Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Generala mənfi xasiyyətnamə verilib
Generala mənfi xasiyyətnamə verilib31-10-2018, 12:51 |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Open.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmədə Sübahir Qurbanovun vəkili Adil İsmayılovun hakimlər kollegiyasına etirazıyla bağlı qərar elan olunub. Hakim Sahibxan Mirzəyev bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev etiraza baxıb və onu təmin etməyib. Daha sonra vəkil İqbal Həsənov Dövlət Töhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini tələb edib. O bildirib ki, təqsirləndirilənlərin şəxsi işlərinin alınması istəyib: “Cinayət işinin materiallarında təqsirləndirilən şəxslərə DTX-nın İnspeksiya İdarəsinin verdiyi xasiyyətnamələr var. Dörd nəfərə - Sübahir Qurbanov. Füzuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədova mənfi xasiyyətnamə verilib. Bu adamlar barədə nəyə əsasən mənfi xasiyyətnamə verildiyi məlum deyil. Özüm DTX-ya sorğu göndərsəm də, hüquqlarını müdafiə etdiyim F.Əliyev və Z.Məmmədovun şəxsi işini ala bilməmişəm. Halbuki bu adamlar dəfələrlə mükafatlandırılıblar, onlara niyə mənfi rəy verilməlidir?” Təqsirləndirilən MTN polkovniki Füzuli Əliyev də narazılıq edib: “O çıxarış da xasiyyətnamə deyil, biz orada ittiham olunuruq. Təqsirsizlik prezumpsiyası pozulub. İstəyirik müdafiə hüququmuz təmin olunsun, heç olmasa, xasiyyətnamənin surəti göndərilsin”. Vəkil bildirib ki, ittiham epizodlarından birində zərərçəkmiş MTN-dəki hədə-qorxulara görə evini satıb Füzuli Əliyevə verdiyini deyir. Lakin müvafiq icra orqanlarından alınan sənəddən görünür ki, onun dediyi ünvanda ümumiyyətlə, ev olmayıb: “Olmayan evi necə satıb verib bu?” Müdafiəçi həmçinin MTN-ə giriş-çıxışlarla bağlı jurnalın alınıb baxış keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb. Məhkəmə noyabrın 2-də davam edəcək. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib. Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb. Bundan başqa təqsirləndiriləndən Eşqin Əliyev və Anar Şirəliyevin cəza müddəti başa çatdığından azadlığa çıxıb. Geri qayıt |