Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 2 milyardlıq ittiham:

2 milyardlıq ittiham:


30-04-2018, 15:40
2 milyardlıq ittiham:
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun irihəcmli korrupsiyaya görə cəzalandırılacağı bildirilir.

Yenicag.az xəbər verir ki, 11 aprel prezident seçkilərindən sonra nazir postunu itirən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova yönəlik ittihamlar intensivləşməkdədir.

Nazirlər Kabinetinin yeni tərkibinə daxil edilməməsi ilə “vurulan” Səlim Müslümov növbəti və daha sarsıdıcı zərbəyə tuş gəlib. İlk olaraq, “Yeni Müsavat” qəzetində yayımlanan məlumata əsasən, keçmiş nazir fəaliyyətdə olduğu müddət ərzində 2 milyard manat civarında dövlət vəsaitini mənimsəyib:

“Uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb.

Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir”.

Azərbaycan təcrübəsini nəzərə alsaq, sabiq nazir barəsində belə ciddi ittihamın mətbuata sızdırılması məsələnin ciddiliyini və Müslümovun cəzalandırılma ərəfəsində olduğunu söyləməyə əsas verir.

Səlim Müslümova yönəlik 2 milyardlıq ittihamın reallıq dərəcəsini Yenicag.az-a dəyərləndirən Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamda irihəcmli dövlət vəsaitlərinin olmasına baxmayaraq, bu məsələ haqqında konkret faktlar əsasında danışmaq daha doğru olardı:

“Öncə onu deyim ki, bizdə nədənsə, milyardı kiçik məbləğ kimi təqdim edirlər. Əslində isə milyard çox nəhəng puldur. Nazirin iki milyard məbləğində dövlət vəsaitini mənimsəməsi çox ciddi ittihamdır və hesab edirəm ki, bu, real faktlara, auditin nəticələrinə, cinayət işinin istintaqına əsaslanmalıdır.

Eyni zamanda, mənbələr göstərilməlidir ki, hansı təyinat üzrə ayrılmış vəsaitlərdən nə qədəri mənimsənilib. O baxımdan, belə bir ittiham irəli sürərkən, ehtiyatlı olmağı təklif edirəm.
O ki qaldı həmin nazirliyin idarə etdiyi vəsaitlərə, bəli, burada söhbət çox böyük məbləğdən gedir. Məsələn, ünvanlı sosial yardımlara yüz milyonlarla manat vəsait ayrılır.

Bundan başqa, Sosial Müdafiə Fondunun büdcəsi bir neçə milyard manat təşkil edir. Həmçinin, əlilliyi olan şəxslərin reabilitasiyasına, internatlara, ahıllar evlərinə, işsizliyə görə müavinətlərə və sair məqsədlərə yönələn vəsaitlər var. Yəni nazirliyin sərəncamında çox böyük həcmdə dövlət vəsaiti olub.

Mətbuatda belə fikirlərə rast gəldim ki, nazirliyin aparatının saxlanılmasına ayrılmış vəsaitlər – yəni maaşlar və cari xərclər mənimsənilib. Yaxud da, qurumun nəzdində Özünüməşğulluq proqramı və onun da həcmi bu il təqribən beş-altı dəfə artırılıb.

Yəni nazirlik böyük vəsaitləri idarə etsə də, orada 2 milyard manat mənimsəməyə yol verilməsinə dair iddiaları şəxsən mən ciddi qəbul edə bilmirəm. Yenə deyirəm, belə ciddi ittiham konkret fakta söykənməlidir. Ehtimallar üzərində fikir bildirmək doğru deyil.

Mediada hər hansı dövlət qurumunun fəaliyyətinə dair ciddi faktlar dərc olunursa, bu, müvafiq qurumların diqqətini cəlb etməlidir. Ancaq indi dövriyyəyə buraxılan 2 milyardlıq ittihamda konkretlik yoxdur. Ona görə də, hüquq-mühafizə orqanlarının bu məlumatlara necə yanaşacağını deməyə çətinlik çəkirəm.

Qeyd edim ki, mən özüm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə tənqidi yanaşırdım, keçmiş nazir iş başında olanda da qurumun fəaliyyətindəki neqativ məqamlar haqqında danışırdım.

Yəni o nazirliyin fəaliyyətində nöqsanlar olub və onların bir çoxu olduqca ciddidir. Ancaq 2 milyard ittihamına ən doğru qiyməti hüquq-mühafizə orqanları verə bilər. İstənilən halda, mən bu rəqəmi real görmürəm”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, Səlim Müslümova yönəlik məlum ittihamın mediada dövr etdirilməsi sabiq nazir barəsində “hökm verilməsi” kimi başa düşülə bilər:

“Azərbaycanda heç bir nazirlikdə kimlərləsə razılaşdırmadan, birgə əməliyyatlar aparmadan belə iri məbləğin mənimsənilməsi mümkün deyil. Çünki Beynəlxalq Bankla bağlı işdə də gördük, yoxa çıxarılan vəsaitin həcmi o qədər böyük idi ki, həmin mənimsəmə hakimiyyətdəki bir neçə yüksək ranqlı məmurun iştirakı ilə mümkün olmuşdu. Yəni bir nazirin təkbaşına elə böyük məbləği mənimsəməsi istisnadır.

Bu nöqsanlar barəsində biz illərdir ki, danışırdıq. Əsas mənimsəmələr necə baş verib? Burada ilk növbədə ünvanlı sosial yardımların verilməsində tətbiq olunan “qayda”nı qeyd edə bilərik.
Hər kəsə məlumdur ki, vətəndaşa ünvanlı sosial yardım təyin ediləndə, ilk üç, bəzən də altı ay ərzində həmin vəsait insanlardan tutulurdu. Bu, əlbəttə ki, ciddi korrupsiya faktı idi. Belə hallar olub. Ancaq bunun milyardlarla vəsaiti əhatə etməsi ehtimalı aşağı görünür. Fikrimcə, bu ittihamla bağlı rəsmi açıqlama veriləcək və yəqin ki, hər hansı formada istintaq hərəkətləri də olacaq.

Mənə belə gəlir, Səlim Müslümovun ən böyük səhvi onun Sosial Müdafiə Fondunun 2013-cü ildə özünü maliyyələşdirəcəyini vəd etməsi, lakin bunu yerinə yetirə bilməməsi oldu. Aradan beş il keçsə də, Sosial Müdafiə Fondu dövlətdən dotasiya almaqdadır və son ildə bu məbləğ 1,5 milyard manat olub. Konkret desək, Səlim Müslümov son beş il ərzində Fondu özünümaliyyələşdirmə sisteminə keçirə bilmədi. Sabiq nazirin indi hədəfə çıxarılmasının əsas səbəbi bəlkə də budur.

Açığı, dediyimiz məsələ medianın gündəminə oturubsa, bunun nəticə verəcəyinə əminəm. İnanıram ki, Müslümovu cəzalandırmaq niyyətləri olmasaydı, bu ittiham mediaya çıxmazdı. Ancaq ehtimal olunan cəza Müslümovun həbsi, yaxud yeni işdənçıxarma dalğası ilə nəticələnəcək, bunu hələlik bilmirik. Məsələnin mediaya çıxması onu göstərir ki, hakimiyyətdaxili bəzi qüvvələrin Müslümovun cəzalandırılmasına qərar verdiklərini söyləməyə əsas yaradır”.

Geri qayıt