Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Anar Məmmədovun Bakıya qayıtmamasının ilginc səbəbi

Anar Məmmədovun Bakıya qayıtmamasının ilginc səbəbi


2-03-2018, 12:17
Anar Məmmədovun Bakıya qayıtmamasının ilginc səbəbi
Artıq iki ildən çoxdur ki, Bakıda ucaldılan “Trump hotel”də işlər yarımçıq qalıb. Bu binanın tikintisinə külli miqdarda vəsait sərf olunsa da, nəticəsi olmayıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, hətta binanın tikintisi zamanı icarə götürülən tikinti texnikalarının belə haqqı ödənilməyib.

Hələ 2016-cı ildə “The Washington Post” qəzeti inşası yarımçıq qalmış “Trump hotel” barədə dərc etdiyi məqalədə yazmışdı ki, tikinti işlərinin dayanmasına səbəb neftin ucuzlaşması olub. Binanın tikintisinə ayrılan vəsaitlə bağlı isə 2014-cü ildə D.Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı hotel də ona məxsus deyil. ABŞ prezidentliyinə iddiaçı kimi hələ namizəd olduğu müddətdə açıqladığı maliyyə hesabatında D.Tramp Bakıdakı hotellə bağlı işlərə görə 2,5 milyon dollar aldığını qeyd etmişdi.

Məlumdur ki, bina keçmiş nəqliyyat naziri Anar Məmmədovun nəzarət etdiyi “Garant Holding” tərəfindən tikilib və onun şirkətinə məxsusdur. Hazırda isə şirkət bir yana, heç Anar Məmmədovun özündən də xəbər yoxdur. Ötən həftə KİV-lərdə Anar Məmmədovun ailəsi ilə birlikdə ölkəni tərk edərək İngiltərəyə köçməsi ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Məmmədov ölkəni birdəfəlik tərk edib. Sonradan onun əmisi Elton Məmmədov modern.az saytına açıqlama verərək bildirdi ki, məlumat həqiqəti əks etdirmir.

Anar Məmmədovun özü isə susur. Onunla əlaqə yaratmaq mümkün olmayıb. Məlumat var ki, o, “Garant Holding”dəki vəzifəsindən də imtina edib və hazırda şirkətin idarəçiliyinə onun əmisi uşaqları baxırlar.

Prezidentliyə namizəd, tez-tez Məmmədovlar ailəsi ilə bağlı mətbuata müxtəlif məlumatlar açıqlayan MMP sədri Hafiz Hacıyev “Yeni Müsavat”a bildirdi ki, Anar Məmmədovun harada olduğundan məlumatlıdır: “Anar Məmmədov və onun kimi bir neçə nəfərin ailələri artıq Azərbaycanı tərk edib. Konkret olaraq Anar Məmmədov Azərbaycanda olduğu müddətdə xeyli adamı xərcə salıb, indi də qaçıb gedib İngiltərəyə. Bildiyim qədər xaricdə Azərbaycan dövlətinin əleyhinə çıxan, əks-təbliğat aparan qruplara rəhbərlik edir, onlara böyük paralar ötürür. Son zamanlar bu adamların hamısı çox ciddi fəaliyyətə başlayıblar. Düşünürəm ki, bu fəaliyyətin axırı dövlətimiz üçün problemlər yaradacaq. Hüquq-mühafizə orqanları tərəfindən səthi araşdırmalar aparılmamalıdır. Bu adamların hamısı ölkəyə gətirilib, məsuliyyətə cəlb olunmalıdır. Ziya Məmmədovun özünə aid olan faktların əksəriyyəti gizlədilir. Anar Məmmədovun da nələr etdiyi hər kəsə məlumdur. Belə olduğu halda onlar nə üçün cinayət məsuliyyətinə cəlb edilmir? Hakimiyyət daxilində rəngarənglik çoxdur. Ona görə də deyirəm ki, bu insanlar heç zaman dövlətçiliyi düşünməyiblər. Anar Məmmədov hazırda öz istirahətindədir.

Oradan-buradan aldığı pullar hesabına Azərbaycanın əleyhinə işlər aparır. Prezidentliyə namizəd kimi deyə bilərəm ki, Anar Məmmədov bu gün anti-Azərbaycan koalisiyasının başında duranlardan biridir. Ölkəmiz əleyhinə təbliğat aparanların maliyyə dəstəyini bu şəxslər verirlər. Vidadi İsgəndərlinin bu günlərdə yaydığı videoda xeyli faktlar var. Bu iddiaların hamısı araşdırılmalıdır. Mənə də böhtan atır ki, guya Hafiz Hacıyevə bir milyon pul veriblər.

Bununla da bizi Avropada söydürürlər. Məcburam ki, bu işi görənləri məhkəməyə verim”.

H.Hacıyev bildirib ki, artıq çox ciddi proseslər başlayır: “Düşünməsinlər ki, Hafiz Hacıyev bu dəfə asanlıqla təslim olacaq. Şəkillərimizi Avropada orda-burada yapışdıranlara sonuncu xəbərdarlığımı edirəm. Əks halda, onların qulaqlarını Andronikin qulağı kimi kəsəcəyik. Şəxsən Anar Məmmədovu da tutub ölkəyə gətirib, burada lazımi tədbiri görəcəyik. Digərləri də bundan dərs alacaqlar”.

Geri qayıt