Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Eldar Mahmudovu istintaqa kim satıb?

Eldar Mahmudovu istintaqa kim satıb?


20-12-2017, 09:03
Eldar Mahmudovu istintaqa kim satıb?
“MTN işi” çərçivəsində istintaqa cəlb olunan sabiq nazir Eldar Mahmudovun həbs ehtimalı artmaqdadır. Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib.

Yada salaq ki, V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub.

Ötən həftə davamlı olaraq istintaqa dəvət olunan Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxardığı haqda məlumatlar var. Qeyri-rəsmi məlumatlara görə, Eldar Mahmudovun Azərbaycandan çıxardığı sərvətin dəyəri qat-qat artıqdır.

Gununsesi.info-nun məlumatına görə, Eldar Mahmudovun dindirilmə prosesi olduqca məxfi aparılır. Bu dindirməni isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi general Eldar Əhmədov şəxsən aparır. Qeyd edək ki, indiyədək Respublika Prokurorluğu sabiq nazirin dindirilməsi ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.

Məlumata görə, Mahmudova ünvanlanan əsas suallar ölkədən çıxardığı pullarla bağlıdır. Onun oğlunun Böyük Britaniya Krallığının paytaxtı Londonda sahibləndiyi bahalı əmlaklar barədə olub. İstintaq Eldar Mahmudov ailəsinin sahib olduğu bu əmlakların cinayət yolu ilə əldə olunması qənaətindədir. Odur ki, sabiq nazirin həmin əmlakları qaytarması əsas mövzudur.

Ləğv edilmiş MTN-in hazırda həbsdə olan generalı Akif Çovdarov isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılmasını və orada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla üzləşdirildiyi barədə mətbuatda yayılan xəbərləri təkzib edib.

“Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib” - 12 il azadlıqdan məhrum edilmiş keçmiş MTN generalının vəkili Kamandar Nəsibov virtualaz.org-a bildirib.

Vəkil bildirib ki, onun müdafiə etdiyi şəxs barədə yayılan bu məlumat doğru deyil. “Nə istintaq dövründə, nə məhkəmə prosesində Akif Çovdarov Eldar Mahmudovun əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil” vəkil deyib.

E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib. Başqa bir mənbə isə Eldar Mahmudovun dekabrın 19-da da növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıldığını iddia edib. A.Çovdarovun vəkilinin açıqlamasından sonra “bəs Eldar Mahmudovu kim ələ verib” sualı açıq qalır. Əcəba, onun sirlərini əmisi oğlumu açıb?

Maraqlıdır ki, Eldar Mahmudov hələ də istintaqa vəkili olmadan gedir. Hüquqşünasların rəyinə görə, bu, ona hələ rəsmi ittiham elan olunmadığını göstərir. Əgər ona ağır cinayət elan olunsa və hesab edilsə ki, Eldar Mahmudov hansısa səbəbdən öz hüquqlarını müdafiə etmək qabiliyyətində deyil, o zaman ona hətta dövlət hesabına vəkil təyin oluna bilər. “Lakin bir çox hallarda şəxsə hətta ittiham elan olunduğu zaman belə düşünür ki, özü hüquqlarını daha yaxşı müdafiə edər. Ona görə də məcburi deyil ki, kiməsə mütləq vəkil təyin olunsun” deyə, hüquqşünaslardan biri “Yeni Müsavat”a bildirib...

Geri qayıt