Əsas Səhifə > Güney Press, Reklam > Baramanın dəstəyilə “Gələcək üçün Startap” layihəsinin qalibi bəlli oldu
Baramanın dəstəyilə “Gələcək üçün Startap” layihəsinin qalibi bəlli oldu12-03-2018, 08:27 |
DİA.AZ: - Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə davam edir. Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir. Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startap ekosisteminin inkişafına təkan verməkdən ibarətdir. DİA.AZ xəbər verir ki, ADA Universitetində layihə çərçivəsində təşkil olunan intensiv təlim və innovasiya konfransı iştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startap layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaratdı. 16-25 yaş arası gənclərin iştirakı ilə baş tutan təlimdə təhsil, ətraf mühit, enerji, qida və turizm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb biznes layihələr hazırlandı. Konfransda bir sıra ölkələrdə startap ekosisteminin yaradılmasında iştirak edən beynəlxalq ekspert Tal Katran iştirakçılarla peşəkar təcrübəsini bölüşdü. Qeyd edək ki, tədbirdə 150-dən artıq gənc iştirak etmiş və müsabiqəyə ümumilikdə 10 komanda qatılmışdır. Beləliklə: 1-ci yerin qalibləri “E-Donor” layihəsi ilə Cəmil Ağasıyev, Elgün Tağızadə, İlkin Huseynov, Dərya Səfərova 2-ci yerin qalibləri “Horti” layihəsi ilə Natəvan Abbasova, Natəvan Əliqızı, Ülvi Əzizli, Sərxan İsmayılov 3-cü yerin qalibi “Nanny Manny” layihəsi ilə Nigar Əhmədova, Nəzrin Şıxəliyeva Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra uğurlu şirkətlər yaranıb. Geri qayıt |