Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Eldar Əzizov Eldar Mahmudovun adamına bata biləcəkmi?

Eldar Əzizov Eldar Mahmudovun adamına bata biləcəkmi?


5-11-2018, 10:23
Eldar Əzizov Eldar Mahmudovun adamına bata biləcəkmi?
Hökumət gələn il üçün büdcədə uşaq bağçalarının ərzaq xərclərini 2018-ci ilə nisbətən birdən-birə 6 dəfəyə yaxın artıraraq 17 mln. manatdan 99.3 mln. manata çatdırıb. Məsələ rəqəmlərdə deyil. Digər məqamlara keçməzdən öncə cumhuriyyet.az olaraq iqtisadçı ekpert Rövşən Ağayevin son büdcə dəyişikliyi ilə bağlı təhlilini diqqətinizə çatdırırıq:
Uşaq bağçalarının ərzaq xərci 6 dəfə artırılıb
“Əvvəla, necə olur ki, 2017-ci ildə bağçaların ərzağına 41.6 mln. manat xərclənir, 2018-ci ildə həmin xərclər 2.5 dəfə kəsilərək 17 mln. manata endirilir, sonra birdən-birə 6 dəfə artırılır. Əgər gerçəkdən də çocuqlar bağçalarda pis-yaxşı ərzaq alırlarsa, onların ərzağının pulu birdən-birə 2.5 dəfə azaldılanda necə qidalanıblar? İkincisi, uşaq bağçalarının fəaliyyətinin təmin edilməsi, o cümlədən ərzaq təchizatının təşkili yerli icra orqanlarının səlahiyyətindədir. Bu qurumlar hesabatlı deyillər və tamamilə qapalıdırlar. Ona görə onların xərcləmə səlahiyyəti mümkün qədər məhdud, sərəncalarında maliyyə nə qədər az olsa, o qədər yaxşıdır. Hesablama Palatası bağçaların ərzaq xərclərinin 6 dəfə artmasını NK-nın “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərinin” təsdiq edilməsi barədə 12 yanvar 2018-ci il 12 nömrəli qərarı ilə izah edir. Həmin sənəd ərzaq təminatı üçün yeni qaydalar müəyyən edir və bu qaydaya görə hər uşaq il ərzində 210 gün qida almalıdır. Uşaqların qida normativləri isə NK-nın 19 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə təsdiqlənib. Həmin qərarda 1-6 yaş intervalında hər bir yaş qrupu üzrə uşaqların hansı qidadan nə qədər istehlak etməli olduğu müəyyən edilir.”
Bir sözlə, Bağçaya uşaq göndərən valideynlər bilməlidir ki, onların övladının qida xərci 6 dəfə artıb. Hüquqlarımızı tələb edə bilməsək də, ən azı xəbərdar olmalıyıq.
Eldar Yunusovun “baxça biznesi”
Məktəbəqədər uşaq müəssisələri Təhsil Nazirliyinin tabeliyindən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilməsindən sonra, bu sahədə mövcud olan problemlər azalmaq əvəzinə, uzun illərdən bəri mövcud olan nöqsanların sırasına yeniləri də əlavə olunub. Məhz bundan sonra azyaşlıların uşaq bağçalarına qəbul prosesi bir xeyli çətinləşib. Mediada yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, bu gün əksər məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik hökm sürür. Əksər bağçalarda bir qayda olaraq, yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər isə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər. Az sayda uşaqlar təmənnasız götürülsə də, böyük əksəriyyət məhz pulla qəbul edilir. Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə bu sahəyə rəhbərlik edən Eldar Yunusov tərəfindən müəyyən edilir.
Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır. Eldar Yunusovun rəhbərlik etdiyi dövlət müəssisəsində qohumlardan ibarət komanda yaratdığını bilməyən yoxdur. Yaxın qohumu olan Fuad adlı şəxsi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş mühasib təyin etməklə E. Yunusov bütün maliyyə məsələlərini nəzarətə götürüb . Məhz yaxın qohumunu idarənin maliyyə məsələlərinə rəhbər təyin etməklə E. Yunusov baş verən bütün qanunsuzluqları, şübhəli maliyyə əməliyyatlarını ört-basdır edə bilir. E. Yunusovun yaxın qohumu idarədə təkcə mühasibat işləri ilə məşğul olmur. Baxça müdirlərinə nəzarəti və onlardan alınan “haqq” məsələsini də Fuad həyata keçirir. Əgər qanunla nəzərə alsaq ki, dövlət müəssisəsində bir şöbəyə rəislik edənin yaxın qohumu həmin şöbədə baş mühasib olmamalıdır. Məgər bunun nə qədər qanuni olub-olmamasının hüquq-mühafizə orqanlarının araşdırması vacibdir. Açıq-aydın görünür ki, Eldar Yunusovun öz yaxın qohumunu baş mühasib təyin etməsi məqsədyönlüdür.
Əgər Eldar Yunusovun adi məmurun yaşayışından fərqlənən dəbdəbəli, zəngin həyat tərzinə baxsaq bunun heç də halal maaşdan qaynaqlanmadığını görərik. Çünki, sürdüyü bahalı avtomobili halal maaşla almaq üçün E. Yunusova yemədən-içmədən bir neçə onilliklər lazım olardı. Elə paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlər də onun məmur fəaliyyətindən daha çox bizneslə məşğul olduğunu göstərir.
