Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Nə qədər təzyiqlər olsa da, bu işin axırına kimi gedəcəm..."
"Nə qədər təzyiqlər olsa da, bu işin axırına kimi gedəcəm..."28-03-2018, 12:42 |
Bakı şəhər sakini Rəhim Səfərov həyat yoldaşının ailəsi tərəfindən evinin əlindən alındığını və hazırda övladı ilə görüşməsinə icazə verilmədiyini iddia edir. Bu səbəbdən “Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, Gülzar Səfərova ilə 2010-cu ildə ailə həyatı qurub. Birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsində 3 otaqlı mənzili alınıb. R. Səfərov deyir ki, bir müddət sonra həyat yoldaşının ailəsi evi qadının adına keçirməkdə israr etməyə başlayıb və buna nail olublar: “Ev üçün ödədiyimiz 91 min manatdan yalnız 5 mini həyat yoldaşımın olub. Ötən il həyat yoldaşımın ailəsi təkid etdi ki, mən evi onun adına keçirim. Səbəb kimi isə gələcəkdə işimlə bağlı hər hansı bir problem yaranarsa, evin əlimizdən çıxma ehtimalının olduğu söylədilər. Qeyd edim ki, hazırda Beynəlxalq Daşımalar üzrə nəqliyyat şirkətində işləyirəm. Bu münaqişəyə görə ailə münasibətimizin pisləşməyə doğru getdiyini görüb təzyiqlərə dözməyərək 2017-ci ilin oktyabr ayında evi Gülzar Səfərovaya bağışladım. Üstündən bir neçə ay keçmiş, yəni yanvar ayında həyat yoldaşım yaranmış ailə münaqişəsindən sonra atası Məhəmməd Nooyevin evinə getdi və mənə də boşanmaq istədiyini xəbər göndərdi”. Şikayətçi sonradan öyrənib ki, əmlak bağışlandığı təqdirdə boşanma zamanı ailə fərdləri arasında bölünmür: “Odur ki, aldandığım üçün məhkəməyə müraciət etməli oldum. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə isə əqd barəsində mabahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan onu qaytarmağa borcludur. Boşanma iddiası ilə bağlı məhkəmə prosesimiz olacaq. Mən “xeyr” deməyi düşünürəm. Aldadılmışam və nə qədər təzyiqlər olsa da, bu işin axırına kimi gedəcəm”. “Qafqazinfo” məsələylə bağlı şikayətçi Rəhim Səfərovun qayınatası, Avar-Azərbaycan İctimai Birliyinin sədri Məhəmməd Nooyevlə əlaqə saxlayıb. M.Nooyev haqqında səsləndirilən ittihamları təkzib edərək boşanmanın kürəkəninin hərəkətlərinə görə baş verdiyini bildirib: “O, dələduzdur və ev məsələsi hazırda heç gündəlikdə belə yoxdur. Onun etdiyi yaramaz hərəkətlərə görə övladım məhkəməyə ərizə verib və boşanmaq istəyir. Mülk məsələləri isə hazırda müzakirə olunmayıb, bu, sonrakı məsələdir. Mən ona qarşı heç bir təzyiq göstərməmişəm. 7 il yarımdır o ailəyə mən baxıram. Gecə 11-də evdən çıxıb səhər evə gəlirdi. Mənim övladım ziyalıdır, şərləyib polisə vermişdi. Boğazına bıçaq da çəkib. Dələduzluqla məşğuldur, dəfələrlə onu qurtarmışam. Dediklərinin hamısı boş söhbətdir. Şər-böhtan atdığı üçün onu məhkəməyə verəcəm”. Geri qayıt |