Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bu videolar müxtəlif qızların vəzifəli şəxslərlə və iş adamları ilə olan görüntüləri idi"

"Bu videolar müxtəlif qızların vəzifəli şəxslərlə və iş adamları ilə olan görüntüləri idi"


22-12-2017, 16:02
"Bu videolar müxtəlif qızların vəzifəli şəxslərlə və iş adamları ilə olan görüntüləri idi"
“Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.

Xatırladaq ki, MTN-ə bağlı reket jurnalist şəbəkəsinin əsas fiqurlarından olan Habil Vəliyev ötən il dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, hədə-qorxu yolu ilə pul tələb etməkdə, şantajda ittiham olunur. Bu ittihamlar üzrə təqsirləndirilən şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Virtualaz.org saytı iş üzrə istintaq materiallarını əldə edib. İstintaq materiallarından məlum olub ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alıb.

Beyləqan təhsil müdirinin şantaj olunması

İş üzrə zərərçəkən qismində tanınmış şəxslərdən biri 12 il Beyləqan rayon Təhsil şöbəsinin müdiri olmuş Tofiq Sadıqovdur. O, istintaqa verdiyi ifadəsində bildirib ki, dəfələrlə Habil Vəliyevin qəzetlərində şəxsiyyəti və ailə üzvləri haqda təhqiredici, “heç bir əsası olmayan” yazılar dərc edilib. Təhsil müdiri deyib ki, bu cür məqalələr 2008-2015-ci illərdə “Gündəlik Bakı”, “Bizim dövr” və digər qəzetlərdə yayımlanıb. Həmin yazılarda Beyləqanda təhsilin bərbad vəziyyətdə olmasından bəhs olunurdu, təhsil müdirinin özünün və ailə üzvlərinin barəsində şər, böhtan xarakterli məlumatlardan bəhs olunurdu.

“Guya həyat yoldaşının vərəm xəstəsi olması, oğlunun narkoman, qızının saxtakarlıqla məşğul olması və s. bu kimi məlumatlar qəzetdə yerləşdirilib”-zərərçəkən ifadəsində bildirib.

Nəhayət, günlərin birində Habi Vəliyev ona zəng vurub haqqında redaksiyaya çox ciddi məlumatlar daxil olduğunu, görüşmək istədiyni deyib. Təşvişə düşən T.Sadıqov Bakı şəhərinə Təhsil Nazirliyinə iclasa gələndə görüşə biləcəklərini deyib:”Təhsil Nazirliyinin yaxınlığındakı 202 saylı məktəbin qarşısında görüşdük. Söhbət əsnasında Habil özümün, ailə üzvlərimin haqqında ciddi məlumatlar olduğunu vurğuladı və 1500 manat istədi. Əks halda mətbuatda barəmdə işgüzar nüfuzuma xələl gətirəcək məqalələr yayacağını dedi. Habilə cəmisi 500 manat verə biləcəyimi dedim. Ondan sonra bir daha Habili görmədim. Dəfələrlə zəng vursa da zənglərinə cavab vermədim. Sonradan Habil yenə də mütəmadi olaraq barəmdə nüfuzdansalıcı və böhtan dolu məlumatlar dərc edirdi”.

Laçının icra başçısı: “Məcbur olub 15 min manat göndərdim…”

Digər zərərçəkən, Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılov isə istintaqa ifadəsində deyib ki, barəsində “Gündəlik Bakı” qəzetində 2011-ci ildən başlayaraq Habil Vəliyevin imzası ilə həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, rüsvayedici silsilə məqalələr dərc olunub.

R.Cəbrayılov əvvəlcə “cəfəngiyyat xarakterli yazılara” fikir vermədiyini, amma sonradan ailə üzvləri barəsində də böhtanlar yazılmağa başladığını, buna görə narahat olduğunu deyib.

”Həmin məqələlərin birində guya övladıma şadlıq evində toy edib külli miqdarda pul yığdığım, rayonun büdcə təşkilatlarının müdirlərinin toya pul salmaq üçün növbəyə düzülmələri göstərilirdi. Həm özümün, həm də ailə üzvlərimin şərəf və ləyaqətini alçaltmağa hesablanmış yazıları yazmağa davam edirdi. 2012-ci ildə isə zəng vurub qarayaxma kompaniyasını dayandırmaq üçün 40 min manat pul tələb etdi”-keçmiş icra başçısı bildirib.

İcra başçısının ifadəsinə görə, H.Vəliyevdən yazdığı faktları yerində araşdırmasını, ailəsi və özü barədə böhtan xarakterli yazılara son qoymasını təklif edib: ”Habilin çox təhlükəli insan olduğunu, insanlığa yaraşmayan xislətini görüb, abrıma sığınıb barəmdə yazılan rüsvayedici məlumatlardan yaxa qurtarmaq üçün 2012-ci ildə Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev vasitəsilə Habilə 15 min manat göndərdim”.

Seks görüntüləri ilə şantaj: “Ayaqlarına düşüb yalvardım ki…”

Bu cinayət işindəki epizodlardan biri də baş redaktorun “Qarasu Oil” əməliyyat şirkətinin vəzifəli şəxsi Rasim Bağırovun seks görüntülərini əldə edərək onu, eləcə də görüşdüyü qadını şantaj etməsidir. Həmin epizod üzrə zərərçəkən qismində tanınan X.M. adlı qadın ifadəsində deyib ki, 2014-cü ilin dekabr ayının əvvəllərində o vaxta qədər tanımadığı H.Vəliyev ona zəng vuraraq Rasim Bağırovla olan intim videoçəkilişinin əlində olduğunu deyib və təcili Bakıya gəlməsini istəyib.