Müəmmalı İsrail səfərlərinin sirli pərdəarxası
Mötəbər mənbələrin bildirdiyinə görə, Eldar Yunusov ildə bir neçə dəfə İsrailə müəmmalı səfərlər edir. Bu səfərlərin sayını bilmək üçün onun xarici pasportuna vurulan möhürləri saymaq kifayətdir. E. Yunusovu İsrailə bağlayan heç də bu ölkənin təbiəti və yaxud tarixi abidələri deyil. Bu səfərlər onun bu ölkədə tək biznes maraqlarını təmin etmək məqsədi daşımır. İsraildə olarkən onun keçirdiyi gizlin, müəmmalı görüşlərin də araşdırılması zəruridir. Bir məmurun belə gizlin görüşləri sıradan bir fakt hesab olunmamalıdır. Etibarlı mənbənin verdiyi məlumatlara əsasən E.Yunusov eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyətində İqtisadiyyat komitəsinin sədri vəzifəsini icra edir. O, bu vəzifəni daşımaqla başçısı ilə olan münasibətlərinin daha yüksək səviyyəyə çatmasına nail olmuşdur və o bundan da məharətlə istifadə edərək “sirli” qazanclara sahib çıxmışdır.
Bu gün cidd-cəhdlə gizlətməyə çalışsa da Eldar Yunusovun zamanında MTN şefi Eldar Mahmudovla olan sıcaq münasibətləri də hər kəsə bəllidir. Zamanında E. Mahmudovun adamı olduğunu fəxrlə bildirən, hətta bu yolla külli miqdarda pul qazanan E. Yunusovun oğlu da bu yaxınlıqdan öz nəsibini alıb. Eldar Yunusovun oğlu hərbi xidmətini ordu sıralarında deyil, keçmiş MTN-nin hərbi hissəsində, mühafizə taborunda aparıb. Həm də bu xidmətin ilk beş ayı, məhz Eldar Mahmudovun rəhbərlikdə olduğu dövrə təsadüf edib. Zamanında bu taborda xidmət etmək üçün 10-15 min manat “şirinlik” tələb olunsa da Yunusovun oğlu bu imkandan havayı yararlanıb. Ümumiyyətlə, adaşların bu dostluğu həm də çoxşaxəli iqtisadi maraqlara söykənib. Bu qarşılıqlı maraqlar hər iki tərəfə kifayət qədər qazanc gətirib.
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir?
Eldar Yunisovun rəhbərlik etdiyi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş verən rüşvətxorluq və korrupsiya Qüdrət Şükürovun uzun illər baş direktor olduğu Bakı Lift-Təmir İstehsalat Birliyində baş verənlərdən heç də geri qalmır. Google üzərindən bir axtarış kifayətdir ki, bu təşkilatda baş verən mənimsəmələrlə bağlı saysız faktlarla qarşılaşaq. İddialara görə Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində olan bağça və uşaq evlərinə uşaq qəbulu yüz mantlarla ölçülür. Yenixeber.org-a daxil olan məlumata görə, bu qiymət məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin yerləşdiyi ərazidən asılı olaraq dəyişsə də, baş verən proseslər eynidir. Əgər nəzərə alsaq ki, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində 350-yə yaxın müəssisə var, o zaman korrupsiaysının səviyyəsini təsəvvür etmək mümkün olar. Ölkə mediasının yazdığına görə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əməkhaqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən büdcə vəsaitlərinin talan edilməsi üzə çıxıb. Bu isə həm də iddia deyil, Hesablama Palatasının dövlət büdcəsindən 2016-cı il aprelin 1-dən 2018-ci ilin aprelin 1-dək olan dövrdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin necə istifadə edilməsini müəyyən etmək üçün həyata keçirdiyi audit zamanı aşkar olunub. Eyni zamanda audit zamanı malların (işlərin və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ının və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının tələblərinə əməl olunmaması, yeni fəaliyyətə başlamış 2 məktəbəqədər təhsil müəssisəsi üzrə əsaslı təmir və tikinti işlərinin əsas fondların dəyərinə əlavə edilməməsi, eyni zamanda, inventar və avadanlığın uçota alınmaması, auditlə əhatə olunan dövrdə İdarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində alınaraq quraşdırılmış elektrik və su sayğaclarının dəyərinin balansa götürülməməsi hallar üzə çıxıb. Hesablama Palatasının auditi zamanı malların (işlərin və xidmətlərin) satınalınması prosesində üzə çıxan ciddi nöqsanlar isə daha dərindən aradırmalar tələb edir.
Bəzi məlumatlara görə, Qüdrət Şükürov qalmaqalından sonra Eldar Yunisovun da eyni taleyi yaşayacağı gözlənilir. Bu isə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, özünü mələk kimi cəmiyyətə həzm etdirmək istəyən Hacıbala Abutalıbovun da “kürkünə birə salıb”.

Geri qayıt