Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib”
“Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib”18-04-2018, 14:19 |
“Mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqıma dərin təşəkkürümü bildirmək istəyirəm”. APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib. Dövlət başçısı bildirib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”. Prezident İlham Əliyev bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: “Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçki günü yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha göstərir ki, seçkilər xalqımızın iradəsini, fikirlərini əks etdirir. Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim”. *** “Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub”. APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib. “Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”. *** “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm” “Son 15 ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur”. APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib. Dövlət başçısı bildirib ki, prezident seçkiləri kampaniyası bunu bir daha göstərir: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq ”. *** "Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur". APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib. "Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və bu da tarixin zibilxanasıdır. Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz". *** “Bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq və gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq”. APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib. Dövlət başçısı deyib ki, Azərbaycan son 15 il ərzində uğurla inkişaf edib: “Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz çox uğurla inkişaf edir”. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır: “Azərbaycanda yaşayan bütün dinlərin, xalqların nümayəndələri mehribanlıq şəraitində bir ailə kimi yaşayır və bundan sonra da yaşayacaq. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək. Azərbaycan ölkə daxilində dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub. Biz son 15 il ərzində dünyaya bunu nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək. Ona görə ki, dünyada da müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 ildə dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edir. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir. Başqa dinlərin, millətlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və ona bağlıyıq. Təsadüfi deyil ki, 2016 və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri kimi elan olunub”. Geri qayıt |