Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Oqtay Şirəliyevin “Pirr qələbəsi”
Oqtay Şirəliyevin “Pirr qələbəsi”16-07-2018, 15:42 |
Son illərdə Azərbaycanda sağalmayan xəstəliyə çevrilən səhiyyə sisteminin problemləri haqqında çox danışılmasına, müzakirələr aparılmasına baxmayaraq relsdən çıxmış qatarı heç cürə xəttə qaytarmaq mümkün olmur. Sirr deyil ki, rüşvətxorluq və total korrupsiya bu sistemi çökdürüb. Dövlətin yetərincə diqqət və qayğısına rəğmən Azərbaycan səhiyyəsi qonşu dövlətlərin səhiyyəsinə nisbətdə gülünc durumdadır. Xəstəyə potensial qazanc mənbəyi kimi yanaşılan, insan talelərinin heçə sayıldığı bu sistemdə hər şey əlahəzrət pulun iradəsinə tabe edilib. Pulsuz xəstənin baxımsızlıqdan ölməsi Azərbaycanda sıradan bir hadisədir. Ümumiyyətlə səhiyyədə formalaşan korrupsioner şəbəkə nəinki bu günümüzü, eləcə də xalqın gələcək genefondunu təhlükə altında qoyur. Keyfiyyətsiz dərmanlar, bu keyfiyyətsiz dərmanların lazım oldu-olmadı xəstələrə “sırınması” insan sağlamlığı üçün təhlükədir. Lakin, daha çox qazanmaq üçün gündən-günə azğınlaşan bu “dərman çetesi” həyatımızı riskə atmaqda davam edir. Uzun illərdir ki, Səhiyyə nazirliyinə rəhbərlik edən Oqtay Şirəliyevin fəaliyyəti bu sistemi tamamilə çökdürüb. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə, yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, Gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar. Şirəliyev həkimlərin tamamilə ələbaxan, cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı. Siyahını kifayət qədər uzatmaq olar. Çünki O. Şirəliyevin “xidmətlərini” öz həyatında dadmayan Azərbaycan insanı tapmaq mümkün deyil. İmkanı olan müalicəsi üçün bu ölkədən başını götürüb qaçır. Bundan böyük dövlətə, vətənə, xalqa xəyanət düşünürsünüzmü, cənablar və xanımlar? Azərbaycan səhiyyəsinin ən yaralı yerlərindən biri də savadsız kadrların xəstəxanalarda at oynatmasıdır. Ürəyin yerinə böyrəyi, gözün əvəzinə qulağı müalicə edən, sol ayağın yerinə sağ ayağı kəsən həkimlərimizin “möcüzələri” bütün dünyaya əyandır. Bunun da kökündə yenə də təbii olaraq total rüşvət dayanır. Ağına-bozuna baxmayaraq pulunu alıb xəstəxanalara doldurulan savadsız, təcrübəsiz həkimlər insan taleləri üzərində təcrübə keçirlər. Bu da Şirəliyev səhiyyəsinin növbəti “uğurudur”-insanları təcrübə “dovşanlarına” çevirmək! Ümumiyyətlə nazirliyin Kadrlar şöbəsinin hansı işlə məşğul olduğu məlum deyil. Şöbə müdiri Kəmalə Mehdiyevanın ya proseslərə müdaxilə etmək imkanı yoxdur, ya da özü proseslərin axarına qoşularaq xəstələrin taleyin ümidinə buraxılması ilə barışıb. Çünki, xəstəxanalara vakansiyaların verilməsi, bu zaman hansı oyunların baş verdiyini hamı bilir. Rubrika.Az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən tanınmış, gəlirli xəstəxanalara vakant yerlərə həkim qəbulu prosesi daha çox “göndəriş” üsulu ilə həyata keçirilir. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. Səhiyyə sistemində “saç ağartmış”, təqaüd yaşını keçsə də “xalqa xidmətdən” yorulmayan Kəmalə xanım məgər bunları bilmirmi?, Bu barədə nazirliyin Kadrlar şöbəsində nələr baş verir? Hazırda jurnalist araşdırmalarımız davam edir, yaxınlarda Kəmalə Mehdiyevanın qanunsuz əməlləri ilə bağlı faktlara əsasən yazılar dərc edəcəyik. İyulun əvvəlində baş verən enerji böhranından sonra prezident yanındakı müşavirədə ən sərt ittihamlar Səhiyyə nazirinin ünvanına səsləndirildi. Adicə generator tapılmayan xəstəxanalarla səhiyyənin analoqsuz inkişafından danışan O.Şirəliyevin “Pirr qələbəsi” ifşa olundu. Düşünmək olardı ki, bu boyda biabırçılıqdan sonra O. Şirəliyev dərhal istefa verəcək, xalqdan və dövlət başçısından üzr istəyəcək. Ancaq deyəsən “vəzifə xəstəliyinə” yoluxan və Azərbaycanda müalicəsi tapılmayan O. Şirəliyev hələ də öz “islahatlarını” davam etdirmək istəyir. Hansı haqla, hansı əsasla? Dövlət başçısının etimadından, humanizmindən bu qədər sui-istifadə etmək olarmı? Axı, vəzifədən çıxarılması haqqında əmrin hazırlanmasına baxmayaraq xahiş-minnətlə öz postunu qoruyan O.Şirəliyev nəyə nail olmaq istəyir? Ölkənin səhiyyə sistemini gülüş obyektinə çevirməsi bəs deyilmi? Bu tragikomediya hələ nə qədər davam etməlidir ? Müalicəsi mümkün olmayan orqanı xəstənin həyatını xilas etmək üçün kəsib atırlar. Zamanı deyilmi? Rubrika.Az Geri qayıt |