Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub
“Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub5-04-2019, 17:50 |
Azərbaycanda qeyri-neft sektorunun-xüsusilə kənd təsərrüfatının inkişafı məqsədilə son illərdə bir çox proqramlar qəbul edilib, iri layihələr reallaşdırılıb. Kənd təsərrüfatı sahəsində çalışanların əməyinin stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalar ayrılır, kreditlər verilir. Cənab Prezidentin xüsusi nəzarətində olan bu sahədə artıq ilkin uğurlar qazanılıb. Təəssüf ki, Şamaxıdan aldığımız şikayət məktubunda göstərilən faktlar bunun tamamilə əksini göstərir. Belə ki, Rubrika.az saytına müraciət edən Şamaxı şəhər C.Məmmədquluzadə küçəsində yaşayan Niftalıyev Babası Dünyamalı oğlu mülkiyyət hüquqlarının tapdalanmasından, əmlakı olan torpaq sahəsinin zorla əlindən alınmasından şikayətçidir. Şikayətçi bildirir ki, artıq 20 ildən çoxdur ki, onların istifadəsində olan torpaq sahələri saxta sənədlər hesabına “Sobsan Boya” şirkətinə satılıb və etdikləri şikayətlərə heç kim məhəl qoymur. Şəhriyar qəsəbəsi ərazisində yerləşən və kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi maraqlar müqabilində tamamilə saxta sənədlər hazırlamaqla qanuni istifadəçilərindən alınaraq “Sobsan Boya” şirkətinə verilib. İş o yerə çatıb ki, hətta vəfat edən şəxsin də adına saxta etibarnamə hazırlanıb və bu yolla torpaqların şirkətə verilməsi “qanuniləşdirilib”. Görünən odur ki, deyəsən Şamaxıda dövrümüzün yeni Şeyx Nəsrullaları peyda olub və ölən adamın adından etibarnamə alveri də edirlər. Özü də bu sənədi Rusiyadan gətirərək belə cinayətə imza atırlar. Şikayətçi bildirir ki, istifadələrində olan 15 ha torpaq sahəsindən uzun illərdir ki, kənd təsərrüfatı məqsədilə istifadə edirlər. Bu torpaqlar neçə-neçə ailənin dolanacaq mənbəyidir. Burada taxıl, meyvə ağacları əkilir, kənd təsərrüfatının inkişafı məqsədilə işlər görülür. Lakin, “Sobsan Boya” şirkəti sadə insanların dolanacaq yeri olan torpaqlarda süni göl yaradır, tikili inşa etdirmək üçün betontökmə işləri aparır. Yəqin ki, Şamaxıda kənd təsərrüfatı o qədər inkişaf edib ki, artıq əkinə yararlı torpaqlarda göl vurulur, ev tikilir. Dövlətin, Prezidentin kənd təsərrüfatına göstərdiyi diqqətə belə cavab verənlər də var! Rubrika.az saytına müraciət edən 83 yaşlı Niftalıyev Babası bildirir ki, istifadə etdikləri torpaqların onlara məxsus olduğunu sübut edən sənədləri olmasına baxmayaraq nədənsə vəfat edən şəxsin “etibarnaməsinə” daha çox etibar edirlər. Dirilərin torpaq hüququnu ölülərin əliylə pozanlara isə hələ ki, “dur” deyən yoxdur. Qəribəsi odur ki, “Sobsan Boya” şirkətinin əməkdaşları torpağın qanuni sahiblərinə hədə-qorxu gəlir, hətta özlərini “Mehriban xanımın adamları” kimi qələmə verirlər. Yəqin ki, onlar cənab Prezidentin, Mehriban xanımın Şamaxıya son səfərlərindən xəbərsizdirlər və onların hər zaman kimin yanında olduqlarını bilmirlər! “Sobsan Boya” şirkəti Şamaxıda rəngləri tündləşdirməklə çörəyi qara torpaqdan çıxan insanların gününü göy əskiyə büküb. Şikayətçi bildirir ki, şirkətin Cavid adlı əməkdaşı ilə dəfələrlə görüşüb, öz torpaq sahəsindən onlara kommunikasiya xətlərinin çəkilməsi üçün yer ayırıb. Lakin, şirkətin sahibləri ona yalançı vədlər verməklə sonda torpağına sahibləniblər. Rubrika.az saytına şikayət edən B.Niftalıyev bildirir ki, torpaq sahələrində min-bir əziyyətlə ağaclar əkiblər, onlara qulluq ediblər. Ancaq “Sobsan Boya” şirkəti onların əkdiyi ağacları çıxararaq yerində üzüm əkirlər. Və eyni zamanda həmin torpaqlarda qanunsuz, süni göl yaratmaqla bir daha Azərbaycan qanunlarını pozmuşlar. Nəzərinizə çatdırırıq ki, mövzu ilə bağlı şikayətçilər hətta Prezident Şamaxıda olduğu vaxt ona məktub təqdim edilmiş,lakin indiyə qədər heç bir cavab verilməmidir. Görünür üzüm suyuna olan sevgi dövlətin yaşıllıqlara, ekologiyaya olan münasibətinə güc gələndə belə olurmuş! Rubrika.az saytı vasitəsilə cənab Prezidentə müraciət edən B.Niftalıyev kömək istəyir: “Artıq ömrümün ixtiyar çağlarını yaşayıram. Amma bu yaşıma qədər üzləşmədiyim, şahidi olmadığım qanunsuzluqla, fırıldaqla üz-üzə qalmışam. Torpaqlarımızı əlimizdən alanlar, “Sobsan Boya” şirkəti Azərbaycan qanunlarına məhəl qoymurlar. Onların hazırladıqları bütün sənədlər qanunsuzdur-hətta vəfat edən şəxsin də adına etibarnamə hazırlayıblar. Lakin, bütün bunlara baxmayaraq biz bu gün öz halal torpağımızı əkib-becərə bilmirik. Cənab Prezident, siz hər zaman kəndlinin dayağı, himayədarı olmusunuz. Bizi öz doğma torpaqlarımızda əkin-biçinlə məşğul olmağa, halal çörəyimizi qazanmağa qoymayanlara meydan verməyin. Bizim ümüdümüz sizsiniz!” Geri qayıt |