Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Prezidentə yalan danışdığı deyilən sahibkarla bağlı YENİ FAKTLAR

Prezidentə yalan danışdığı deyilən sahibkarla bağlı YENİ FAKTLAR


9-08-2018, 11:52
Prezidentə yalan danışdığı deyilən sahibkarla bağlı YENİ FAKTLAR
DİA.AZ Hörmətlə AzFakt.com saytının Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova “Qara İnək” MMC ilə bağlı müraciətini təqdim edir:

"Cənab Baş Prokuror! Sizə müraciətimiz Ağdam rayonunun Əfətli kəndində fəaliyyət göstərən “Qara İnək” MMC fermer təsərrüfatının dövlət əmlakını mənimsəməsi ilə əlaqədardır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, “Qara İnək” MMC fermer təsərrüfatı 2008-ci ildən fəaliyyət göstərir. Cins növ iribuynuzlu mal-qaranın yetişdirilməsi, süd istehsalı ilə məşğul olur. Öz fəaliyyətini genişləndirmək üçün AR Sahibkarlığa Kömək Fondu vasitəsilə dövlətdən 1000000 (bir milyon) manatdan çox güzəştli kredit götürmüşdür. Fermer təsərrüfatının rəhbəri, özü də Vəkillələr Kollegiyasının üzvü olan Fuad Əyyubzadə 2016-cı ilin aprel ayında Qarabağda gedən döyüşlər zamanı erməni silahlı birləşmələrinin zərbələri nəticəsində həmin təsərrüfatın da zərər çəkdiyini mətbuata bildirmiş, lakin zərərin miqdarını 3 müxtəlif rəqəmlə ifadə etmişdir. Belə ki, 2016-cı ilin aprel ayının 28-də Report İnformasiya Agentliyinə verdiyi açıqlamada 11 baş iribuynuzlu heyvanın öldüyünü, 19-nun isə yaralandığını elan etmişdir. Cəmi bir gün sonra isə Fuad Əyyubzadə dövlətin rəsmi İnformasiya Agentliyi AzərTAC-a verdiyi açıqlamada müəssisədəki inəklərdən 12-nin tələf olduğunu, 25 başının isə yaralandığını bildirmişdir. 2018-ci ilin yanvar ayında cənab Prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirdiyi müşavirədə isə Fuad Əyyubzadə bir qədər də irəli gedərək, artıq 200 baş inəyin tələf olduğunu, hətta fermanın bir-neçə texniki hissəsinin sıradan çıxdığını qeyd etmişdir.

Bunun nəticəsində həmin şəxs “Qara İnək” Fermer Təsərrüfatının 500000 (beş yüz min) manata yaxın kredit borcunun dövlət tərəfindən silinməsinə nail olmuşdur. Əlbəttə bu proseslə bağlı bir-çox suallar ortaya çıxır ki, bəs:

• İnəklərin ölməsi hansı sənədlərlə təsdiq edilir?

• Həmin sənədlərin hazırlanmasında dövlətin, xüsusən kredit verən təşkilatın nümayəndəsi iştirak edibmi?

• Əgər doğurdan da zərər varsa və göstərilən məbləğdədirsə onda nəyə görə həmin zərər sığorta təşkilatı tərəfindən qarşılanmayıb, əksinə dövlət hesabına silinib?

Bütün bu məsələlərlə bağlı bir-neçə dəfə “AzFakt.com” portalında silsilə məqalələr də getmişdir. Bundan əlavə göstərilən faktların yoxlanması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün İqsadiyyat nazirinin müavini Sahib Məmmədovun imzası ilə göndərilən rəsmi məktubda "Qara İnək" MMC ilə bağlı Ağdam Rayon Prokurorluğuna müraciət olunduğu və araşdırma aparıldığı bildirilib. Lakin Ağdam rayon prokurorluğu ötən aylar ərzində məsələni araşdırmamış, buna səbəb isə prokurorluğun səlahiyyətinin yetmədiyini göstərir.

Halbuki, AR CPM-in 207.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;

207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;

207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.

Qeyd edək ki, İqtisadiyyat nazirinin birinci müavini Sahib Məmmədov iyun ayının 7-də saytımıza (Azfakt.com) göndərdiyi rəsmi məktubda yuxarıda qeyd edilənlərin araşdırılması üçün Ağdam rayon prokurorluğuna müraciət etdiklərini bildirir.

Ancaq göründüyü kimi Ağdam Rayon Prokurorluğu cinayət-prosessual qanunvericiliyin tələblərini pozaraq daxil olmuş məlumatlara hüquqi reaksiya verməmişdir.

Cənab Baş Prokuror,

Xahiş edirik “Qara İnək” MMC fermer təsərrüfatının rəhbərliyinin göstərilən qanunsuz əməllərinin araşdırılaraq hüquqi qiymət verilməsi barədə göstəriş verəsiniz".


Geri qayıt