Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakının "nəfəsini" kəsən icra başçıları:

Bakının "nəfəsini" kəsən icra başçıları:


8-05-2019, 16:09
Bakının "nəfəsini" kəsən icra başçıları:
Bakıda “yaşıl soyqırım” davam edir. Mətbuatda, sosial şəbəkələrdə yayılan məlumata görə, icra hakimiyyətləri ilə anlaşan işbazlar yenə də “oksigen balonu” sayılan ağaclıqları məhv edirlər.

“Yaşıl soyqırım”a yol verdikləri üçün dəfələrlə müxtəlif ranqlı məmurların cəzalandırılmasına baxmayaraq, prosesin qarşısı hələ tam alınmayıb.

İlk olaraq Yasamal rayonu İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev bu prosesin “qurbanına” çevrildi. Sabiq icra başçısı qanunsuz olaraq tikintiyə icazə vermiş, nəticədə böyük bir yaşıllıq sahəsi məhv edilmişdi. Bunun ardınca ölkə başçısının sərəncamı ilə İbrahim Mehdiyev tuduğu vəzifədən azad edildi.

Bundan sonra daim tənqidlərin hədəfi olan Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov gündəmə gəldi. İlk olaraq Razim Məmmədovun yaxın qohumu olan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında saxlanıldı. O, rayonda aparılan qanunsuz tikililərə görə həbs olundu. Yaxın qohumunun ardınca Razim Məmmədov özü də icra başçısı postundan kənarlaşdırıldı. Hesab edilir ki, Razim Məmmədov da ağacların kəsilməsi hesabına qanunsuz tikililərə “yaşıl işıq” yandırdığı üçün tutduğu postu itirib.

Görünən odur ki, Razim Məmmədovdan sonra da Xətai rayonunda vəziyyət düzəlməyib. Belə ki, ötən gün Xətai rayonunun Məhəmməd Hadi küçəsində 99 ünvanında bir gecədə 130-dan çox ağacın kəsilməsi barədə məlumat yayıldı. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyi bu cür oldu:

“Keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, iki zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, səkkiz çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə Nazirlik tərəfindən “məcburi göstəriş” verilib”. Daha sonra isə Nazirliyin mətbuat xidməti məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edildiyi haqqında məlumat yaydı: “Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə açıq münasibət bildirməsi çox müsbət haldır. Bu, o anlama gəlir ki, qurum işləmək istəyir, amma buna imkan vermək isətməyənlər var. İlk növbədə diqqətdə icra hakimiyyətləridir ki, onların da öz əməllərinə görə adekvat cavab alması vacibdir. Hər halda görünən odur ki, bu günə qədər bir neçə icra başçısının məhz bu səbəbə görə ölkə başçısı tərəfindən cəzalandırılması bəzilərinə hələ də dərs olmayıb.
Cebhe.info

Geri qayıt