Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gülağa Tənhanın milyonlarının batdığı şirkətdəki özbaşınalıqlar:
Gülağa Tənhanın milyonlarının batdığı şirkətdəki özbaşınalıqlar:1-03-2018, 12:17 |
Həbsdə olan iş adamının bacısı oğlu da hakim qarşısına çıxarılır. O, dayısı kimi dələduzluqda ittiham edilir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Cahangirli Sahil Nizami oğlu və 1987-ci il təvəllüdlü Əşrəfov Anar Adil oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda yazılır ki, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Anar Əşrəfov da MTK-da vəzifə tutub. Onlar hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər. Hər iki şəxs özünü təqsirli bilmədiyini deyib. Daha sonra məhkəmədə zərərçəkmişlər ifadə verib. Nüşabə Rüstəmova deyib ki, evini 83 min manata sataraq "Real" MTK-dan ev alıb. "Şirkətin işçisi Şahinə dedim ki, bax bu şirkət haqda belə sözlər eşitmişəm, problem olmasın sonra. Birlikdə Sahilin yanına getdik. Dedi ki, özün bilirsən, bizim rəhbərimiz həbsdədir, ona görə daha burda qanunsuz işlər olmur. Birlikdə Sahilin yanına getdik, 90 min orda onlara verdim. İndi 50 min qaytarıblar. Şahin də tutulub, onunla üzləşmişəm". Prosesin davamında hakim bildirib ki, istintaq materiallarında N.Rüstəmovaya 75 min manat qaytarılması barədə sənəd var və həmin sənəddə N.Rüstəmovanın imzası var. Lakin zərərçəkən həmin imzanın ona məxsus olmadığını deyib və ekspertiza keçirilməsini istəyib. Digər zərərçəkmiş, Dövlət Sərhədi Xidmətinin mayoru Şahin Alıxanov ifadəsində deyib ki, atasından miras qalan mülkü satıb və internetdə makler vasitəsilə Sahili tanıyıb: "Ev dəyərindən ucuz idi, 112 min manata razılaşdıq. Niyə ucuz olduğunu soruşdum, dedilər, Mayıl Səmədovun dayısı bu binanın tikilməsinə beton verib. Onun əvəzində mənzillər Mayıla verilib. Mən 110 min manatı Mayıla verdim, qalanını da maklerə. Sahildən də neçə dəfə soruşdum ki, mənzilin problemi yoxdur ki? Dedi, yox. Bir müddət sonra evi təmir etmək üçün gələndə gördüm qapının açarı kilidi dəyişdirilib. Bu günə kimi mənə 80 min ödənilib". Zərərçəkmiş Sevinc Qurbanova isə bildirib ki, onun evinin başqasına satılmasını Korrupsiyaya Qarşı Mübarizə İdarəsində öyrənib: "Evi qaytarıblar, amma bilmirəm bir ay sonra yenə kimsə çıxıb deyəcək ki, ev mənimdir?" Tağı Hüseynov da zərərçəkmiş kimi dindirilərkən deyib ki, Sahil Cahangirlinin göstərişi ilə 13 nömrəli notariasda MTK əməkdaşı Şahinə 30 min manat verib: "Sənədlərin düzəldilməsi üçün də 2 min manat ödədim. Heç 1 qəpik də ödənilməyib. İndi evimi versinlər". Zərərçəkmiş Səbuhi Xəlilov isə ev almaq üçün MTK-ya 100 min manat ödədiyini söylıyib. "20 min borcum qalmışdı, MTK-ya gedib borcumu ödəyib təmirə başlamaq istəyəndə işi uzatdılar. Müqaviləni Sahillə imzalamışdıq. Evə də 5 min manatlıq material alıb qoymuşdum, qapı da qoydurmuşdum. Qapının "zamok"unu sındırıb materialları da aparmışdılar. Puldan da heç nə qaytarmadılar". Məhkəmə prosesi martın 15-də davam etdiriləcək. Musavat.com Geri qayıt |