Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..."

"3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..."


22-02-2019, 12:28
"3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..."
“Sağlamlıq imkanları məhdud olan övladımın əlavə xərcləri və alimenti ilə bağlı məhkəmənin 3 icra sənədi 15 ildir ki, Gəncənin icra orqanı rəisi Nizami Qocayev və onun üzərində nəzarətedici vəzifə daşıyan Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev tərəfindən icra edilmir”.

Bu sətirləri “Yeni Müsavat”a təqdim etdiyi şikayət məktubunda Bakı sakini Allahverdiyeva Sevil İsmayıl qızı yazıb.

Onun sözlərinə görə, qızı hipermobil sindromundan əziyyət çəkir, fiziki qüsurlu əlildir, ADA Universitetində təhsil alır. Amma təhsili, alimenti barədə qəbul olunan 3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir.

“Məhkəmələr atanı uşağın saxlanılmasında, böyüməsində, əlavə xərclərdə iştiraka cəlb ediblər. Prezident Administrasiyasının köməyi ilə ədliyyə naziri Fikrət Məmmədovun Ağstafada keçirilən qəbulunda oldum. Cənab nazir dinlədi və dedi ki, tezliklə məhkəmələrin qərarları icra olunacaq. Cənab Məmmədov nazirliyin Təşkilat-Nəzarət İdarəsinin rəisi Elçin Qasımova və İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə tapşırıqlar verdi. Amma nazirin tapşırıqlarına baxmayaraq, N.Mustafayev məni qəbul eləmir, qəbul otağının qarşısından iki polislə uzaqlaşdırır”, - deyə S.Allahverdiyeva məktubunda qeyd edib.

Ana bildirir ki, 4 aydır, nazirin göstərişi var, amma əməl olunmur: “Bu il yanvarın 11-də nazirliyin Təşkilat-Nəzarət İdarəsinin Kamil adlı əməkdaşı məni təcili çağırdı. Dedi ki, gəl izah et, icra sənədləri icra olunubmu? Məndən icra orqanının cavab məktublarını alıb, bildirdi ki, nazirə məruzə olunacaq, sən Nurəddin Mustafayevin qəbuluna get...

Qeyd edim ki, 15 ildir, aylıq davamlı ödənməli olan məbləğ 19 min manata yaxın müəyyən edilib. Yanvarın 24-də N.Mustafayevin qəbuluna getdim. Dedim ki, xüsusi qulluq tələb edən uşağı köməksiz qoyub, gəlmişəm. Məni saatlarla gözlətdi, sonra iki polislə oradan uzaqlaşdırdı.

Gəncə icra orqanının rəisi Nizami Qocayev mənə 19 min manat aliment borcunun yerinə 35 min manatlıq mənzil təklif edir. Həmin mənzildə başqa şəxslərin yaşayış hüququ mövcuddur. Əgər, mənzili əldə etsəm, həmin şəxslərin yaşayış hüququna xitam verilməsi üçün onlara kompensasiya təklif eləməliyəm. Nəticədə mən zərərçəkən tərəf olacağam.

Mənə başqa avtomobil təklif edirlər, amma yol polisi həmin maşını tapa bilmir. Borclu tərəf maşını gizlədir, amma məhkəmədə həmin avtomobilin həbsdən azad olunması barədə iddia verir. Məhkəmə isə təmin etmir”.

S.Allahverdiyeva əlavə edib ki, övladının səhhəti fəsadlaşıb, xəstəxanada yatır, vəziyyəti onun ADA Universitetində təhsil almasına mane olur: “Baş icra məmuru məhkəmə qərarlarını yerinə yetirmir ki, uşağı xaricdə müalicə etdirim, sonra təhsil ilə məşğul olum. Avropa Məhkəməsinin qərarı ilə Prezident Administrasiyası məni maddi və mənəvi zərərçəkmiş şəxs kimi tanıyıb, kompensasiyamı ödəyib. Lakin 3 məhkəmə qətnaməsi icra olunmur.

İcra orqanı icra etməsə də, haqqında qərarlar qəbul olunan övladım Respublika Fənn Olimpiadasının qalibidir, orta məktəbi qırmızı, fərqlənmə attestatıyla bitirib. Həmçinin, yüksək balla ADA Universitetinə daxil olub. ADA Universitetində də əla oxuduğu üçün fəxri fərmanla, sertifikatla mükafatlandırılıb”.

S.Allahverdiyevanın dedikləri ilə bağlı qarşı tərəf - uşağın atası Zahid Yaqubov qeyd etdi ki, keçmiş həyat yoldaşından Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna şikayət edib, Yasamal Rayon Məhkəməsində iddia qaldırıb: “Bu insan bilir ki, onun əməlləri araşdırılır, indi əl-ayağa düşüb şikayət edir. Mən prokurorluğa müraciət eləmişəm ki, Sevil Allahverdiyevanın uşağın guya talassemiya xəstəsi olması barədə saxta sənəd düzəltdirməsi araşdırılsın. Mən hər ay 900 manat “Kapitalbank”a aliment ödənişi edirəm. Harada görünüb ki, ayda 900 manat aliment ödəyəsən? Xahiş edirəm, gəlin Gəncədə icra şöbəsində araşdırın.
Sadəcə, əlavə aliment almaq üçün Bakıda 5 saylı xəstəxanaya gedib, orada uşağın talassemiya xəstəsi olması haqda saxta sənəd hazırladıb. Tibb adamları bilirlər ki, talassemiya gendən gələn xəstəlikdir.

Bu adam belə bir işə əl atıb. Mən 5 nömrəli xəstəxanadan soruşmuşam, nə ambulator müalicə keçib, nə də baş həkim qol çəkib. Orada doktor Edilya xanım var, ondan soruşa bilərsiniz. Biz sorğu vermişik və məlum olub ki, əlavə aliment almaq üçün saxta sənəd hazırlayıb. Sonra məhkəmələrə üz tutmuşuq, vəkil Əsabəli Mustafayev bu işlə tanışdır. Mən hər iki prokurorluqda iddia qaldırmışam ki, araşdırılsın. İndi bilir ki, həbs oluna bilər və əl-ayağa düşüb”.

Z.Yusifov 2006-cı ildən işsiz olduğunu, 2012-ci ildən bu günə kimi isə üst-üstə 30 min manata qədər aliment ödədiyini bildirdi: “Əvvəl 500 manat aliment kəsilmişdi, sonra 900 manat oldu. Mən hər ay bu pulu ödəyirəm. Harada 900 manat aliment verilir? Mənim evlərim həbsdədir, işsiz adamam. Guya uşaq xəstədir, saxta sənəd düzəltdirib. Biz məhkəmədə tələb edəcəyik ki, yenidən tibbi ekspertiza təyin olunsun, məsələ araşdırılsın”.

Gəncənin icra orqanı rəisi Nizami Qocayev isə musavat.com-a bildirib ki, S.Allahverdiyevanın işi nazirlikdə nəzarətdədir: “Mənim adımı ədalətsiz yerə hallandırır. Hər gün nazirlikdədir, şikayət edir. Onun alimenti yüksək səviyyədə ödənilir. Sadəcə, gündə bir məhkəmə qərarı çıxartdırır, gəlir. Onun şikayəti əsassızdır. Baş idarəyə müraciət edin, orda ətraflı izah edəcəklər”.

Geri qayıt