Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell" ən yeni texnologiyaların tətbiqini davam etdirəcək"

"Bakcell" ən yeni texnologiyaların tətbiqini davam etdirəcək"


15-02-2018, 11:02
"Bakcell" ən yeni texnologiyaların tətbiqini davam etdirəcək"
DİA.AZ: - "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers "Bakcell" şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ilə dair planları ilə bağlı müsahibə verib. DİA.AZ-ın xəbərinə görə, müsahibəni şirkətin öz müştərilərinə hesabatı kimi də dəyərləndirmək olar. Nikolai Beckers bildirib ki, qazandıqları uğurları tək "Bakcell"in deyil, Azərbaycanın bütün telekommunikasiya sektorunun nailiyyəti hesab edir.

- Texnologiya və şəbəkənin təkmilləşdirilməsi baxımından şirkətinizin 2017-ci ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Hamıya məlum olduğu kimi, "Bakcell" şirkəti innovasiyalar və mobil internet xidmətləri sahəsində liderdir. Buna baxmayaraq, şəbəkəmizin keyfiyyəti və əhatə dairəsinin daha da təkmilləşdirilməsi məqsədilə biz şəbəkəmizə böyük həcmdə investisiyalar yatırmağa davam edirik. Keçən il də istisna olmayıb və tərəfimizdən böyük miqyaslı işlər həyata keçirilib ki, abunəçilərimiz bazarda ən yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanmaq imkanı ilə təmin olunsunlar.

- Qlobal tendensiyalara əsasən, müasir mobil əlavələr və xidmətlər böyük həcmlərdə data trafikin ötürülməsini təmin edə biləcək daha sürətli şəbəkələrin istifadəsini nəzərdə tutur. Bu kimi tələblərin yerinə yetirilməsi üçün hansı tədbirlərı görürsünüz?

- Bütün Azərbaycan ərazisində “Bakcell”in 3G şəbəkəsinin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə işlərlə yanaşı, şirkətimiz müştərilərə ultra-sürətli 4G (LTE) təcrübəsinin təqdim edilməsi üçün tədbirlər görməkdədir. "Bakcell" şirkətinin tətbiq etdiyi ən müasir LTE-A (LTE Advanced) texnologiyası sayəsində, abunəçilərimiz artıq saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlana bilirlər. 4G xidməti sayəsində "Bakcell" müştəriləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanacaqlar. Bu isə daha az ləngimə və daha böyük sürət deməkdir.

İstehlakçıların mobil data xidmətlərinə verdiyi əhəmiyyətin gündən-günə artdığı bir vaxtda biz Azərbaycanda aparıcı mobil internet provayderi mövqeyimizi qoruyub saxlamalıyıq. Bu səbəbdən bizim peşəkar komandamız abunəçilərimiz üçün ən yüksək səviyyəli müştəri təcrübəsini təmin etməyə çalışır və buna nail olur. Bu yaxınlarda keçirilmiş “Bakutel” sərgisində tərəfimizdən "Nokia" şirkəti ilə birgə mobil rabitə sənayesinin ən son texnologiyası olan 5G-yə hazırlığı nümayiş etdirmişik. Biz mobil data istifadəçilərinin ehtiyac və tələblərini başa düşüb onların gözləntilərini doğrultmaq üçün əlimizdən gələni edirik.

- 4G şəbəkənizin əhatə dairəsinin genişləndirilməsinə dair planlarınız nədir?

- Keçən ilin noyabr ayında Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G (LTE) stansiyalarının quraşdırılması ilə respublikamızın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyyətlə start vermişik. Bir neçə gün öncə isə ölkənin və şimal rayonlarında 4G xidməti aktiv oldu. Artıq Bakı və Abşeron yarımadasının sakinləri ilə yanaşı, bizim Gəncədə və şimal rayonlarındakı müştərilərimiz də "Bakcell" şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli internetdən yararlana biləcəklər. Hazırda bizim texniki şöbənin əməkdaşları 4G-nin əhatə dairəsinin Azərbaycanın digər böyük şəhərlərinə də yayılması üçün müvafiq tədbirlər görür. Yaxın gələcəkdə "Bakcell"in 4G şəbəkəsinin aktiv olduğu şəhərlərin adlarını hamı ilə bölüşəcəyik.

- Sizin fikrinizcə, şəbəkə və texnologiya baxımından "Bakcell" şirkətinin 2017-ci ildə ən yaddaqalan uğurları hansılardır?

- İlk növbədə böyük qürur hissi ilə qeyd etmək istərdim ki, 2017-ci ilin may ayında "Bakcell" şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün "Bakcell" burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.

2017-ci ilin avqust ayında isə HD Voice texnologiyasını istifadəyə verib və səsin yüksək keyfiyyətdə ötürülməsi texnologiyasının tətbiqi ilə əlaqədar abunəçilər bir-biri ilə danışarkən səs tezliyi diapazonunun genişləndirilməsi sayəsində adi zəngdən fərqli olaraq, nitqi çox yüksək dəqiqliklə eşitmək imkanına malik oldular.

