Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bu məmurlar üçün yolun sonu göründü...

Bu məmurlar üçün yolun sonu göründü...


8-04-2019, 11:18
Bu məmurlar üçün yolun sonu göründü...
Ölkədə yanvardan başlayan köklü islahatlar paketinin davamı olaraq qarşıdakı aylarda səs-küylü istefalar olacağı gözlənilir. Reportyor.info-un əldə etdiyi məlumata görə, prezident sərəncamları ilə vəzifəsindən kənarlaşdırılacaq məmurlar siyahısında nazir və bir neçə icra başçılarının adlarının yer alacağı bildirilir.

Onlar prezidentin səbr kasasını daşıran, vaxtı yetişən məmurlardır ki, yola salınmalıdırlar. Ötən il Səlim Müslümov, Heydər Əsədov, Əli Həsənov, Firudin Nəbiyev, Fazil Məmmədov və xeyli sayda məmur, nazir vəzifəsi ilə vidalaşdılar. 2019-cu il də bu axımdan keçən ildən geri qalmayacaq və kadr islahatları daha dərindən həyata keçiriləcək.

Reportyor.info-ya daxil olan xəbərdə iddia edilir ki, yerli idarəetmə orqanlarında təmizləmələr kütləvi vüsət alacaq. Təkcə icra strukturlarının rəhbərləri deyil, aparat müdirləri, icra başçısı müavinləri də vəzifələrindən uzaqlaşdırılacaqlar.

Bu sistemin tədricən ləğvi, İH-lərin Asan Xidmətə çevrilməsi prosesi gedəcək. Onsuz da 30-a yaxn rayon dotasiyadan məhrum olunub. Prezident İH-lərin özlərini saxlamalı olduqlarını bəyan edib. Hətta vilayətlərin yaradılması, quberniya sisteminin gətirilməsi nəzərdən keçirilir.

Çünki icra başçıları yerlərdə heç bir işlə məşğul olmurlar. Onlar insanları incidirlər, dövlətdən narazı salırlar, hər ay bir rayonda məmur özbaşınalığına görə vətəndaşlar küçəyə çıxıb yol bağlayır, aksiya keçirir, məsuliyyəti hakimiyyətin üstündə qalır.

Məsələn, son dövrlərdə Ağcabədidə vətəndaşların aksiyası, icra başçısı Şahin Məmmədovla müavini Rövşən Əhmədovun ittiham edilməsi, Şəmkirdə 70 fəhlənin maaş kartını mənimsəyib hər ay cibinə qoyan məmurun həbsi və ona bu şəraiti yaradan icra başçısı Alimpaşa Məmmədovun narazılıq yaratması, həmçinin Bərdədən kütləvi şikayətlərin gəlməsi deməyə əsas verir ki, ən azı bu üç bölgənin rəhbərinin başı “kötük” üstündədir.

Lakin narazılığın miqyası cənub istiqamətinə qədər yönəlir: Lənkəranda Taleh Qaraşovdan şikayətlər heç də az deyil.

Prezident regionlarda və o cümlədən Bakının rayonlarında kiçik “padşah”ların hansı hoqqalardan çıxmalarının şahididir. Onlar kimsə əlahiddə səlahiyyət verməyib ki, istədikləri yerləri satsınlar, sahibkarları incitsinlər, yaşıllıqları məhv etsinlər, vətəndaşların müraciətlərini qulaqardı etsinlər.

Əldə etdiyimiz məlumatlardan biri ondan ibarətdir ki, İH-lərdə aparılacaq kadr islahatları çərçivəsində Göyçay icra başçısı Mehdi Səlimzadə, Qax icra hakimi Musa Şəkiliyev, İmişli şefi Vilyam Hacıyev də vəzifədə son aylarını keçirirlər.

Ucqar bölgələrdə də vəziyyət ürəkaçan deyil. Daşkəsən icra başçısı Əhəd Abıyevin, Lerikin “hökmdar”ı Rövşən Bağırovun fəaliyyətindən narazılıq pik həddə çatıb.

İlin sonuna qədər prezidentin kadr islahatları bütün respublikanı, nazirlik və İH-ləri əhatə edəcək, dövlət başçısının komandası etimad göstərdiyi, xalqla işləyən, islahatçı fiqurlardan təşəkkül tapacaq.

Çünki əksər icra hakimiyyəti orqanları, onların başçıları ölkədə gedən islahatlar kursuna zidd fəaliyyəti ilə diqqət çəkirlər. Yerlərdə belə icra başçıları narazılıq yaratmaqla etirazları özlərinə yox, hökumətə qarşı yönəltmiş olurlar.

Baxmayaraq ki, prezident icra başçılarını dəyişir, kadr islahatları aparır, yerdəyişmələr edilərək əyalətlərdəki narazılığın “buxarını” çıxarır, lakin rayonlardan şikayətlər gəlməkdə davam edir, məmur özbaşınalığından gileylənən vətəndaşlar prezidentə müraciətlər yazırlar.

Dövlət başçısı dəfələrlə icra başçılarına xəbərdarlıq edib, xalqla işləməyi tapşırıb, bahalı məclislər təşkil edən, övladları özlərini apara bilməyən məmurlara mesajlar verib, əhalini incidən icra hakimlərini cəzalandırıb, işdən azad edib. Ancaq rayonlardan şikayətlər gəlməkdədir.


Geri qayıt