Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Torpaq alveri bazarı kimlərin əlindədir?

Torpaq alveri bazarı kimlərin əlindədir?


19-01-2018, 13:21
Torpaq alveri bazarı kimlərin əlindədir?
Bir sıra KİV-lərdə 2017-ci ilin dekabr ayından torpaq və mənzil bazarında, eləcə də kommersiya obyektləri bazarında qiymətlərdə artımın müşahidə edilməsi barədə silsilə xəbərlər tirajlanır. Yayılan xəbərlərdə iddia olunur ki, il ərzində torpaq bazarında qiymətlərdə 1.65 faiz, kommersiya obyektləri bazarında 20.29 faiz azalma müşahidə olunub.

Ümumiyyətlə, dekabr ayında torpaq bazarında qiymətlərdə 1.84 faiz, kommersiya obyektləri bazarında isə 0.75 faiz artım qeydə alınıb. O da vurğulanıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub. Ekspert fikirlərini belə əsaslandırır ki, dekabr ayında qiymətlərdə artım ilin sona çatması ilə əlaqədardır. Hesab edilir ki, insanlar öz işlərini il başa çatana qədər yekunlaşdırmaq istəyir və ona görə də bazarda müəyyən aktivlik yaranır ki, bu da öz növbəsində qiymətlərin artmasına səbəb olur.

Məlumdur ki, manatın dollara nisbətdə dəyər itirməsi tikinti materialları bazarında da kəskin qiymət artımına səbəb olub.İdxal olunan məhsullarla yanaşı yerli istehsalın da qiymətində bahalaşma müşahidə olunur.Buna səbəb isə məhsulların maya dəyərinin artmasıdır.

Onu da nəzərə alaq ki, hazırkı dövrdə əhalinin alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşüb.Əhali nəinki mənzil ala, heç gündəlik tələbatını belə ödəyə bilmir.Belə olan halda aydın məsələdir ki, mənzil bazarında bahalaşma piarı hansısa tikinti şirkətləri və mənzil satışında vasitəçi olan şəxslərin marağındadır.Əks halda, alıcının və mənzil bazarında canlanmanın olmadığı bir zamanda torpaq və evlər niyə bahalaşsın ki?

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı “Cümhuriyət” qəzetinə açıqlamasında torpaq sahələrinin bahalaşması ilə bağlı yayılan informasiyaların həqiqəti əks etdirmədiyini deyib:

“Hansı əsasla demək olar ki, torpaq sahələri bahalaşıb? Amma 2017-ci ilin sonlarına yaxın mənzil bazarında müəyyən canlanma baş verdi. Xüsusilə, ipoteka kreditləri ilə bağlı bəzi qərarlar qəbul olundu.Bununla əlaqədar olaraq mənzil bazarında cüzi aktivlik müşahidə olundu. Təqribən 2-3 faizlik qiymət artımı baş verdi, bu da əsaslı qiymət dəyişməsi deyil”.

Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında bu tipli artım xəbərlərinin yayılması başadüşüləndir:

“Müəyyən spekulyativ informasiyalar olur. Qarşıdakı dövrlərdə qiymətin artacağı ilə bağlı informasiyalar potensial alıcı kütləsini bazara cəlb etmək məqsədi daşıyır.Bəzən əlində müəyyən qədər pul kütləsi olan alıcıları bazara cəlb etmək üçün ictimaiyyətə bu cür xəbərlər ötürürlər.Hesab edirəm ki, bu cür spekulyativ informasiyalara o qədər də ciddi yanaşmaq lazım deyil.Aydındır ki, daşınmaz əmlak bazarı kifayət qədər həssas sahədir.Bu sahə ilə bağlı olan məlumatlar qeyri-neft sektorunda daha çox diqqət çəkən informasiyalar kimi qəbul olunur.Bəzi KİV-lər də bu cür informasiyaları tirajlamaqda maraqlıdır.Təbii ki, alıcıları və xüsusilə də aktiv bazar iştirakçılarını bu cür informasiyalara əhəmiyyət verməməyə çağırıram.Bu cür informasiyalar zaman-zaman bazarda qeyri-müəyyən bir vəziyyət yaradıb.Bəzi insanlar bu cür informasiyalara əsaslanaraq bazara daxil olub və əməliyyat aparıblar.Onlar təbii ki, sonradan peşman olublar.Demirik ki, bazar tamamilə dayanıb və indiki mərhələdə alıcılar ümumiyyətlə, mənzil almamalıdır.Amma daşınmaz əmlak bazarında qiymət artımı ilə bağlı ortaya atılan proqnozlar heç bir iqtisadi əsaslara söykənmir.Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak bazarında faktiki olaraq indikatorlar mövcud deyil.Buna görə də 3-5 aydan sonra bazarda qiymətin artacağını demək və bunun neçə faiz arasında baş verəcəyini söyləmək də düzgün deyil”.

Ramil Osmanlı onu da qeyd edib ki, Azərbaycanda bəzi hallarda müəyyən qərarların nəyinki qəbulu, hətta müzakirəsi belə bazara təsir göstərir:

“Büdcə layihələri müzakirə olunarkən ipoteka kreditlərinə ayrılacaq vəsaitlərin həcminin 250 milyon manata qədər artırılacağı ilə bağlı informasiyalar səsləndi. Bu, büdcə layihəsində öz təsdiqini də tapdı. Eyni zamanda bu il büdcədə şəhərsalma və infrastruktur layihələrinə ayrılacaq vəsaitlərin də həcmi artırılıb. Bu, müəyyən mənada əsas verə bilər ki, həmin vəsaitlər qısamüddətli dövrdə bazara daxil olarsa, müəyyən qiymət artımına gətirib çıxarda bilər.Amma biz hələ bilmirik ki, qeyd olunan vəsaitlər hansı dövrlərdə bazara yönəldiləcək, onların bazara daxilolma tsikli qısamüddətli dövrü əhatə edəcəkmi, yoxsa uzun müddət ərzində baş verəcəkmi.Buna görə də öncədən proqnoz vermək bir qədər çətindir”.
Cebhe.info

Geri qayıt