Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İcra başçıları da TƏLAŞDA
İcra başçıları da TƏLAŞDA18-04-2018, 12:42 |
Prezident İlham Əliyev bir neçə gün öncə qarşıdakı müddətdə struktur islahatlarının davamlı olacağını anons etdi. Bu gün isə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, Konstitusiyada qeyd edilib ki, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Azərbaycan Respublikasının yeni seçilən Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün isə Nazirlər Kabineti istefa verir. Konstitusiya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş sayılır. Prezident İlham Əliyevin tezliklə yeni hökuməti təqdim edəcəyi gözlənilir. Bu gün istefaya getmiş sayılan nazirlik bə komitə rəhbərlərinin təlaşda olduğu sirr deyil. İndi onlar yeni hökumətdə yer alıb-almayacaqlarının həyəcanının yaşayırlar. Daha sonra növbənin “əyalət padşahları”na çatacağı istisna edilmir. Söhbət rayon və şəhər İcra hakimiyyətlərinin başçılarından gedir. İslahatların onlardan da yan keçməyəcəyi şübhəsizdir. Bunun əyani sübutunu eks-nazirlər Eldar Mahmudov və Ziya Məmmədov sabiqlər sırasına qoşulduqdan sonra gördük. Eks-nazirlərə yaxın məmurlar əbəs yerə “vurulmadılar”. Prezident İlham Əliyev dəfələrlə işini düzgün qurmayan icra başçılarına xəbərdarlıq edib. Ölkə başçısı Nazirlər Kabinetinin 2017-ci ilin iyulunda sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətinə öz iradlarını daha kəskin bildirmiş və onlara vaxt vermişdi: “Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir”. Qeyd etdiyimiz kimi, bu gün İlham Əliyev növbəti 7 il üçün Azərbaycan prezidentinin səlahiyyətlərinin icrasına başladı. Konstitusiya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş sayılır. Prezident İlham Əliyevin tezliklə yeni hökuməti təqdim edəcəyi gözlənilir. Yeni iqtidar komandasında bəzi nazirlər və onların əyalətlərdəki əlaltılarının yer almayacağı bildirilir. Gözlənilən odur ki, təmsil etdiyi bölgədə “at oynadan”, rayona ayrılan dotasiyanı cibxərcliyi kimi sərf edib öz qohum-əqrəbasına bu dünyada “Cənnət” yaradan, vətəndaşları heçə sayan icra başçılarının “ipi çəkiləcək”. İndi bütün diqqət ölkə prezidentinin verəcəyi qərarlara yönəlib... Geri qayıt |