Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Məhbəs həyatı yaşayan məcburi köçkün Ramiz Mehdiyevə və "Qaçqınkom" rəhbərinə müraciət etdi

Məhbəs həyatı yaşayan məcburi köçkün Ramiz Mehdiyevə və "Qaçqınkom" rəhbərinə müraciət etdi


15-02-2018, 12:48
Məhbəs həyatı yaşayan məcburi köçkün Ramiz Mehdiyevə və "Qaçqınkom" rəhbərinə müraciət etdi
DİA.AZ: - Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Behbudov Fuad Natiq oğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə vətəndaş yazır:

"Hörmətli, Ramiz müəllim, hörmətli Əli müəllim!
Məlumat üçün Sizə bildirirəm ki, mən 25 avqust 1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşam.
Mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə 9000 (doqquz min) manat cərimə cəzasına məhkum edilmişəm. Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıram.
Mənə təyin edilən cəzanın əvvəli 24 iyul 2017-ci il tarixdən hesablanmaqla, cəzamın 6 aydan çoxunu çəkmişəm. Cəzaçəkmə müəssisəsində rejim qaydalarını gözləyirəm, haqqımda müdiriyyət tərəfindən tənbeh tədbiri tətbiq edilməmişdir.
Ailəmiz 1993-cü ildən Ağdam rayonundan qaçqın düşüb. Ailəmizin tək oğul övladıyam. Atam qaçqınlıqdan sonra vəfat edib. Ailəmizin yükü atamın ölümündən sonra mənim üzərimdədir. Anam və bacım mənim himayəmdə yaşayırlar. Anam uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. İş qabiliyyəti yoxdur. Bacım da xəstə anama qulluq etdiyi üçün heç bir yerdə işləmir. Ailəmiz kirayədə yaşayır. Ailəmizin yeganə qazanc gətirəni mən idim. Mənim məhkumluğumdan sonra ailəmiz çox ağır durumdadır. Cəza çəkdiyim müddətdə törətdiyim cinayət və onun nəticələri haqqında çox düşünmüşəm və əməlimdən artıq dərəcədə peşmançılıq çəkirəm. Ailəmizdən ayrı düşməyim, xəstə anama və bacıma istər maddi, istərsə də mənəvi kömək göstərə bilmədiyim üçün məni çox narahat edir.
Gəncəm, subayam, əvvəllər məhkum olunmamışam, birinci məkumluğumdur.
Dəymiş zərəri tam ödəmişəm, barəmdə heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaq.
Hörmətli, Ramiz müəllim, hörmətli Əli müəllim!
Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim əfv olunmağım, yenidən köməksiz duruma düşmüş ailəmə qovuşmağım üçün köməklik edəsiniz.
Məhkumluqdan azad olunduqdan sonra Azərbaycan Respublikasının vətəndaşı adını yüksək tutacağıma, bir daha cinayət törətməyəcəyimə, faydalı əməklə məşğul olub, ailəmizi zəhmətimlə dolandıracağıma söz verirəm.
Göstərəcəyiniz köməkliyə görə Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm".

DİA.AZ xatırladır ki, Fuad Nehnudov bir neçə gün əvvəl Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırova da anoloji qaydada əfv olunmasına köməklik üçün müraciət ünvanlayıb.

Geri qayıt