Əsas Səhifə > Güney Press, Reklam > Azərbaycanın ən yaxşı startapı seçildi
Azərbaycanın ən yaxşı startapı seçildi9-06-2018, 10:22 |
DİA.AZ: - “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA universitetinin dəstəyi ilə ölkəmizdə 6-cı dəfə təşkil olunan Seedstars World müsabiqəsinin qalibi bəlli olub. İyunun 8-də ADA Universitetində baş tutan final mərhələsində münsiflər heyəti tərəfindən seçilən 10 yerli startap öz layihələrini təqdim edərək Azərbaycanın ən yaxşı startapı adı uğrunda mübarizə aparıblar. Qaydalara əsasən müsabiqəyə 2 ildən daha az müddətdə fəaliyyət göstərən, real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar qoşula bilərdilər. Beləliklə münsiflərin səs verməsi ilə Elçin Əsgərovun "Onbranch" layihəsi innovativ dayanıqlı həllinə görə Azərbaycanın ən yaxşı startapı adına layiq görülüb. "Tap2Doc" layihəsi ilə Ceyhun Cəfərov 2-ci yerin qalibi, “Owbike” layihəsi ilə isə Həsənağa Azad 3-cü yerin qalibi olublar. Mükafatın bir hissəsi olaraq, "Onbranch" layihəsi 2019-cu ilin aprelində İsveçrədə keçiriləcək beynəlxalq Seedstars Sammitində iştirak edəcək. Bir həftə davam edəcək təlim proqramı zamanı startapımızın dünyanın inkişaf etməkdə olan 65-dən çox ölkəsinin qaliblərilə, həmçinin investor və mentorlarla görüşmək imkanı olacaq. Sammitin son günündə yerli qaliblər 1000 nəfərlik auditoriya qarşısında layihələrini təqdim edəcəklər və 1 milyon ABŞ dolları həcmində investisiya uğrunda yarışacaqlar. DİA.AZ xəbər verir ki, tədbirin media dəstəyi technote.az portalı və Barama Media tərəfindən təmin edilib. Mi Mobile distribyutor şirkəti tərəfindən qaliblərə hədiyyələr təqdim olunub. İnkişaf etməkdə olan və sürətlə böyüyən bazarlara dünya turunu davam etdirən Seedstars World-ün növbəti dayanacağı Qazaxıstanın Astana şəhəridir. Seedstars regional məsələlərin həllini hədəfləyən və onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Seedstars World inkişaf etməkdə olan bazarlarda keçirilən dünyanın ən böyük startap yarışmasıdır. Tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır. Məlumat üçün bildirək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri–startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır. Geri qayıt |