Artıq qeyd etdiyim kimi, 4G şəbəkəsinin Bakı və Abşeron yarımadasının ərazisinin tam əhatə etməsini təmin etmək üçün işlər başa çatdırılıb və 4G xidmətlərinin Azərbaycanın digər böyük şəhərlərində də göstərilməsi istiqamətində işlərə start verilib.

Və nəhayət, bu yaxınlarda, yəni 2018-ci ilin yanvar ayında "Bakcell" şirkəti böyük məmnuniyyətlə özünün ultra-sürətli 4G (LTE) mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verilməsini elan edib. Bizim müştərilərimiz artıq platformalarda qatarı gözləyərkən belə bizim sürətli 4G mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar.

Bütün bunlar tək "Bakcell" şirkətinin deyil, Azərbaycanın bütün telekommunikasiya sektorunun nailiyyətidir və biz əminik ki, bu sahədə gördüyümüz istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək.

- Telekommunikasiya sahəsinə aid ən son innovasiyalar və qlobal tendensiyaların öyrənilməsi və tətbiq edilməsi sahəsində şirkətiniz nə dərəcə aktivdir?

- "Bakcell" şirkəti innovasiyalar sahəsində artıq özünü doğrultmuş liderdir və Azərbaycan istehlakçılarının dünyanın ən son tendensiyaları və yerli bazarın tələblərinə uyğun olan ən son məhsul və xidmətlərdən yararlanmasının təmin edilməsi üçün əlimizdən gələni edir. Dünyanın telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə "Bakcell" müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirlərində və sərgilərdə iştirak edir, müştərilərə ən yüksək səviyyədə xidmət göstərməyə kömək edə biləcək ən yaxşı ideyalarla qayıdıb onları tətbiq etməyə çalışır. Məsələn, "Bakcell" şirkəti 2017-ci ilin 25-28 sentyabr tarixində Cənubi Koreya Respublikasının Busan şəhərinə keçirilən Beynəlxalq “ITU Telecom World 2017” sərgisinə qatılmışdı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmin tədbirdə təşkil etdiyi Azərbaycan Milli Pavilyonu çərçivəsində quraşdırılmış “Bakcell” stendində sərgi iştirakçılarına şirkətin xidmət və məhsulları təqdim edilmiş və stend iştirakçılar arasında böyük marağa səbəb olmuşdu.

2017-ci ilin 5-8 dekabr tarixlərində keçirilmiş “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş "Bakcell" stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilmişdi. Stendin ziyarətçiləri Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının inanılmaz sürətini görmək imkanını qazanmışdılar. Nəticədə innovativ və misilsiz məzmun sayəsində "Bakcell" şirkətinin stendi sərginin ən orijinal stendi seçilmiş və “BakuTel-2017” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkətindən rəsmi sertifikata layiq görülmüşdü.

Bundan əlavə, qeyd etmək lazımdır ki, 2017-ci ildə "Bakcell" şəbəkəsi və göstərdiyi mobil internet xidmətləri iki dəfə beynəlxalq bençmarkinq şirkətləri tərəfindən mükafatlarla təltif edilib. Belə ki, "Bakcell" İnternet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkətinin “Ən sürətli mobil rabitə şəbəkəsi” mükafatına layiq görülüb. “Ookla” şirkətinin “Speedtest” xidmətindən istifadə etməklə Azərbaycanda abunəçilər tərəfindən aparılmış yoxlamaların nəticələrinə görə, "Bakcell" şəbəkəsində ən yüksək endirmə (download) və yükləmə (upload) sürəti ilə yanaşı, ən aşağı latentlik (gözləmə intervalı) təmin edilir.

Bundan başqa şirkətimiz daha bir beynəlxalq səviyyəli mükafat ilə təltif edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb. Mən əminəm ki, uğurlarımız gələn illərdə də davam edəcək və "Bakcell" istifadəçilərinə ən yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanacaqlar.

- 2018-ci il üçün hansı planlarınız var və şəbəkənizi daha da təkmilləşdirmək istiqamətində hansı işlər nəzərdə tutulub?

- 2018-ci il ərzində Bakı şəhəri və Abşeron yarımadasında 3G və 4G xidmətlərimizin təkmilləşdirilməsi və optimallaşdırılmasına yönəlmiş işlərlə yanaşı, 4G xidmətinin əhatə dairəsinin ölkənin digər bölgələrində də genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. "Bakcell" öz şəbəkəsinə böyük həcmlərdə investisiyalar yatırmağa davam edir. Bundan başqa, "Bakcell" şəbəkəsinin üstünlüyünü təmin etmək və qorumaq üçün biz ən yeni texnologiyaların tətbiq olunmasını davam etdirəcəyik.

Geri qayıt