Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Qaçqınkom"un rəhbər sarıdan bəxti niyə gətirmir...

"Qaçqınkom"un rəhbər sarıdan bəxti niyə gətirmir...


10-12-2018, 10:48
"Qaçqınkom"un rəhbər sarıdan bəxti niyə gətirmir...
Əli Həsənov Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən gedəndə, 1 milyon köçkün az qala bayram edirdi.
Amma onların sevinci çox çəkmədi. Deputatlığı dövründə varlığı ilə yoxluğu bilinməyən Rövşən Rzayevin komitəyə sədr gətirilməsi böyük bir matəmə səbəb oldu.
Apreldən bəri 7 aylıq fəaliyyəti dövründə bir köçkünün yanan barmağına su tökməyən R.Rzayevin işi-gücü Ə.Həsənovdan qalan kadrların yerinə özünküləri yerləşdirmək oldu.
Bu müddət ərzində “Qaçqınkom” sədri köklü şəkildə islahatlar həyata keçirmədi, qaçqınların yaralı yeri olan mənzil problemi ilə bağlı ciddi addımlar atmadı. Bir sözlə, onun komitəyə rəhbər gəlişi hələlik fiaskodur.

Deputat kimi seçkidən seçkiyə necə görünürdüsə…

Reportyor.info-nun verdiyi məlumata görə, onun sədr təyin olunar-olunmaz komitə qarşısında aksiya keçirilməsi bu fəaliyyətin ilk qaranquşu idi.
Sonra R.Rzayev “gözə kül üfürmək” naminə bir-iki yataqxanaya gdərək köçünlərlə görüşdü, vədlər verdi və deputat kimi seçkidən seçkiyə necə görünürdüsə, “Qaçqıkom” şefi postunda da qəhətə çıxdı.
Bu gün problemi olan köçkünlər onu “əldə çıraq gəzir”, davamlı qəbul-görüşlər keçirilmir, regionlarda yaşayan köçkünlərlə səyyar qəbullar təşkil etmir.
Məsələn, R.Rzayev Biləsuvarda cəbrayıllı, Gəncədə kəlbəcərli, Sumqayıtda zəngilanlı və s. işğal edilmiş bölgələrimizin yurd-yuvasız vətəndaşları ilə görüşə gedibmi? Onların sosial problemləri, yaşayış şəraiti ilə maraqlanıbmı?
Odur ki, “Qaçqınkom”a yeni sədr təyinatı yalnız fiqurant dəyişikliklə fərqləndi, sistematik olaraq hər hansı layihələr, işlər həyata keçirildiyi müşahidə olunmadı.
Bu azmış kimi, köçkünlərin yeni mənzillərlə təmin olunması, onların zəbt edtiyi vətəndaşlara məxsus mülkiyyətlərin sahiblərinə qaytarılması istiqamətində də işlər görülmür.
Məsələn, Məhərrəm Əliyev külfəti ilə illərdir ki, kirayələrdə yaşayır. Bu günə kimi dediyinə görə, 74 min manat kirayə pulu çıxıb. Yox, yox, o nə qaçqındır, nə də evsiz.
Sadəcə, 7 nəfərlik ailə üzvü ilə kirayələrdə yaşamağa məhkum edilib. Çünki halalca mülkiyyəti məcburi köçkün tərəfindən zəbt olunub və indiyə qədər çıxmayıblar.
Video müraciət edən M.Əliyevin yazmadığı orqan qalmayıb. Onun sözlərinə görə, təcili surətdə Rəhimova Gülnarə Elman qızının adına olan mənzil boşaldılmalıdır.

“Rövşən Rzayev deyir, buranın prezidenti mənəm”

