Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İbrahimovun həbs olunan qardaşının cinayət dosyesi
İbrahimovun həbs olunan qardaşının cinayət dosyesi3-08-2018, 12:40 |
Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib. Bu, S. İbrahimovun ilk həbsi deyil. BakuPost xəbər verir ki, iş adamının adı dəfələrlə qalmaqallı hadisələrdə hallanıb. O, ən son vergidən yayınma cinayəti ilə gündəmə gəlib. Belə ki, 2016-cı ilin noyabr ayında S. İbrahimov Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılmışdı. Həmin vaxt bildirilirdi ki, sahibkar kimi vergi uçotuna dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınıb. Dəfələrlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödməyib. Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca saxlanılıb. 2 gün nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan tapşırıqla sərbəst buraxılmışdı. Bundan əvvəl isə S. İbrahimov intihar hadisəsi ilə gündəmə gəlmişdi. Belə ki, 2015-ci ilin iyun ayının 20-də keçmiş komitə sədri Nazim İbrahimovun qaynı, iş adamı Məzahir Cəfərov özünü asaraq intihar etmişdi. M. Cəfərovun adı isə dələduzluq faktlarında hallanırdı. "STS" və "Sahil D Company" MMC-nin direktoru olan Məzahir Cəfərov 12 mart 2015-ci ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığında ittiham edilmişdi. M.Cəfərov Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla ittiham olunurdu. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manat ələ keçirməsində təqsirləndirilirdi. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunurdu ki, istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənib. Açılmış cinayət işi martda baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Lakin işin arxasında başqa adamların dayandığı da açıqlanmışdı. Bildirilirdi ki, sözügedən iş əslində Nazim İbrahimovun qardaşı Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev adlı iş adamları ilə bağlıdır. Sahib İbrahimov və İlham Qasımovun həmin dövrdə mətbuata verdiyi müsahibədən aydın olurdu ki, əslində bu şirkətlərin sahibləri Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev olublar. Məzahir Cəfərovun adı isə yalnız icraçı direktor kimi keçib. Sahib İbrahimov həmin müsahibə deyir: "Məzahir icraçı direktor idi. Taleh səlahiyyətlərinin bir qismini yerinə yetirə biləcək adamları təyin etmək iqtidarında olub. Məzahir müəyyən sahələr üzrə sənədləşmələr aparır, Talehin tapşırıqlarını yerinə yetirirdi. Düşünürəm ki, İlham Qasımov Məzahiri aldadıb, çox sənədə qol çəkdirib, "hər şey yaxşı olacaq", deyərək arxayın salıb. O da sənədlərə imza atıb, satdığı evlərin pulunu İlhama təhvil verib". İlham Qasımov isə əksinə, Məzahir Cəfərovu Sahib İbrahimovun "qurbanı" adlandırmışdı. M. Cəfərovu intihar həddinə çatdıran şəxsin və şəxslərin kim olduğu, ümumiyyətlə onun intihar hadisəsi Prokurorluq tərəfindən araşdırılırdı. M. Cəfərovun müəmmalı intihar hadisəsi ilə bağlı həm onunla uzun illər bir yerdə çalışan Sahib İbrahimov, həm də intihar edən şəxsin şəriki "Galaxy Palace" tikinti şirkətinin rəhbəri İlham Qasımov işi aparan müstəntiq tərəfindən dindirilmişdi. Araşdırılma aparılsa da, sonradan işlə bağlı ictimaiyyətə müfəssəl məlumat verilmədi. Sonralar tamam başqa məsələlərə görə İlham Qasımov həbsə atıldı. Sahib İbrahimov isə qardaşı Nazim İbrahimovun himayəsi sayəsində "dəmir barmaqlıqlara” salınmamışdı. İbrahimovların "vurulması” isə görünür, ilk növbədə müxtəlif cinayətlərdə adı keçən kiçik qardaşa - Sahibə baha başa dəldi... Mövzuyla bağlı əlavə materiallarımız olacaq. Geri qayıt |