Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qarabağ veteranları DGK ilə bağlı Prezidentə müraciət etdi
Qarabağ veteranları DGK ilə bağlı Prezidentə müraciət etdi1-05-2019, 15:04 |
Ölkə başçısı İlham Əliyev cənablarının iqtisadi, hüquqi sahədə həyata keçirdiyi ciddi islahatlara, inhisarçılığın aradan qaldırılması istiqamətində imazaladığı qərarlara baxmayaraq hələ də bəzi dövlət qurumları vətəndaşlara, iş adamlarına, sahibkarlara yersiz maneə yaratmaqda, qanunları pozmaqda, azad sahibkarlığa əngəl olmaqda davam edirlər. Belə dövlət qurumlarından biri, bəlkə də birincisi Dövlət Gömrük Komitəsidir. Obrazlı desək, ölkənin İQTİSADİ QAPI-sı olan bu qurum uzun illər sahibkarların, iş adamlarının üzünə BAĞLI olub. Daha dəqiq desık, bu QAPI-dan ancaq azsayda monopolistlər girib-çıxa biliblər. Bu isə ölkənin iqtisadi inkişafına zərbə vurub, ölkədə süni qiymət artımı yaradıb, iş adamlarını hakimiyyətdən narazı salıb. Yəni ölkə iqtisadiyyatı bir neçə məmur-oliqarxın əlində cəmləşib, yəni TƏKƏL-çilik. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev bütün çıxışlarında inhisarçılığa qarşı az qala savaş elan edib, azad bazar iqtisadiyyatının ölkəmizdə inkişafı üçün lazım olan bütün addımları atıb. Ancaq yenə də bəzi məmurlar köhnə, zərərli vərdişlərindən əl çəkmir, “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. Sözün qısası, cənab Prezidentin xoşməramlı qərarlarına baxmayaraq DGK sədri cənab Səfər Mehdiyev hələ də ölkənin İQTİSADİ QAPI-sını azad sahibkarlarının üzünə bağlamaqda, yeni monopoliya mexanizmləri yaratmaqda davam edir. Ona görə də hər gün mediada narazı sahibkarların müraciəti ilə qarşılaşırıq. Çox təəssüf ki, bu haqlı narazılıqların çoxu ölkə başçısına yetişmir. NUH.az DGK-nın sahibkarlara yaratdığı əsassız maneələrlə, qanunsuzluqlarla bağlı xeyli müddətdir ardıcıl olaraq yazılar dərc edir. İndi isə 3 ildir Gəncə şəhərində fəaliyyət göstərən, əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olan “Salehoğlu LTD” MMC şirkətinin direktoru, Qarabağ müharibəsi veteranı Cənnətov Tahir Saleh oğlunun və əsasən Qarabağ müharibəsi veteranlarından ibarət olan işçilərinin cənab Prezident İlham Əliyevə müraciətini dərc edirik. Müraciətdə qeyd olunur: “Cənab Prezidentimiz ! 2017-ci ildə təsis etdiyim şirkət əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğuldur. Özüm və şirkətimdə çalışan işçilər əsasən Qarabağ veteranıdır. 2017-18-ci illərdə bir neçə xarici şirkətə və yerli müəssisələrə istehsal etdiyimiz alüminium və qurğuşun külçələr, mis şpilkalar, latun çubuqlar istehsal edib satmışıq. 2019-cu ilin yanvar-mart aylarında da xidməti müqavilə əsasında digər müəssisələrin xammalını emal edib hazır məhsul istehsal etmişik. Bu şirkətlərdən biri də “Avista” kiçik müəssisəidir. “Avista” üçün bu ilin üç ayında latun çubuqlar istehsal edərək təhvil vermişik və məhsulumuzla bağlı heç bir xarici şirkətin iddiası olmayıb. Ancaq 22 aprel 2019-cu ildə Qərb Regional Gömrük İdarəsində, Gömrük Ekspertiza İdarəsinin, AMEA Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəz”inin rəyini almış 24 ton latun çubuğun rəsmiləşdirilməsinə problem yaradılır. Gömrük qurumları 24 ton latun çubuğu hazır məhsul kimi deyil, külçə kimi rəsmiləşdirməyi tələb edirlər. Cənab Prezidentimiz! Biz böyük vəsait sərf edib avadanlıqlar almışıq, istehsal sahəsi yaratmışıq, əsasən Qarabağ veteranlarından ibarət olan 25 nəfər işçiyə maaş veririk, ayda 12-13 min manat qaz sərfinə, 5 min manat işıq sərfinə, ildə 20 min manat sosial müdafiə fonduna, 80-100 min manat vergiyə pul ödəyirik. Bu boyda xərclərdən sonra biz istehsal etdiyimiz hazır məhsulu necə külçə kimi sənədləşdirə bilərik? Digər tərəfdən konteynerlərə yüklənmiş hazır məhsullarımız bizdən asılı olmayan səbəbdən Gömrük laboratoriyasında 3-4 gün gecikdirilir və hər bir konteyner üçün hər gün 150 dollar cərimə ödəməyə məcbur oluruq. Artqı cərimənin miqdarı 1000 dolları keçib. Bütün bunlar bizim şirkəti çətin duruma salır, sifarişçi şirkətlər bizdən narazı qalır, biz öz alıcı şirkətlərimizi itiririk. Belə halın davam etməsi şirkətimizin bağlanmasına və xeyli sayda Qarabağ veteranının iş yerini itirməsinə səbəb ola bilər. Cənab Prezidentimiz! Bizim ümid yerimiz Sizsiniz. Xahiş edirik DGK-nın bizə yaratdığı qanunsuz maneələrin, əngələrin aradan qaldırılmasına kömək edəsiniz. Bizim məqsədimiz Sizin buyurduğunuz kimi yeni iş yerləri açmaq, məhsul ixrac etmək, ölkəmizin iqtisadi inkişafına töhfə verməkdir. Dərin hörmətlə, 1. “Salehoğlu LTD” MMC şirkətinin direktoru, Qarabağ müharibəsi veteranı Cənnətov Tahir Saleh oğlu 2. Hacıyev Ələsgər Şamil oğlu –işçi 3. Bayramov Şahin Əli oğlu –işçi 4. Qulami Kamran Əmir oğlu –işçi Cəmi 18 nəfər P.S. Biz bir media qurumu olaraq DGK sədri cənab Səfər Mehdiyevə müraciət edirik: “ Cənab sədr! Möhtərəm Prezidentimizin iş adamlarına, biznesmenlərə açdığı QAPI-nı bağlamayın. Açın, ölkənin İQTİSADİ QAPI-sını insanların üzünə. Geri qayıt |