Amma nə evinə girən qaçqın, nə də onların sosial hüquqlarının müdafiəsi ilə məşğul olan “Qaçqınkom” tədbir görür. M.Əliyev deyir ki, qaçqın həyatı yaşayan onun evini zəbt edənlər yox, faktiki özüdür.
Ən dəhşətlisi budur ki, özünü işgüzar, vətəndaşların qayğısına qalan biri kimi göstərən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev I vitse-prezident Mehriban Əliyevanın tapşırığını da saymır.
Mülkiyyət sahibi bildirir ki, cihad eləmək həddinə çatıb: “Allaha and olsun cihada qalxacam. Müracət etmədiyim yer qalmayıb. Elə bir qapı, elə bir nazirlik qalmayıb ki, şikayət etməyək. “Qaçqınkom” gəlib, deyib gözləyin, vəssalam.
29 dəfə komitənin qəbuluna getmişik. Axırda Mehriban xanım Əliyevanın qəbuluna yazılmışıq. Tək ümidimiz idi.
Sağ olsun, Məlahət xanım qəbul eləmişdi. Ordan dedilər ki, 15 günə məsələ həllini tapacaq, çətin iş deyil. 15 gün sonra məni “Qaçqınkom”a yönəltdilər.
Rövşən Rzayev dedi ki, hə, nə olsun sən Mehriban Əliyevanın yanından gəlmisən, nə olsun bizə ərizə yazıb göndərib, nə olsun səni ordan göndəriblər.
Buranın prezidenti mənəm. Yaxşı prezidentin təyin etdiyi məmur I vitse-prezident Mehriban Əliyevanın adından gələn ərizəni icra etmirsizsə, bəs kimə inanaq?”
Göründüyü kimi, komitə sədri gəldiyi gündən özünü arxitektura idarəsinin müdiri kimi aparır.
Oturub kabinetində, 1 milyon köçkünün problemi kənarda qalıb. Mediada hansısa müraciət yaxud şikayət olanda Ə.Həsənov ən azı araşdırmasına göstəriş verirdi.
Mətbuatda gəzən iddialara görə, R.Rzayevin ətrafında olan şəxslər köhnə ənənəyə sadiq qalaraq mənzillə təmin edilməli olan şəxsləri “açıq bazar”a dəvət edirlər.
İmkanı olanlar “haqqı” verib alır, olmayanlar da üz tutur ölkə başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ünvanına ki, onlara müvafiq köməklik göstərilsin.

Şuşalı şəhid ailəsi: “Rövşən Rzayev, Əli Həsənovdan fərqlənmirsiz”

Məsələn, oktyabrda Şuşa rayon sakini, şəhid ailə başçısı və məcburi köçkün Şükufə Abbasova komitə sədrinə müraciət etmişdi:
“Hörmətli Rövşən Rzayev, sizdən öncəki komitə sədri Əli Həsənova evlə təmin olunmağımla bağlı bəlkə də yüzlərlə məktub yazıb, müraciət etmişdim.
Hər bir müraciətin cavabı isə “hal hazırda komitənin balansında mənzil olmadığı üçün ailənizin mənzillə təmin edilməsinə köməklik göstərə bilmirik” olmuşdu.Hörmətli Rövşən Rzayev, siz sələfiniz Əli Həsənovdan heç də fərqlənmirsiniz”.
Bundna əlavə, Rövşən Rzayevə böyük ümidlər bəsləyən bir qrup məcburi köçkün maraqlı təklif irəli sürüb.
Onlar istəyir ki, komitədə yeni işə başlayan şəxslərdən ibarət komissiya yaradılsın və həmin komissiya üzvləri köçkün şəhərciklərində sakinlərlə görüş keçirsin.
Mənzil alarkən kim nə qədər pul veribsə, komissiyaya müraciət olunsun. Həmin pulların geri qaytarılacağına təminat verilərsə, hər kəs öz haqqını tələb edər.
Halbuki, prezidentin sərəncamı ilə təyin olunan R.Rzayevin bioqrafiyası və fəaliyyəti belə mülahizələrə səbəb olmuşdu ki, komitənin yeni sədri islahatçıdır, diqqətcildir, işləyəndir.
Axı prezident də belə tələb edir: xalqla işləyin, mənə şikayət gəlməsin. Haqlıdır!Məlum oldu ki, R.Rzayev komitə sədri vəzifəsində heç də köklü yeniliklər etmək niyyətində deyilmiş.

“Qaçqınkom” binasında intihara cəhd
Elə bu üzdən şikayətlərin sayı – hesabı yox, sosial şəbəkələr müraciətlərdən dolub – daşır, Ə.Həsənov zamanında heç vaxt olmadığı kuryoz hadisə, yəni “Qaçqınkom” binasında intihara cəhd və s. ilaxır.

Belə desək, keçmiş sədrin 20 il ərzində edə bilmədiklərini yeni komitə rəhbəri son aylarda artıqlaması ilə həyata keçirdi, hamının matı – qutu qurudu.
Yada salaq ki, Füzulidən məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu mənzil problemi ilə bağlı avqustun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd etmişdi.

Geri qayıt