimizdə ikimərtəbəli mağaza var idi. Onun aşağı mərtəbəsindən mən, yuxarı mərtəbəsindən isə başqası, kənd sakini Cümşüd Məmmədov istifadə edirdi. 2012-ci ildə C.Məmmədov üst qatı başqasına, Rəşid Hümbətova satdı. O, isə məndən xahiş etdi ki, mağazanın yanından ona torpaq satım. Lakin mən satmaq istəmədim, çünki həyətim balaca idi.

R. Hümbətov ona torpaq satmadığımı görüb bələdiyyəyə müraciət edərək, saxta sənəd əldə edib. Beləliklə bələdiyyəni saxta sənədlərlə mənim həyətimdən R.Hümbətova torpaq satıb. Halbuki torpağın şəhadətnaməsində ərazinin mənə aid olduğu qeyd olunub”.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı müxtəlif instansiya və məhkəmələrə müraciət etsə də, nəticəsiz qalıb:
“Bütün məhkəmələr bələdiyyənin verdiyi saxta sənədə inanaraq mənim xeyrimə olmayan qərarlar çıxartdılar”.

Təranə Həsənova aidiyyatı orqanlardan köməklik istəyib: “Sənəddə də qeyd olunub ki, həmin həyət mənə məxsusdur. Aidiyyatı orqanlardan xahiş edirəm, qanuni hüquqlarımın bərpası üçün mənə köməklik göstərsinlər”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Abulbəyli kənd bələdiyyəsi İxtiyar Namazovun “Yeni Müsavat”a dedikləri:
“Bu məsələ məndən əvvəl olmuş prosesdir. Yəni mən 2010-cu ildən bələdiyyədə çalışıram. Təranə xanıma sənədlər 2005-ci ildə verilib və heç bir saxtakarlığa yol verilməyib. Onun şikayəti ilə bağlı məhkəmələr, prokurorluq araşdırıb, ekspertizalar aparılıb və Təranə xanımın xeyrinə olacaq qərar verilib, 9 sot torpağın sahibinin o olduğu təsdiqlənib. Belə ki, hələ Təranə Həsənovadan əvvəl, 1989-cu ildə həyətdə mağaza tikilib. Məhkəmələrin qərarı ilə həmin mağaza sökülməli idi. Qərara əsasən mağaza söküldü və obyektin 21 kv metri də onun üzərinə düşdü.
Burda qeyri-qanuni heç bir şey yoxdur. Yeri gəlsə yenidən araşdırıla bilər. Sənədlə ona məxsus olan 9 sot torpaq özündədir. Kimsə 1 sm olsa belə onun torpağına girə bilərmi? Bir daha qeyd edirəm, İnzibati, Apellyasiya, Ali məhkəmələrin hamısı Təranə Həsənovanın xeyrinə qərar çıxarıb və onun torpaqlarını özünə verib”.

Geri qayıt