Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cümhuriyyətin 100-cü ilində yüzlərlə ailə sevinəcək...

Cümhuriyyətin 100-cü ilində yüzlərlə ailə sevinəcək...


9-05-2018, 11:24
Cümhuriyyətin 100-cü ilində yüzlərlə ailə sevinəcək...
Mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı 10 mayda əfv sərəncamının verilməyəcəyi dəqiqləşib. Buna səbəb də Əfv Komissiyasının iclaslarını yekunlaşdırmaması və yekun siyahıları prezidentə göndərməməsidir.

Amma bununla belə, sərəncamın imzalanacağına olan ümidlər davam edir. 28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı əfvin veriləcəyi deyilir. Amnistiya aktının qəbulu da gündəmdən düşmür. Doğrudur, parlamentin son iclasında bu məsələ müzakirə edilmədi. Lakin Milli Məclisin qarşıdakı iclaslarında Ombudsman Elmira Süleymanovanın amnistiya təşəbbüsünün müzakirə ediləcəyi və aktın qəbulu gözlənilir.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında ayın sonuna qədər əfv sərəncamının veriləcəyini istisna etmədi: “İclaslarımız davam edir. Yaxın vaxtlarda başa çatacaq. Ümid edirəm ki, cənab prezident tərəfindən bu sərəncam imzalanacaq. Bu, prezidentimizin konstitusion səlahiyyətidir. Əfvə düşənlər və bunların dairəsi cənab prezident tərəfindən müəyyən edilir. 10 mayda əfvin olmamasının əsas səbəbi komissiyanın iclaslarının davam etməsidir. Başqa bir səbəb yoxdur. Müraciətlərə hərtərəfli baxılır, geniş araşdırmalar gedir. Ümid edirəm ki, bu ay əfv sərəncamı olacaq. ”Əfv sərəncamı haqqında" əsasnaməyə görə müraciətlərə baxılma müddəti var. Daxil olan müraciətə üç ay müddətində baxılmalıdır.

Çünki bu müddət ərzində məlumat verilir və müvafiq arayışlar toplanır, rəylər alınır. Bu günlərdə müraciətlər edilirsə, onların gündəliyə çıxarılması mümkün deyil. Hazırda söhbətlər üç ay öncəyə qədər olunan müraciətlərdən gedir. Əfv sərəncamından sonra amnistiya aktının qəbul olunma ehtimallarını yüksək görmürəm. Cinayət Məcəlləsinə edilmiş çoxsaylı dəyişikliklər, həmin dəyişikliklər nəticəsində ayrı-ayrı işlərin məhkəmələrə verilib, məhkəmələr tərəfindən baxılması məsələləri hələ tənzimləndiyi üçün amnistiyanın olacağını dəqiq söyləmək çox çətindir. Çünki həyata keçirilən çoxsaylı tədbirlər qısa müddətdə amnistiyanın qəbulu şanslarını azaldır. Lakin unutmaq olmaz ki, bu, Milli Məclisin səlahiyyətində olan məsələdir. Cümhuriyyətin 100 illiyi ilə bağlı ola bilsin ki, qanunverici orqan aktı qəbul etsin, bu istiqamətdə müəyyən addımlar atsın. Buna ən yaxşı cavabı Milli Məclisin deputatları və komitələri verə bilər".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hökumətin heç vaxt əfvlə bağlı konkret zamanı açıqlamadığını bildirdi: “Siz nə vaxtsa eşitmisiniz ki, hökumət konkret tarixdə əfv sərəncamı verəcəyini bəyan etsin. Məsələn, deyiblər ki, Novruz bayramında əfv olacaq, amma konkret günü özlərində saxlayıblar. Ombudsman dedi ki, AXC-nin yüz illiyi ilə bağlı amnistiya olsun. Ona görə bu vəziyyət yaranır ki, sənədə prezident qol çəkir. Heç kim də bu tarixi bilə bilməz. Bundan sonra da konkret tarix barədə bir söz deyilməyəcək. Unutmaq olmaz ki, həm əfv, həm də amnistiya var. Elə məhbuslar var ki, əfv üçün müraciət ediblər, amma amnistiyaya düşə bilərlər. Həmin məhbusun maddəsinə baxmaq lazımdır. Söhbət əfv və amnistiyada yalnız siyasilərdən getmir. Çünki ədalətli və ya ədalətsiz tutulan o qədər məhbus var ki. Amnistiya və ya əfv olarsa kimlərin düşəcəyi məlum olmalıdır. Proses çox çətindir. Müraciətlər də durmadan artır. Məhbusların yaxınları çox aktiv olmalıdır. Hazırda vəkilliklə bağlı da ciddi problemlər var. Bu və ya digər problemlərin may ayına saxlanılmasının prezident seçkiləri ilə əlaqədar olduğunu düşünürəm. 28 mayda əfv olmayacağını düşünmürəm. Çünki bununla bağlı çağırışlar kifayət qədər çoxdur. İnsanların gözünü yolda qoyacaq hadisənin baş verəcəyinə inanmıram. Amnistiya təşəbbüsü bir dəfə qaldırılır. Bu təşəbbüs qaldırılandan sonrakı parlamentin son iclasında deputatlar öz əməkhaqlarını qaldırmaq barədə düşündülər, ”əməklərini" buna sərf etdilər. Bu iclasda əhalidə qıcıq doğuracaq təkliflərlə çıxış etdilər. Əsas problemi yaddan çıxardılar".

Geri qayıt