Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in Barama mərkəzi növbəti məzunlarını yola salıb

Azercell-in Barama mərkəzi növbəti məzunlarını yola salıb


4-08-2018, 10:36
Azercell-in Barama mərkəzi növbəti məzunlarını yola salıb
DİA.AZ: - “Azercell Telekom” MMC tərəfindən ölkəmizdə sahibkarlığın və innovasiya mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində “Barama Graduation Ceremony” tədbiri baş tutub. Bu, Barama Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi ikinci startap inkubasiya proqramının bağlanış mərasimi olub.

DİA.AZ xəbər verir ki, tədbir çərçivəsində artıq məzun olan, eləcə də mərkəzdə fəaliyyətini davam etdirəcək startaplar iştirak edib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin fəaliyyətindən və bu illər ərzində həyata keçirdiyi layihələrdən söz açaraq, 9 il ərzində Barama Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.

Tədbirdə proqramı uğurla başa vurmuş startapın adı açıqlanıb. Belə ki, “Barama İnkubasiya Proqramı”nı keçərək bugün məzun olan və uğurlu şirkətə çevrilən “Technote Media” şirkəti ən uğurlu startap seçilib. “Technote Media" Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir. Barama Mərkəzində fəaliyyət göstərən zaman bir çox uğurlara imza atan və ölkəmizi Web Summit, The Next WEB, Cannes Lions və s. kimi texnologiya sahəsində keçirilən dünyanın ən nüfuzlu tədbirlərində təmsil edən ilk və yegənə media qurumu olub.

Məzun olan digər startaplar arasında müştərilərinə yerli istehsal hesabına hazırlanmış GPS izləmə cihazları və sistemi təklif edən “Automaks”, istifadəçilərə reklama baxmaqla pul qazanmaq, şirkətlərə isə reklam strategiyalarını daha effektiv həyata keçirməyə imkan verən, effektivliyi təmin etmək üçün müxtəlif texnologiyalardan istifadə edən mobil tətbiqin hazırlanmasını nəzərdə tutan “BonAdve”, elektron qan donorluğu platformasını hazırlayaraq qana ehtiyacı olan xəstələrin sürətli və effektiv formada donor tapmasını təmin edən “e-Donor”, istifadəçilərinə müəyyən büdcə daxilində səyahət planlaması imkanı yaradan “Tripparo” və sürücülərin sükan arxasında yuxulayaraq qəza şəraiti yaratmasının qarşısını alan innovativ eynəyin hazırlanmasını əhatə edən, həmçinin Azərbaycanı Seedstars 2017 qlobal startap müsabiqəsində təmsil edən “WakeMeUp” startapları olub.

Geri qayıt