Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Təlim adı altında cəmləşib hücum edə bilərlər...”
“Təlim adı altında cəmləşib hücum edə bilərlər...”13-03-2018, 11:41 |
Azərbaycan ordusunun dünəndən başlayan irimiqyaslı hərbi təlimləri erməni hərbi dairələrində ciddi narahatlıqla izlənir. Virtualaz.org xəbər verir ki, rəsmi İrəvan bu təlimləri “ATƏT öhdəliklərinin pozulması” adlandırıb. Erməni generallar isə narahatdır ki, Azərbaycan ordusu təlim adı altında strateji istiqamətlər üzrə cəmləşərək qəfil hücum edə bilər. “Biz ayıq-sayıq olmalıyıq, kəşfiyyat vasitələri ilə müəyyən etməliyik ki, Azərbaycan bu irimiqyaslı təlimlərlə hansı məqsədi güdür. Axı bu təlimlər hərbi-strateji əhəmiyyət daşıyır, operativ və strateji mühüm istiqamətlər üzrə keçirilir. Hansı ki, bu istiqamətlərdə hücum və əks-hücum taktikaları sınanır”-hazırda Ermənistan fövqəladə hallar nazirinin müavini olan general, “Qarabağ veteranı” Astvatsatur Petrosyan 1in.am saytına deyib. Onun sözlərinə görə, hərb qanunlarına əsasən hərbi əməliyyatlardan əvvəl həmişə genişmiqyaslı təlimlər olur. “Hərbi təlimlər adı altında bütün qüvvələri toplayırlar və bu təlimlər altında maskalanaraq sakitcə ikinci mərhələyə keçirlər, müharibəni modelləşdirirlər. Bu istisna deyil, biz hazır olmalıyıq. Düşmən hərbi təlimlər keçirəndə erməni qoşunları həmişə tam döyüş hazırlığı vəziyyətinə gətirilir”-erməni general deyib. Qarabağ müharibəsinin digər bədnam “qəhrəmanı”, general Arkadi Ter-Tadevosyan isə deyir ki, Rusiya və Türkiyə Azərbaycana Ermənistanla döyüşməyə imkan verməz. Ona görə narahat olmaq lazım deyil. “Bu, əvvəldən planlaşdırılmış təlimlərdir. Bütün texnikanı nümayiş etdirirlər, lakin bizi qorxutmaq çətindir. Lakin istənilən halda hazır olmalıyıq və sübut etməliyik ki, müqavimət gücümüz var”-o bildirib. Ter-Tadevosyan deyib ki, 2016-cı ilin aprelinə qədər Azərbaycan məxfi təlimlər keçirmşdi və bundan sonra hücuma keçmişdi. İndi isə təlimlər barədə əvvəlcədən elan edilib. “Onlara inanmaq olmaz, hər dəqiqə hücuma keçə bilərlər, lakin biz hazır olmalıyıq”-qoca general deyib. Geri qayıt |