Qadın paytaxta gələrək H.Vəliyevlə görüşüb. H.Vəliyev ona “Gündəlik Bakı” qəzetinin baş redaktoru olduğunu deyib, intim videogörüntülərin yayılmaması üçün 2 min manat pul istəyib. Əks təqdirdə videonu yayacağını deyib.

”Ayaqlarına düşüb çox yalvardım, imkanım olmadığını dedim. Videogörüntülərə özüm də baxdım. Bu videonun onun əlinə hansı şəkildə düşməsindən xəbərim olmayıb. Şok keçirdim, özümdən getdim. Özümə gələndə Habilə dedim ki, min manat borc tapıb verəcəyəm. Rəfiqəmdən borc pul alıb Habilə verdim. Sonradan zəng vurub pulun yerdə qalan hissəsini də gətirməyi tələb edirdi. Habil intim videonun ona kim tərəfindən ötürüldüyünü demədi. Sonradan eşitdim ki, Habil Rasimdən də 20 min manat tələb edib”-qadın bildirib.

“Habil kompüterdə vəzifəli şəxslərin intim görüntülərini mənə göstərdi…”

Zərərçəkmişin ifadəsinə görə, həmin görüş zamanı H.Vəliyev ona kompüterdə üç-dörd intim videoçəkilişlər göstərib, bu yolla pul qazana biləcəyini deyib: ”Bu videolar müxtəlif qızların vəzifəli şəxslərlə və iş adamları ilə olan görüntüləri idi. Habilin bu cür görüntülərlə insanları hədələyib pul tələb etdiyini başa düşdüm. Məqsədi mənimlə ayrı-ayrı vəzifəli şəxslərin intim videoçəkilişlərini aparıb onlardan pul qoparmaq olub. Mən razılaşmadıqda “ağlın yoxdur” dedi. Sonradan dəfələrlə zəng vurub “işləməyi” təklif etsə də razılaşmadım. Türkiyəyə gedib bir neçə ay orada qaldım”.

Bu epizod üzrə digər zərərçəkmiş şəxs Bağırov Rasim Yaşar oğlu istintaq zamanı şahid və zərərçəkmiş şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, o, Qarasu” əməliyyat şirkətində mexaniki-hasilat şöbəsinin rəisi vəzifəsində işləyir. 02 dekabr 2014-cü ildə səhər saatlar 11 radələrində təxminən 10 il olar ki, tanıdığı X.M. adlı qadın zəng edərək onunla birlikdə tanışı H.M.-nin evində görüşüb . H.M. öz mobil telefon vasitəsi ilə onların intim münasibətlərini çəkib, daha sonra özü də onlara qoşulub.

Zərərçəkənin ifadəsindən məlum olur ki, həmin intim görüntülərin reket-jurnalistlərin əlinə keçməsindən cəmi 17 gün sonra xəbər tutub. Belə ki, Şirvanda jurnalist kimi fəaliyyət göstərən Ravil Hüseynov R.Bağırovun qaynı vasitəsilə ona məlumat çatdırıb. R.Bağırov həmin reketlə görüşüb, videogörüntülərin silinməsi üçün onunla danışıqlar aparıb. Amma R.Hüseynov deyib ki, məsələ onluq deyil, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevdən asılıdır.

“Qarasu Oil” şirkətinin vəzifəli şəxsi biabır olmamaq üçün nə qədər pul verdi…

Beləliklə, R.Hüseynov R.Bağırovun yanında Habil Vəliyevlə danışır , onların görüşünü razılaşdırır. Dekabrın 20-də dekabrda o, Ravil Hüseynovla Bakı şəhərinə gəlib Habilin 9-cu mikrorayon ərazisində yerləşən ofisində onunla görüşüb. Habil Vəliyev seks görüntülərinin yayılmamasının əvəzində ondan 20 min manat pul tələb edir. Zərərçəkən bu qədər pulunun olmadığını deyir. Nəhayət tərəflər 7 min manata razılaşırlar.

R.Bağırov pulun 1600 manatını dərhal verir, bir neçə gün sonra isə daha 5 min manat düzəldib Ravil Hüseynovun vasitəsilə reket redaktora göndərir. Buna baxmayaraq 2015-ci ilin əvvəllərində yenə də ayrı-ayrı reket saytlarda “Qarasu Oil” şirkətinin vəzifəli şəxsinin barəsində həminintim görüntülərdən bəhs edən eyni məzmunlu məqalələr dərc olunub, məqalələrin altında “Habil Vəliyev” imzası olub. R.Bağırov növbəti dəfə H.Vəliyevlə görüşüb buna görə izahat istəyəndə isə baş redaktor “saytda texniki nasazlıq yaranıb” deyib. Həmin görüşdə R.Bağırov H.Vəliyevə daha 300 manat verib ki, mövzunu birdəfəlik bağlasın…

Lakin mövzu bağlanmır. Zərərçəkən ifadəsində deyir ki, aradan bir neçə gün keçmiş eyni məzmunlu məqalə yenidən dərc olundu, o da H.Vəliyevlə görüşərək 200 manat verdi və xahiş etdi ki, bir daha belə məqalələr dərc olunmasın. Buna baxmayaraq şantaj prosesi fasilələrlə həmin ilin yayına qədər davam edib. Hər dəfə R.Bağırov şantajçıya pul verib, yaxasını ondan qurtarmağa çalışıb.

İstintaq bu epizod üzrə telefon danışıqlarını əldə edib, şahid ifadələri alıb və digər zəruri sübutlar toplayıb.

Geri qayıt