Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Hər ay bağçaya 20 manat verirlər, evə ac qayıdırlar”
“Hər ay bağçaya 20 manat verirlər, evə ac qayıdırlar”23-11-2018, 16:02 |
“Dövlət tərəfindən bağçaya xeyli ərzaq verilir. Ancaq uşaqlar hər gün quru makaron yemək, sup içmək məcburiyyətindədir”. “Qafqazinfo”ya bu sözləri Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Nuridə Mirzəyeva deyib. Onun sözlərinə görə, yeməklərlə bağlı problemləri dilə gətirdiyi üçün işdən çıxarılıb: “Hər dəfə mən yeməklərlə bağlı şikayətləndikdən sonra 1 həftə nisbətən normal olur. Duru yağla sup bişirilir, üstündə də bitlər. O yeməyin iyindən, görünüşündən mən iyrənirəm, uşaqlar necə yesin. Valideynlər hər ay bağçaya 20 manat pul verir, ancaq uşaqlar evə acqarına qayıdır. Bu həftənin 3-cü günü yeməklərlə bağlı şikayətimi müdirə Aybəniz Hüseynovaya dedim. Bildirdim ki, bağçaya pendir, yağ, süd verilir. Amma indiyə kimi bu ərzaqlar uşaqların ağzına dəyməyib. Normal söhbətimiz oldu. Günorta halı pisləşdi, dedilər ki, davamız olduğu üçün belə olub. Axşam da bunu aktlaşdırıb, icraya şikayət edib. İcra nümayəndəsi gəlib, hamını dinlədi. Bildirildi ki, bizim davamız olmayıb. Nümayəndənin mənə son sözü bu oldu ki, icra başçısının əmri var, akt tərtib olunaraq işdən çıxarılıram. Mənə deyirlər, mətbəxə girməyə haqqın yoxdur. Bu, hansı qanunda var? Müəllimə kimi uşaqların haqqını tələb edirdim”. Bağçanın müdirəsi Aybəniz Hüseynova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında tərbiyəçinin dediklərinin yalan olduğunu bildirib: “Hamısı yalandır. Hər gün 11-in yarısı işə gəlirdi. Mənim bağçamda yemək söhbəti ola bilməz. Özü tədbirlər keçirir, valideynlərdən pul yığır. İşçilər arasında söhbət yaradır. Müdirənin tələblərinə əməl etmir. Dəfələrlə göz yumsam da, bu dəfə aidiyyatı orqanlara müraciət etmək məcburiyytində qaldım. Sabah uşaqlardan birinə bir şey olsa, mən cavabdehəm”. Geri qayıt |